Səhifə yenilənir, ən son məlumatlar yazının əvvəlindədir.
Son məlumata görə, bu gün Bakının Binəqədi rayonu ərazisində yerləşən yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. “Report” 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə istinadən xəbər verir ki, hadisə nəticəsində daha bir qadın dünyasını dəyişib.Məlumata görə, bu, 1947-ci il təvəllüdlü Yahyayeva Elmiradır.
Qeyd edək ki, bu gün səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib.
Səhiyyə Nazirliyi açıqlama vermişdi ki, yanğın zamanı 14 nəfər ölüb, 54 nəfər isə yaralanıb. Artıq ölənlərin sayı 15 nəfərə çatıb.
Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə yüksəlib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 65 nəfər xəsarət alıb, onlardan 30-u xəstəxanaya yerləşdirilib. 10 nəfərə yerində yardım göstərilib.
* * *
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar son məlumatlar açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölənlərin sayı 15-ə çatıb
Ölü sayının artacağı gözlənilir
* * *
Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin 13 nəfərə yüksəlib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinən rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb, onlardan 30-u xəstəxanaya yerləşdirilib.
* * *
Bakıda baş verən binada yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 43 nəfər xəsarət alıb.
43 nəfərdən 24-ü xəstəxanadadır, 9 nəfərə yerində yardım göstərilib.
* * *
Azərbaycan paytaxtında binada baş verən yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir. Ölənlərdən biri özünü binadan atıb, 2 nəfər isə tüstüdən boğulub. Boğulanların hər ikisi azyaşlıdır.
Onun sözlərinə görə, hadisə nəticəsində 20 nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfərə isə yerində yardım edilib.
* * *
Azərbaycan paytaxtında yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda binada güclü tüstülənmə var. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
* * *
Jurnalist Sevinc Fədai və körpə övladı Binəqədi rayonunda yanan çöxmərtəbəli binada qalıb. Jurnalist axar.az-ın əməkdaşı ilə danışıb: “Uşaqla birlikdə evdəyik. Anam da bizimlədir. Hələ ki, heç kim yoxdur. Evdə yanğın yoxdur. Tüstü vurur. Çıxmaq olmur burdan. Heç kim binaya daxil ola bilmir”.
Jurnalist Sevinc Fədai FHN əməkdaşları tərəfindən xilas edilib. Lent.az-ın məlumatına görə, jurnalist, körpəsi və evdə onlarla birgə olan anası nazirliyin xilasediciləri tərəfindən yanan binadan çıxarılıb. Onların səhhətlərinin normal olduğu bildirilir.
* * *
Hadisəyə binanın üzlüyünün keyfiyyətsiz olması səbəb olub
Baş prokuror Zakir Qaralov hadisə yerində jurnalistlərə açıqlama verib. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, baş prokuror bildirib ki, yanğın nəticəsində 4 nəfər ölüb, 14 nəfər isə müxtəlif formalı xəsarətlər alıb. Hadisə yerinə cəlb olunmuş FHN-nin yanğınsöndürənlərindən bir neçəsi isə tüstüdən zəhərlənib.
Z.Qaralovun sözlərinə görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı birgə istintaq qrupu yaradıb və müstəntiqlər artıq araşdırmaya başlayıb. Baş prokuror deyib ki, ilkin ehtimallara görə yanğının baş verməsinə binaya çəkilmiş üzlük materialının keyfiyyətsiz olması səbəb olub. Onun sözlərinə görə, artıq binanın üzlənməsi ilə bağlı bütün təhvil-təslim sənədləri istintaq qrupu tərəfindən götürülüb.



* * *
Azərbaycanın daxili işlər naziri və baş prokuroru da Bakıda yanğın baş verən əraziyə gəlib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və baş prokurorun müavini Rüstəm Usubov yanğın baş verən ərazidədir.
* * *
Azərbaycan fövqəladə hallar və daxili işlər nazirlərinin müavinləri Bakıda yanğın baş verən əraziyə gedib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və daxili işlər nazirinin müavini Oruc Zalov yanğın baş verən ərazidədir.
* * *
Bakıda binada yanğın baş verməsi nəticəsində iki nəfər ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır.
Azyaşlı tüstüdən boğularaq ölüb.
Ölənlərin kimliyi dəqiqləşdirilir. Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.
* * *
Azərbaycan paytaxtında 16 mərtəbəli binada baş verən yanğın davam edir. APA-nın məlumatına görə, hadisə yerinə helikopter cəlb olunub.
* * *
İndiyə qədər yanğından zərər çəkmiş 15 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib
Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı əraziyə 30 təcili yardım briqadası cəlb olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, indiyə qədər yanğından zərər çəkmiş 15 nəfər ərazidən götürülərək müxtəlif xəstəxanalara yerləşdirilib.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı tədbirlərin görülməsi üçün Kliniki Tibbi Mərkəzə, Travmatologiya İnstitutuna və Respublika Yanıq Mərkəzində xüsusi tapşırıqlar verilib.
Bildirilib ki, bir nəfərin qorxudan özünü binadan atdığı ehtimal olunur. Hazırda bununla bağlı məlumat dəqiqləşdirilir.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
* * *
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, "Azadlıq" prospektində yerləşən binada baş verən yanğın nəticəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Şövkət Məmmədova küçəsindən istifadə etmələri tövsiyə olunur.
* * *
Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanda yerləşən 16 mərtəbli binada baş verən yanğın zamanı müxtəlif dərəcəli xəsarət alanların sayı həddindən artıq çoxdur.
Bu barədə Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.
Məlumat verilib ki, müraciətlə həddindən artıq çox olduğundan çatdırmaq mümkün olmur. Hazırda təcili tibbi yardım maşınları ilə onlarla insan xəstəxanalara çatdırılırlar. Müraciət edənlərin çoxu tüstüdən zəhərlənmə ilə bağlıdır.
Hazırda çox sayda yanğınsöndürən və xilasedici dəstələr hadisə yerində çalışır, insanlar təxliyyə olunurlar.
* * *
Bakıda baş verən dəhşətli yanğın zamanı bir neçə nəfər özünü binadan atıb.
Bu barədə məlumatı ANS PRESS-ə hadisə şahidləri veriblər.
Şahidlərin sözlərinə görə, yanan binada qalan sakinlərdən iki nəfər özünü aşağı atıb.Onlardan biri orta yaşlı kişi, digəri isə gənc oğlandır.
Hadisə zamanı çoxsayda yaralananların da olduğu bildirilir.
Qafqazinfo-nun hadisə yerində olan əməkdaşı 16 mərtəbəli binada baş verən yanğın zamanı bir kişinin özünü səkkizinci mərtəbədən ataraq öldüyünü bildirib. Ehtimal ki, şahidlərin ANS PRESS-ə verdikləri məlumatda sözügedən kişi həmin şəxsdir. Qeyd edək ki, həmin şəxsin ailəsi hələ binadan çıxarılmayıb.

* * *
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib
Bakıda çoxmərtəbəli bina yanır. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında yerləşir. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Məlumata görə, binanın üzlüyü alışıb. Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev Lent.az-a açıqlamasında deyib ki, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib.
Hələlik zərərçəkənlər barədə məlumat yoxdur.
Böyütmək üçün şəkillərə klikləyin
[gallery columns="4" link="file" ids="120387,120388,120389,120390,120391,120392,120393,120394,120395,120396,120397,120398,120454,120453,120452,120451,120450,120449,120448,120447"]


Şərhlər