Ermənistanın ikinci prezidenti Robert Köçəryan Serj Sərkisyan iqtidarını sərt sözlərlə tənqid edib. musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Köçəryan müsahibəsində ölkədəki sosial-iqtisadi durumun, vətəndaşların dövlətə və gələcəyə inamının acınacaqlı səviyyədə olduğunu söyləyib.

Məsələn, ölkədə artıq 5-ci ildir tikinti-quruculuq işlərinin həcminin durmadan azalmasının səbəblərinə toxunan sabiq prezident bunu ən əvvəl əhalinin kütləvi şəkildə Ermənistandan köç eləməsi ilə izah edib: “Bundan əlavə, ipoteka şərtləri daha da pisləşib. Həmçinin, bizim vətəndaşların ovqatı məsələdə mühüm rol oynayır. İş ondadır ki, apatiya, çıxılmazlıq hissi, ölkənin perspektivinə inamsızlıq bütün çərçivələri artıq aşıb. Tədqiqatlar göstərir ki, Ermənistan əhalisinin 40 faizi ilk fürsətdəcə ölkədən həmişəlik getmək barədə düşünür. Getməyə çalışan insan isə qaçmaq istədiyi ölkədə və ya şəhərdə heç vaxt daşınmaz əmlak almaz... Və bütün bunlara görə heç də əvvəlki hökumət, yaxud yadplanetlilər suçlu deyil. Əgər baş nazir bunu başa düşmürsə, onda o, intellektual cəhətdən deqradasiyaya uğrayıb...”