“2027-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. Hələlik söhbət təsdiqlənmiş büdcədən yox, ilkin proqnozdan gedir. Amma rəqəmlər gələn il dövlət maliyyəsində hansı istiqamətlərə daha çox, hansılara isə daha az vəsait ayrılmasının nəzərdə tutulduğunu görməyə imkan verir”.
“AzPolitika” xəbər verir ki, iqtisadşı Eldəniz Əmirov gələnilki büdcənin ilkin proqnozlarını təhlil edərkən bildirib.
Ekspert xatırladır ki, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 mlrd. manatdır. 2027-ci ildə bu rəqəmin 39,2 mlrd. manata çatması gözlənilir. Artım 625 mln. manat və ya 1,6% olacaq.
“Xərclər isə 41,7 mlrd. manatdan 42,4 mlrd. manata yüksəlir. Burada artım 696,4 mln. manat və ya 1,7% təşkil edir”, - o qeyd edib.
İqtisadçı qeyd edir ki, xərclər gəlirlərdən bir qədər sürətlə artır. Nəticədə büdcə kəsiri də 3,095 mlrd. manatdan 3,166 mlrd. manata yüksəlir. Artım 71,4 mln. manat və ya 2,3% olacaq.

Gələn il nələr dəyişək?
E.Əmirov gələnilki büdcə proqnozlarında xərclərin artırıldığı istiqamətləri qeyd edib: “Ən böyük artım iqtisadi fəaliyyət xərclərində gözlənilir. Bu istiqamətə ayrılan vəsait 7,86 mlrd. manatdan 8,89 mlrd. manata yüksəlir. Bir il ərzində artım 1,03 mlrd. manat və ya 13,2% deməkdir. Faktiki olaraq, 2027-ci ildə büdcə xərclərinin artımında əsas istiqamət iqtisadi fəaliyyət olacaq. Həm də bu istiqamət büdcədən ən çox vəsait ayrılan istiqamət olacaq.
İkinci ən çox vəsaitin ayrıldığı istiqamət isə müdafiə və milli təhlükəsizlik xərcləridir. Bu istiqamətdə xərclər təxminən 8,72 mlrd. manatdan 8,82 mlrd. manata yüksəlir. Artım təxminən 99 mln. manat və ya 1,1% olacaq.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 3,34 mlrd. manatdan 3,43 mlrd. manata yüksəlir. Artım təxminən 97 mln. manat və ya 2,9% təşkil edir. 2026-cı ildə bu istiqamət üzrə 3,336 mlrd. manat nəzərdə tutulmuşdu.
Təhsil xərcləri 5,02 mlrd. manatdan 5,10 mlrd. manata yüksəlir. Artım təxminən 82 mln. manat və ya 1,6% olacaq.
Səhiyyə xərclərində də artım var. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait 2,02 mlrd. manatdan 2,08 mlrd. manata yüksəlir. Artım təxminən 58 mln. manat və ya 2,9% təşkil edir. 2027-ci ildə səhiyyəyə icmal büdcə üzrə ümumilikdə 3,96 mlrd. manat nəzərdə tutulur.
Sosial müdafiə və sosial təminat xərcləri 4,87 mlrd. manatdan 4,92 mlrd. manata yüksəlir. Artım təxminən 43 mln. manat və ya 0,9% olacaq. Yəni nominal artım olsa da, əsas xərc istiqamətləri arasında ən aşağı artımlardan biri məhz sosial müdafiədədir.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti üzrə xərclər 632 mln. manatdan 645 mln. manata yüksəlir. Artım təxminən 13 mln. manat və ya 2,1% təşkil edir.
Mənzil və kommunal təsərrüfatı xərcləri demək olar ki, dəyişmir. 2026-cı ildə 334,5 mln. manat, 2027-ci ildə isə 335 mln. manat nəzərdə tutulur. Artım cəmi yarım mln. manat ətrafındadır.
Ətraf mühitin mühafizəsi xərcləri 415,8 mln. manatdan 438,7 mln. manata yüksəlir. Artım təxminən 23 mln. manat və ya 5,5% olacaq.
