Menu

İçindən və çölündən yanan millət

21.05.2015, 12:33
İçindən və çölündən yanan millət

Nurəddin İSMAYIL

İçindən yanan millət çölündən yanmağa başlayıb. Məzlumun ahı zalımı yandırmalıykən, zalımın zülmü oda-alova dönüb məzlumu yandırır. Görəsən, Allahın nə cəzasıdır, kəsilib bizə? Zalımmı zülmündə həddini aşdı, məzlummu faili-muxtarlığından dönüb zalımın zülmü ilə barışdı? Cənnət qoxulu ölkə nəsib etmişdi, Allahım bizə. Harınladıq, qudurduq, qədrini bilmədik bəlkə, Allahın səxavətlə bizə bəxş etdiyi bu cənnət diyarın? Düşmənin kənardan başımıza od ələməsi, yurdumuzu talan edib odlara qalaması az imiş ki, bir yandan da özümüz özümüzü atəşlərə qərq edirik.

Binəqədidəki yanğın ahıllı-cavanlı, uşaqlı-körpəli on altı dinc sakinimizin canını aldı, onlarla insan ömrünün axırına qədər öz bədənlərində müxtəlif dərəcəli yanıqları daşımağa məhkum oldu. Onlarla ailə tavanına, döşəməsinə isinişdiyi, bir süfrə başına yığışdığı, divarına zərif ruhlu nənəsinin toxuduğu xalı-xalçasını asdığı evindən dərbədər düşdü. Qarşısı alınmasaydı, durdurulmasaydı, fasadlama aparanların binalar üzərində alov körükləyən fəsadları hələ nə qədər canlar alacaqdı...

Ölən üçün, sinəsi dağlı ölü sahibi üçün nə fərqi varmış yanğının baiskarı şirkətdir, dövlət orqanıdır, uyğunlaşdırma sertifikatı verən institutdu və ya kiminsə qəsdidir. Diqqətli incələmələr aparılacaqsa, yaradılan komissiya günahkarın tapılmasında obyektivlik göstərəcəksə, hüquq-mühafizə orqanları siyasi sifarişli deyil, peşəkar nəticələr ortaya qoyacaqsa, təbii ki, bu cinayətin daşıyıcıları aşkarlanacaq, ədalətli cəzasına yetiriləcək. Lakin niyə belə olmalıdır? Niyə bu binalar üzərində keyfiyyətsiz, oda davamsız fasadlama işləri aparılanda insan faktoru yaddan çıxarıldı. Hara baxırdı Bakımızı, Azərbaycanımızı özündən çox sevdiyini şüvən qoparan səslə elan edən H. Abutalıbov? Hara baxırdı kimsənin, xüsusi icazəsi olmadan Bakıda daşı daş üstünə qoymağa cürət etmədiyi, Fövqəladə Hallar naziri K.Heydərov?

Nədən quşdan ayıq hakimiyyət qoruyucuları ruhu cənnətlik olan on altı vətəndaşımızı cəhənnəm odunda yandırmaq planını ya bilərəkdən, ya qəsdən, cızanların cinayət əməllərinə qarşı önləyici tədbir görmədilər. İnsanımız, vətəndaşımız, seçicimiz, soydaşımız onların gözündə bu qədərmi ucuzlaşıb? İndi hər kəs günahı başqasının üzərinə atmaq, hər kəs bu işdə günahsız olduğunu sübut etmək istəyir. İnşaallah günahkarlar tapılar. Tapılmazsa, kimsə qanun qarşısında cəzasından yayınarsa, Allah cəzasından qurtulmaz.

Vay sizi lənətə gələsiniz on altı ailədə vay qurduran kimsələr. Vay səni dil-dil ötən vücudi-biəməl Bakı meri. Yalançı raportlardan, başa çatmamış işlərdən hesabat verməkdən, sıxma-boğmaya düşəndə əsməcəli görüntülər yaratmaqdan əl saxla, paytaxt Bakımızın növrağını pozmağa qalxma. Vay sizi standartlaşdırma, uyğunlaşdırma idarələri. Şirkətlərin cibinizə dürtdüyü pullara uyub insanları cəhənnəm alovu ilə üz-üzə qoyan sertifikatlar verməyin. Vay sizi keyfiyyətsiz mallara ağına-bozuna baxmadan mənşə sertifikatı verib mənşəyi şübhəli sintetik mallarla şəhərimizdə şər ocağı qalayan sertifikatlaşdırma idarəsi. Əl saxlayın və gözəl Bakımızı yandırmaqdan saqının. Vay sizi anoloqu olmayan siyasətdən dəm vuran hakimiyyət mənsubları. Qoruyucu olun, dağıdıcı, yandırıcı firmalara, şirkətlərə, fırıldaqçı iş adamlarına millətin canını almağa imkan verən hərəkətlərə yol verməyin.

Sağ olsun yanğın yerinə vaxtında çatıb, alov sondürən, alovlar içindən uşaqları çıxaran, əleyhiqazını zərər çəkənə təqdim edib, ona nəfəs verən Fövqəladə Hallar Nazirliyinin ləyaqətli əməkdaşları. Sağ olsun ölüm risqini gözə alıb yanğın baş verən mənzildən körpələri xilas edən vətəndaşlarımız. Sağ olsun imdada çatıb ilkin tibbi yardım göstərən, yananlara təcili yardım edən tibbi personal. Minnətdarlıq düşür evlərindən məhrum olanlara yardım göstərmək, kömək əli uzatmaq, mənəvi dayaq olmaq istəyən insanlarımıza.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol