Menu

Yolumuz Tanrı yolu, Andımız Tanrı andı

05.05.2015, 13:24
Yolumuz Tanrı yolu, Andımız Tanrı andı

(3 may Türkçülük Gününə sevgi dolu sayqılarla)

Nurəddin İSMAYIL

Arkadaşım, can qardaşım,

dinlə məni…

Biz bir yol gəlirik,

min il əvvəl Tanrı dağdan

başlayan.

Min il əvvəl Tanrı adın

uca tutub,

haqsızlığı, yolsuzluğu

boşlayan.

Yol gəlirik,

xeyli zamandır,

Yolumuz Tanrı yolu,

Andımız Tanrı andı.

***

Biz bir yol gəlirik,

qaranlıqdan işıqlığa

yolumuzu açan

mavi gözlü qurd izi ilə.

Üzü Altaydan bəri

yovşan bitən qumsalları,

çölləri,

hər tərəfə ətir saçan,

bozqırların izi ilə.

Yol gəlirik,

xeyli zamandır,

Yolumuz Tanrı yolu,

Andımız Tanrı andı.

***

Arkadaşım, can qardaşım,

dinlə məni...

Biz budaq-budaq

olmamışdan,

gülzarını xəzan hələ

vurmamışdan,

hələ özbək, qırğız, tatar,

hələ oğuz, türkmən, qazax,

hələ kərkük, hələ qıpçaq,

hələ başqır, qaraqalpaq

olmamışdan,

bir ocaqdan közün alan

hamımız bir qövm,

bir kök idik biz.

Dünyanın harasında olsaq,

tarixlərə izin salan

türk oğlu türk idik biz.

***

Arkadaşım, can qardaşım,

dinlə məni...

Türk olmaq bizim Tanrı payımız,

Tanrıdan gəldi dünyaya səs salan

harayımız, hayımız.

Doğusundan batısına

halay vurub

kəhər atlar çapdıran,

ədalətin yer üzündə

sarsılmayan qalasını yapdıran,

min il əvvəl gələnlərin yoludur,

gəlirik xeyli zamandır,

Yolumuz Tanrı yolu,

Andımız Tanrı andı.

***

Arkadaşım, can qardaşım,

dinlə məni...

Biz bir idik,

min budağa haçalandıq.

Dərs almadıq tarixindən,

bölündük neçə yerə,

hər dəfə yenidən bir də,

bir də parçalandıq.

Canım türküm,

Can candan bu qədər

ayrı olmaz ki heç.

Bitməzsə ayrılıqlar,

Türküstanım, Turan elim

olmaz ki heç.

Sal qolların boynuma,

olum canın qurbanı.

Dur ayağa əfəndim,

yetişdi artıq Türkün zamanı.

Bu yol haqqın yoludur,

gəlirik xeyli zamandır.

Yolumuz Tanrı yolu,

Andımız Tanrı andı.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol