Elmar Məmmədyarovun Rusiyaya qəfil səfərinin daha bir pərdəarxası
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun kifayət qədər qəfil sayıla biləcək Moskva səfəri başa çatdı. Həm də Avropa Birliyinin (AB) Riqadakı “Şərq Tərəfdaşlığı” Sammitindən dərhal sonraya təsadüf eləməsi ilə diqqət çəkən bu səfər başqa yandan, rəsmi görüşlərin kəmiyyət və keyfiyyət baxımından zənginliyi ilə də yadda qaldı.
Söhbət ondan gedir ki, cənab Məmmədyarov vəzifəsinə uyğun olaraq təkcə rusiyalı həmkarı Sergey Lavrovla deyil, Dövlət Dumasının spikeri Sergey Narışkin və baş nazirin təhlükəsizlik və hərbi məsələlər üzrə müavini, qatı antiqərbçi kimi tanınan Dmitri Roqozinlə də bir araya gəldi.
Bu görüşlərin hamısında iki ölkənin strateji tərəfdaş olması haqda bəyanatlar qırmızı xətt kimi keçdi və ilk baxışda həm rəsmi Bakının, həm də Kremlin Qərbə, Avropaya özünəməxsus çatdırışı, mesajı təəssüratı yaratdı. Azərbaycan XİN-in Riqa sammitinin yekun bəyannaməsi ilə bağlı xüsusi tənqidi rəyinin də məhz Məmmədyarov Rusiyada olarkən, Moskva təmasları fonunda açıqlanması belə bir təəssüratı, yaxud qənaəti gücləndirdi.
Ancaq Elmar Məmmədyarovun Moskva ziyarəti Rusiyaya reveranslarla yanaşı, Kremlin özünə də Bakının bəzi mesajlarının çatdırılması ilə diqqət çəkdi. Yəni elə fikir yaranmasın ki, səfər iki ölkə arasında heç bir problemin olmadığının, hər şeyin rəvan getdiyinin və yaxınlaşma prosesinin də davam etdiyinin nümayişi olub.
Bu xüsusda Azərbaycan XİN başçısının səfər çərçivəsində “Rossiya 24" kanalına verdiyi müsahibə və müsahibə zamanı toxunduğu bəzi mühüm detallar onun səfərinin pərdəarxasına əlavə işıq salır. Bəlli olur ki, Bakı-Moskva əlaqələri silah ticarəti sahəsində uğurlu kommersiya əməkdaşlığından çox da uzağa getməyib və tərəflər arasında ciddi, həllini gözləyən problemlər də var.
Məsələn, müsahibədə nazir Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığını istisna etmədiyini, lakin bunun müstəsna olaraq Qarabağ nizamlanmasından sonra mümkün olduğunu söyləyib. Sitat: “Belə bir deyim var: ”Heç vaxt heç vaxt demə". Azərbaycan rəhbərliyi bu məsələdə öz xarici siyasət doktrinasını ölkənin milli maraqlarından çıxış edərək qurur".

Bu, əslində elə rəsmi Bakının Avrasiya Birliyinə, Gömrük İttifaqına üzvlüklə bağlı Rusiya qarşısında aydın şəkildə qoyduğu əsas şərtidir, eyni zamanda ədalətlidir. Elmar Məmmədyarovun heç şübhəsiz, prezident İlham Əliyevin adından Moskvaya apardığı mesaj, şərt də budur ki, öncə Qarabağ, sonra Avrasiya Birliyi!
Yeri gəlmişkən, Azərbaycan XİN rəhbərinin Moskva səfəri Qarabağ məsələsində Kremlin ənənəvi mövqeyinin dəyişmədiyini göstərdi. Belə ki, Lavrov şablon ifadələrlə bir daha bəyan elədi ki, Moskva ixtilafın həllinə köməyini davam etdirəcək, ancaq öncə münaqişə tərəfləri özləri öz aralarında razılığa gəlməlidir.
Lavrovun Qarabağ açıqlaması sözsüz ki, Moskvanın münaqişənin həllini yenə tərəflərin üzərinə atmasının, məsələdə öz yaxasını kənara çəkməsinin növbəti, bariz təzahürü idi. Çünki hamı bilir ki, Rusiyanın marioneti və forpostu olan Ermənistanın problemin həllində heç bir söz sahibi deyil və İrəvan Moskvanın izni olmadan heç bir güzəştə getməz, onun diktəsindən kənara çıxmaz.
“Öncə münaqişə tərəfləri özləri razılığa gəlsin” ifadəsinin diplomatik dildən tərcüməsi də elə budur ki, Kreml hələ ki, nə Ermənistana təzyiq eləməyə, nə də işğal altındakı ərazilərin aqibəti ilə bağlı hansısa pozitiv hərəkətlilik göstərməyə hazırlaşır.
Demək, prezident Vladimir Putinin öz layihələrində açar ölkələrdən biri kimi gördüyü Azərbaycanı da tezliklə Avrasiya Birliyində gözləməyə dəymir.(musavat/com)

Şərhlər