DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Ceyhun Həsənov Elşad Abdullayevin iddialarına cavab verib. E.Abdullayev KİV-ə yolladığı son müraciətində Ceyhun Həsənovla görüşünün təfərrüatlarını açmışdı.
DİN generalı "Yeni Müsavat"a yolladığı yazılı açıqlamada deyir:
""Yeni Müsavat" qəzetinin 8 yanvar 2013-cü il tarixli sayında özünü hüquq professoru adlandıran şəxsin müraciəti əsasında hazırlanmış "Elşad Abdullayev generalla görüşünün şok təfərrüatlarını açıqladı" sərlövhəli məqalədə ünvanıma söylənilənlərin hamısı aşkar yalan və böhtan xarakterli məlumatlardan, çirkin şər və iftiradan başqa bir şey deyildir.
Mənim heç vaxt və heç bir yerdə Elşad Abdullayev kimi klassik böhtan və şantaj ustası ilə nəinki görüşüm, ümumiyyətlə, hər hansı əlaqəm, kontaktım olmayıb. Bu dırnaqarası hüquq professorunun guya nə vaxtsa qəbulumda olması və Dubayda baş tutmayan görüş barədə iddiaları da ölkəmizin ayrı-ayrı dəyərli ziyalıları, tanınmış insanları, dövlət və ictimai xadimləri barədə yalanlar üyüdən bu "şər dəyirmanı"nın növbəti uydurmasıdır.
O ki qaldı yazıda adı çəkilən Çingiz Mirzəyevə, vaxtilə bəzi maraqlı qüvvələr onu mənə qarşı çirkin oyunlarda istifadə etmək üçün bilərəkdən ətrafımda yerləşdirməyə çalışmışdılar. Mahiyyətcə eynən Elşad Abdullayev kimi dələduz olan, insanların etimadından sui-istifadə etməklə onları aldatmağı özünə məşğuliyyət seçmiş, əvvəllər də məhkumluq həyatı yaşamış bu şəxs törətdiyi eyni xarakterli əmələ - dələduzluğa görə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Haqqımda yazılan böhtan və şayiə xarakterli məlumatların haradan qaynaqlandığının, həmin dezinformasiyaların yayılmasının müəyyən maraqlı qüvvələrin işi olduğunun yaxşı fərqindəyəm. İnanıram ki, Mahir Abdullayevin itkin düşməsi ilə əlaqədar başlanmış cinayət işinin istintaqı bu dələduz "hüquq professoru"nun bütün yalanlarının üzərinə işıq salacaqdır."

Şərhlər