Türkiyənin ifrat inertliyi heç başa düşülən deyil!
Qondarma «erməni genosidi» ətrafında cərəyan edənlər açıq-aydın göstərir ki, ABŞ və müttəfiqlərinin Türkiyəyə yönəlik siyasətində kardinal dəyişiklik baş verir. Daha dəqiq desək, Türkiyəyə qarşı Qərbin hazırlamış olduğu sui-qəsdin təzahürləri artıq özünü büruzə verməkdədir. Belə deməyə yetərincə əsas var.
Məsələnin mahiyyəti ondadır ki, uydurma «erməni genosidi» təhdidi yeni bir şey deyil - ermənilər 100 ildir ki, genosid deyib, ulaşırlar. Amma bu yaxınlara qədər ABŞ-ın və Avropanın aparıcı dövlətlərinin erməniyə «köməyi» ara-sıra toxtaqlıq verməkdən o yana keçmirdi. Həm də bu «toxtaqlıq»ın özü də Qərb dövlətlərinin əlində bir siyasi-psixoloji spekulyasiya vasitəsi rolunu oynayırdı. Məsələn, epizodik olaraq bəzi Qərb siyasətçilərinin və dövlətlərinin ritorikasında «erməni genosidi» uydurmasının yer alması ya dünya erməni diasporuna xoş gəlmək (müəyyən umacaq müqabilində) məqsədi daşıyırdı, ya da Türkiyəyə yönəlik psixoloji təzyiq rıçaqı rolunu oynayırdı.
Bu mövzu ətrafında son bir neçə ayda baş verənlərin mahiyyəti və sürəti vəziyyətin «müəmmalı şəkildə» dəyişdiyini ortaya qoyur. Müşahidə və təhlillər göstərir ki, məsələyə yönəlik, ABŞ başda olmaqla Qərb dövlətlərinin, dünya katoliklərinin «mənəvi paytaxtı» rolunu oynayan Vatikanın və beynəlxalq sionizmin münasibəti əsaslı şəkildə dəyişib (Bu günlərdə Avropa ravvinlər konqresi rəhbərlərinin Vatikana səfərini və Papa Fransiski ilə baş tutan görüşünü yada sal). Belə olmasaydı, ABŞ-ın nümayiş etdirdiyi susqunluq fonunda son bir neçə gün ərzində Avropa dövlətlərinin və Vatikanın (Papa səltənətinin) məsələyə yönəlik bir-birinin ardınca sərgilədiyi çalışmalar sadəcə, mümkün olmazdı. Fəqət, mümkün olub və Türkiyəyə qarşı həyata keçirilən sui-qəsd çılpaqlığı ilə göz önündədir. Belədə məntiqi sual yaranır: Avropanin siyasi səhnəsində nə baş verir, ABŞ-ın qlobal siyasətində nə dəyişib?

SSRİ-nin süqutu ilə soyuq müharibənin başa çatması onsuz da ABŞ-ın gözündə Türkiyənin önəmini demək olar, heçə endirmişdi. Ötən müddət ərzində ABŞ-ın Türkiyədən addım-addım uzaqlaşdığı müşahidə olunurdu. Türkiyəyə qarşı kürd amilinin tam gücü ilə işə salınması, bölgədə kürdlərin hərtərəfli dəstək alması, elan olunmamış «İsrail-kürd» ittifaqının meydana çıxması və s. bu tendensiyanı xeyli görünən edirdi. Son bir neçə ildə Türkiyə ilə İsrail arasında münasibətlərin xeyli pisləşməsi isə bu prosesin əsas göstəricilərindən bir sayıla bilər.
Bütün bunların fonunda son bir neçə ildə Türkiyədə baş verənlər də diqqəti çəkir. Bu sıradan, Türkiyənin prezidentlik üsul-idarəsinə keçməsi istiqamətində çalışmaları xeyli maraqlı görünür. Yaranışdan parlament respublikası kimi kifayət qədər çevik-uğurlu fəaliyyət göstərən bu dövlətdə parlament idarəçiliyindən vaz keçilməsinə axı nə ehtiyac var? İndiki həssas məqamda, böyük dövlətlərin yeni dünya düzəninə doğru sürətlə irəlilədiyi bir vaxtda, Türkiyə kimi bir dövlətin idarəçiliyini bir nəfərin iradəsinə tabe etdirmək hansı məqsədlərə xidmət edə bilər? Ən yaxşı halda, taleyüklü məsələlərin həllində böyük bir məclis (TBMM) ilə müqayisədə bir nəfərin (prezidentin) səhvə yol vermək ehtimalı daha yüksək olmalıdır axı. Hər necədirsə, görünən odur ki, «erməni genosidi» məsələsində Qərb dövlətləri Türkiyəni sanki, qəflətən yaxaladılar! Bu da birbaşa və dolayısı ilə Türkiyə dövlətinin son dövrlərə qədər dünyada öz çəkisi ilə seçilən xarici siyasətinin ciddi şəkildə axsamasından xəbər verir.

Dəfələrlə məqalələrimdə qeyd etmişəm ki, erməni məsələsində həm Türkiyənin, həm də Azərbaycanın fəaliyyəti reakitivliyi ilə diqqəti cəlb edir. Hesab edirəm ki, məğlubiyyətlərimizin əsas səbəbini məhz bu «probel»də axtarmaq lazımdır.
Qondarma «erməni genosidi» predmeti ətrafında gedən mübarizədə Türkiyə rəhbərliyinin heç başa düşülməyən, bəzi hallarda isə yansaq-təslimçi davranışı tənqiddən kənarda qala bilməz. Məsələn, Türkiyənin sabiq prezidenti Abdulla Gül İrəvana futbola baxmağa gedəndə, erməni xarici siyasət armadası bütün diqqətini soyqırım məsələsinə yönəltmişdi və bu istiqamətdə dünya gücləri ilə davamlı danışıqlar ararır, mümkün olan hər cür üsul-vasitədən istifadə edirdi. Axı «erməni genosidi»nin 100 iliik yubileyinə hazırlıq işlərinin görülməsi məqsədilə Ermənistan dövləti bundan xeyli əvvəl bir təşkilat komitəsi yaratmışdı. Məgər Türkiyənin bundan xəbəri yox idi? Türkiyə də belə bir qurum yarada bilməzdimi? Ümumiyyətlə, son günlərin prosesləri göstərir ki, bu istiqamətdə Türkiyənin xarici siyasəti sanki «qış yuxusu»na gedibmiş!

İndi anlamaq olmur: Avropa İnsan Haqları Məhkəməsi (AİHM) belə bir qərar çıxardığı vaxtda, necə olur ki, Avropa Parlamenti (AP) həmin qərarın əleyhinə gedir və «erməni genosidi»ni tanıyan qərar çıxarır?! Yaxud, AİHM-nin çıxardığı bu qərardan sonrakı müddətdə dünyada və ya Avropada nə dəyişib ki? Bəlkə, AP artıq AİHM-ni tanımır, BMT-ni ümumiyyətlə, hesaba almır?
Amma yox, görünür nələrsə dəyişib, özü də əsaslı şəkildə. Heç şübhəsiz, dəyişən ABŞ-ın Türkiyəyə yönəlik siyasətidir. Yaşar Yakışın dediyi kimi, bu gün Türkiyə ABŞ-a yalnız coğrafi movqeyinə görə önəmlidir, vəssalam!
Aydındır ki, ABŞ-ın və müttəfiqlərinin sərgilədiyi «yeni siyasət» bir sıra amillərdən qaynaqlanır. Həmin amillərin sırasında Qərb dünyasının maliyyə-iqtisadi durumu mühüm yer tutur. Təxminən, 2 ay bundan əvvəl elə “AzPolitika”da dərc edilmiş «Böyük müharibəyə hazırlıq gedir» başlıqlı məqaləmdə göstərmişdim ki, ABŞ-ı və müttəfiqlərini Üçüncü dünya müharibəsinə aparan əsas səbəb bu ölkələrin astronomik həddə çatmış xarici borc öhdəlikləridir.

İndi isə gəlin diqqət yetirək - Avropa ölkələri, Avropa Parlamenti astronomik həddə çatmış xarici borcunu qaytarmaq barədə düşünməkdənsə, erməniyə «genosid ağısı» demək qərarı verib! Əcəba, nə üçün?
Maraqlı bir məqama da diqqət yönəltmək isitəyirəm. Aprelin 16-da yerli KİV-lər maraqlı bir məlumat yaydılar. Məlumatda deyilirdi: «Danimarka hökuməti paytaxt Kopenhagendə qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldacaq. Bu planın 10 gün ərzində icra olunacağı gözlənilir... Rəsmi Ankara bildirib ki, Kopenhagenin mərkəzində belə bir abidənin ucaldılması Danimarkada yaşayan türklərə qarşı böyük təhqirdir. Lakin Danimarka rəhbərliyi Türkiyəyə krallığın daxili işlərinə qarışmamağı məsləhət görüb...».
Danimarka hökumətinin bu qərarı anlaşılmaz olduğu qədər də diqqətçəkəndir və bir sıra suallar doğurur. Məsələn, düşündürür - bu ölkənin özgə dərdi-səri yoxdurmu ki, vaxtını öldürmək məqsədilə «erməniyə soyqırım heykəli» yapmağa girişib! İndi isə bir qədər yuxarıya diqqət yetirin - o zaman borclular siyahısında Danimarkanın «mübarək adı»nı görəcəksiniz. Əcəba, bu ölkə niyə borcunu qaytarmaq barədə düşünmür! Əvəzində, dilənib-dolanıb, borc götürdüyü milyardların (dollar) cüzi bir hissəsi ilə «əzabkeş erməni»yə xeyriyyəçilik xidməti göstərir?! Cavab birmənalıdır - Danimarka da o biri «dələduzlar» kimi borcunu qaytarmaq fikrində deyil...
Bir neçə gün əvvəl Almaniya bundestaqının da «erməni soyqırımı»nı tanımağa hazırlaşdığı barədə məlumat yayıldı. Diqqətçəkəndir ki, indiyə qədər Türkiyə ilə münasibətləri korlamamaq üçün Almaniya hökuməti «erməni soyqırımı» ulaşmasından yan keçirdi. İndi isə yuxarıdakı borclular siyahısına baxın - Almaniya da burada yer alıb! Bu mənada, Almaniyanın da mövqe dəyişikliyi anlaşılandır...
Fəqət, Türkiyənin mövqeyi - ifrat inertliyi isə heç başa düşülən deyil!
Mirzə AĞ
AzPolitika.info


Şərhlər