Menu

Gürcüstanın müdafiə naziri qadın olacaq

01.05.2015, 16:27
Gürcüstanın müdafiə naziri qadın olacaq

Bu posta spikerin həyat yoldaşı Tina Xidaşelinin namizədliyi irəli sürülüb

Xəbər verilir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin yeni tərkibini təqdim edib. Bu zaman o, ölkənin müdafiə naziri postuna parlamentin Avropaya inteqrasiya işləri üzrə komitəsinin rəhbəri Tina Xidaşelinin namizədliyini təklif edib. Təsdiq olunacağı təqdirdə, T.Xidaşeli nazirliyə başçılıq edəcək ilk qadın nazir olacaq («Qruziya Online»).

Ətraf mühitin mühafizəsi naziri postuna deputat Qiqla Aqulaşvilinin, idman və gənclər naziri postuna Iberia Business Group avtomobil holdinqinin prezidenti Tariyel Xeçikaşvilinin namizədliyi irəli sürülüb. Kabinetin qalan üzvləri öz postlarını saxlayıblar.

«Novosti Qruziya» xəbər verir ki, namzədlərin siyahısı parlamentə göndərilmək üçün prezident Qeorgi Marqvelaşviliyə təqdim olunub. Xəbərdə o da deyilir ki, baş nazir proseduru tezləşdirməyi prezidentdən və parlamentdən xahiş edib.

Buna baxmayaraq, Marqvelaşvili təqdim olunmuş siyahını imzalamayıb. Prezident deyib ki, bununla həm baş nazirə, həm də parlamentə siyahı ətrafında «daha sakit şəraitdə» məsləhətləşmələr aprarmaq üçün vaxt verib. Bununla da prezident konstitusiya ilə ona verilmiş huquqdan istifadə etdiyini dilə gətirib.

Parlamentdən isə bildiriblər ki, prezidentin qərarına hörmətlə yanaşılır. Bu barədə parlamentin spikeri David Usupaşvili belə deyib: «Biz, bütün proseduru iki gün ərzində həyata keçirməyə və tezləşdirilmiş rejimdə hökumətin yeni tərkibini təsdiq etməyə hazır idik. İndi isə bu, mümkün olmayan hala gəlib. Odur ki, qanunla prezidentin səlahiyyətlərinə aid edilmiş bir həftəlik müddətin keçməsini gözləməli olacağıq...».

Qeyd edək ki, yeni siyahıda müdafiə naziri postuna namizədliyi verilmiş Tina Xidaşeli parlamentin spikeri David Usupaşvilinin arvadıdır.

Bundan əvvəl, mayın 1-də məlum olub ki, baş nazir müdafiə naziri Mindi Canelidzeni tutduğu vəzifədən azad etmək barədə əmr imzalayıb. M. Canelidze 2014-cü ilin noyabrından bu vəzifədə çalışırdı. Onun əvvəlki postuna - Böhranların idarə olunması və dövlət təhlükəsizliyi Şurasının katibi vəzifəsinə qayıdacağı bildirilir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol