Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Üzeyir Məmmədliyə ifadə vermək təklif olunub. Lakin o, hazırkı mərhələdə ifadə vermək istəmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Bildirilib ki, Ü. Məmmədli ibtidai istintaq zamanı bir dəfə şahid qismində ifadə verib. İki dəfə isə ona təqsirləndirilən şəxs qismində ifadə vermək təklif olunsa da, imtina edib. Daha sonra məhkəmə iştirakçılarının suallarını cavablandıran Ü. Məmmədli “Nida” Vətəndaş Hərəkatının üzvü olduğunu, hərəkatın demokratik cəmiyyət və dinc mübarizənin tərəfdarı olduğunu, hər hansı aksiyanın təşkilatçısı olmadığını, əsgər ölümlərinə etirazla bağlı keçirilən aksiyada bir vətəndaş kimi iştirak etdiyini deyib. Məhkəmədə iştirak edən ölən əsgər Elxan Əzizovun atası Bəyalı Əzizov isə bildirib ki, həbs olunan şəxslərin heç bir günahı yoxdur: “Əgər lazımdırsa bizi həbs edin. Bu uşaqlar əsgər ölümlərinə qarşı mübarizə aparıblar”. Hakim isə ona xəbərdarlıq edərək bildirib ki, məhkəmədə icazəsi danışmaq və qaydaları pozmaq olmaz.

Proses yanvarın 8-də davam etdiriləcək.