Kənd təsərrüfatına ayrılan vəsait miqdar ifadəsində böyük olmasa da, amma ikinci ciddi artım (faiz ölçüsündə) məhz bu istiqamətdədir. Belə ki, artım 12,5% təşkil edir. Başqa sözlə, 2026-cı ildə bu sahəyə 1,23 mlrd. manat ayrıldığı halda, 2027-ci ildə məbləğ 1,38 mlrd. manata yüksələcək. Yəni artım təxminən 153 mln. manat və ya 12,5% təşkil edir”.

E.Əmirov vurğulayır ki, gələnilki büdcə proqnozlarında xərclərin azaldıldığı istiqamətlər də var:
“Bunlardan biri ümumi dövlət xidmətləri üzrədir. Burada vəsait 5,52 mlrd. manatdan 5,51 mlrd. manata enir. Azalma təxminən 12 mln. manatdır. Bu isə -0.2% deməkdir.
Ən böyük azalma isə əsas bölmələrə aid edilməyən xərclərdədir. Bu istiqamətdə məbləğ 1,75 mlrd. manatdan 857,6 mln. manata düşür. Fərq təxminən 895 mln. manat və ya 51% təşkil edir”.
İqtisadçı gəlirlərin strukturunda da maraqlı dəyişiklik olduğunu qeyd edir: “2026-cı ildə dövlət büdcəsi gəlirlərinin 42,6%-i neft-qaz, 57,4%-i qeyri-neft-qaz sektorunun payına düşür. 2027-ci ildə neft-qaz sektorunun payının 39,5%-ə düşməsi, qeyri-neft-qaz sektorunun payının isə 60,5%-ə yüksəlməsi gözlənilir. Başqa sözlə, qeyri-neft-qaz gəlirlərinin büdcədə xüsusi çəkisi 3,1 faiz bəndi artır.
Bunun əsas səbəblərindən biri vergi daxilolmalarındakı artımdır. Belə ki, Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 16,91 mlrd. manatdan 18,43 mlrd. manata yüksəlməlidir. Artım 1,52 mlrd. manat və ya 9% təşkil edir. Bunun 14,85 mlrd. manatının qeyri-neft-qaz sektorundan, 3,58 mlrd. manatının isə neft-qaz sektorundan daxil olması gözlənilir.
Gömrük daxilolmalarında isə, demək olar ki, artım yoxdur. 6,862 mlrd. manatdan 6,865 mlrd. manata yüksəlməsi nəzərdə tutulur. Fərq cəmi 3 mln. manatdır.
2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11,9 mlrd. manat transfert, dövlət payı olan müəssisələrdən 855 mln. manat dividend, büdcə təşkilatlarının büdcədənkənar fəaliyyətindən 599 mln. manat, digər mənbələrdən isə 585 mln. manat gəlir nəzərdə tutulur”.
Ekspert vurğulayır ki, xərclərin strukturuna baxdıqda isə 42,4 mlrd. manatlıq büdcənin 26,4 mlrd. manatı cari xərclərə, 13,8 mlrd. manatı əsaslı xərclərə, 2,2 mlrd. manatı dövlət borcuna və öhdəliklərə xidmətə yönəldiləcək. Bunların büdcədə payı müvafiq olaraq 62,3%, 32,5% və 5,2% olacaq.
E.Əmirov vurğulayıb ki, 2027-ci ilin ilkin büdcə göstəricilərində ümumi gəlir və xərclərin kəskin artımı nəzərdə tutulmur. Əsas dəyişiklik büdcənin daxilində vəsaitlərin bölgüsündə görünür: “Ən çox artım iqtisadi fəaliyyət və kənd təsərrüfatında, ən böyük azalma isə əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulur. Eyni zamanda, büdcə gəlirlərində qeyri-neft-qaz sektorunun payı artır, neft-qaz sektorunun payı azalır. Yəni 2027-ci ilin ilkin büdcəsini bir cümlə ilə ifadə etsək, büdcə çox böyümür, amma onun daxilində resursların bölgüsü nəzərəçarpacaq şəkildə dəyişir”.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər