Menu

"VƏZİFƏLİ ŞƏXSLƏRİN AİLƏ ÜZVLƏRİ CİNAYƏT TÖRƏDİR" - Prezident həbslərdən danışdı

20.05.2015, 18:32
"VƏZİFƏLİ ŞƏXSLƏRİN AİLƏ ÜZVLƏRİ CİNAYƏT TÖRƏDİR" - Prezident həbslərdən danışdı

"Bir adam, xüsusi ilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək"

“Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. Çünki öz məsuliyyətlərini dərk etməyiblər. Vaxt gələcək, ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, həmin iş adamları dövlət əmlakını talayıb, dövlət vəsaitini oğurlayıblar: “Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusi ilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək”.

Prezident abadlıq, təmir-bərpa işləri zamanı qanunsuzluqlara yol verildiyini də bildirib: "Azərbaycanda bu qədər işlər görülür, bu qədər abadlıq, təmir-bərpa işləri aparılır. Bütün işlər ən yüksək keyfiyyətlə görülməlidir. Ancaq biz görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir. Azərbaycanda, Bakıda indi nə qədər qanunsuz evlər tikilir. Sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının xəbəri yoxdur, şəhər icra başçılarının xəbəri yoxdur, heç kimin xəbəri yoxdur".

Prezident bildirib ki, bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər: "Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, “Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz “Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxamdı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar".

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol