“6 milyard funt sterlinq dəyərindəki yeni aviadaşıyanlar da daxil olmaqla, Britaniya donanmasına aid olan bir çox döyüş texnikası təhlükə ilə üzləşib”

Müdafiə xərclərinin azaldılması üzündən Böyük Bitaniya dəniz məkanının kifayət qədər müşahidə altında olmaması, bu ölkənin nüvə qüvvəsi barəsindəki məxfi informasiyaların Rusiya sualtı qayıqları tərəfindən ələ keçirilməsinə imkan yaradıb.

Bu cür sensasiyalı bəyanat Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin istefada olan zabitləri tərəfindən səsləndirilib. Onlar bu barədə “The Telegraph” qəzetinin redaksiyasına məktubla müraciət ediblər. Zabitlər həmin məsələ ilə əlaqədar problemin həll olunması üçün hökuməti təcili surətdə xüsusi təyinatlı “Nimrod” patrul təyyarələrinin alınmasına çağırıblar. İstefada olan beş zabit xəbərdarlıqla bəyan edib ki, London sualtı qayıqlar əleyhinə təyyarələrdən imtina etdikdən sonra Rusiya sualtı qayıqları B.Britaniyanın nüvə qüvvələrinin potensial imkanları haqqında qiymətli informasiyalar toplaya biliblər.

Onların sözlərinə görə, vaxtilə sualtı qayıqlar əleyhinə Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunan “Nimrod” təyyarələrindən imtina etmək barəsində müdafiə nazirliyinin verdiyi qərardan sonra, 6 milyard funt sterlinq dəyərindəki yeni aviadaşıyanlar da daxil olmaqla, Böyük Britaniya donanmasına aid olan bir çox döyüş texnikası təhlükə ilə üzləşib. Ona görə də, “Nimrod” təyyarələrinin yoxluğu Rusiyanın casusluq fəaliyyətlərinə geniş meydan açır.

İstefada olan yüksək vəzifəli keçmiş zabitlərin məktubunda deyilir: ”Biz bilirik ki, Rusiya sualtı qayıqları regionu daima diqqətlə izləyirlər. Onlar bizim atom sualtı qayıqlarımızın öz bazalarından çıxdıqdan sonra hansı istiqamətə doğru getdiklərini öyrənə bilirlər. İxtiyarımızda patrul aviasiyası olmadığ üçün həmin sualtı qayıqlar, kəşfiyyat məlumatları toplamaqda çətinlik çəkmirlər. Bütün bunlar isə bizim strateji güclərimizin imkanlarını effektsiz hala gətirərək, təhlükəsizlik sistemimizə ciddi şəkildə ziyan vurur.”

Maraqlıdır ki, istefadakı zabitlər bu bəyanatı hökumətin müdafiə xərclərinə yenidən baxılması haqqında yayılan məlumatların fonunda veriblər. Silahlı qüvvələrdə xidmət göstərən yüksək rütbəli zabitlərin əksəriyyəti 2010-cu ildə olduğu kimi, hərbi xərclərin yenidən kəsilə biləcəyindən ehtiyat edirlər. Elə məhz həmin vaxt hökumət “Nimrod” təyyarələrindən imtina etmişdi. Hərbi ekspetlərin fikirlərinə görə belə bir addımın atılması B.Britaniyanın hərbi qüdrətinə dərin yaralar vurur. Həmin ekspertlər Rusiya Hərbi Dəniz Donanmasının Britaniya nüvə qüvvələrinin potensialı barəsində qiymətli kəşfiyyat məlumatları yığdıqlarını istisna etmirlər.

Bir neçə il bundan əvvəl B.Britaniya Hərbi Dəniz Qüvvələrindən məlumat vermişdilər ki, onlar “Trident” ballistik raketi daşıyan “Vanguard” sualtı qayığının akustik siqnaturasını yazmağa çalışan Rusiyanın “Akula” sulatı qayığını yaxalaya biliblər.

Hazırkı vəziyyətdə B.Britaniya yalnız öz müttəfiqlərinə güvənir. Keçən il Şotlandiya sahilləri yaxınlığında Rusiya sualtı qayığı aşkarlandıqda, ABŞ, Fransa və Kanadaya məxsus 4 patrul təyyarəsi havaya qaldırılmışdı. Patrul aviasiyasının yoxluğu, bundan belə B.Britaniyanın beynəlxalq əməliyyatlarda iştirak edə bilməyəcəyi anlamına da gəlir. Əgər Malayziyaya məxsus “MH 370” reysli təyyarə qəzasına oxşar hadisə B.Britaniya sahillərində baş verərsə, onda bu ölkə təyyarə qalıqlarını və sağ qalmış sərnişinlərin axtarılması üçün lazımı avadanlıqlar tapmayacaq.

Ancaq bütün bunlarla yanaşı, müdafiə nazirliyinin nümayəndəsi bildirib ki, Böyük Britaniya dəniz sahəsində gəmilər, sualtı qayıqlar, vertalyotlar və təyyarələr vasitəsilə müşahidə aparırlar. Müdafiə nazirliyindən əlavə olaraq onu da deyiblər ki, onlar bütün tələb və imkanları nəzərə alaraq, strateji müdafiə və təhlükəsizlik üçün lazımı qərarlar verəcəklər.

Vaqif NƏSİBOV

AzPolitika.info