“Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Abbasov Şəmsəddin Rizalı oğlu hakimliklə bir araya sığmayan fəaliyyət növü ilə məşğuldur. Bu da “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələblərinə ziddir”. Bu fikirlər “Xudat Balıq” ASC-nin sabiq direktoru, iş adamı Güləhməd Güləhmədovun ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubdan götürülüb.

Məktubda bunun səbəbi kimi Şəmsəddin Abbasovun sahibkarlıq fəaliyyəti ilə məşğul olması göstərilib. Hətta bunu sübut edən sənədlər də məktuba əlavə edilib.

Hakim Səhmdar Cəmiyyətin Direktorlar Şurasının üzvüdür

Belə ki, Güləhməd Güləhmədovun bir nüsxəsini də saytımıza təqdim etdiyi Açıq Səhmdar Cəmiyyətinin (ASC) ümumi yığıncağının 1 saylı Protokolundan görünür ki, cənab Abbasov Şəmsəddin Rizalı oğlu 01 mart 2006-cı il tarixdən bu günə qədər sözügedən Səhmdar Cəmiyyətin Direktorlar Şurasının üzvüdür.

“O, bu vəzifəni tutduğuna görə hakim kimi işləyə bilməz. Onun bu fəaliyyəti Azərbaycan Respublikası hakimliyinə ləkədir. Ona görə də, sizdən xahiş edirəm ki, Abbasov Şəmsəddin Rizalı oğlu biznes fəaliyəti ilə məşğul olduğundan, onun hakimlik fəaliyyətinə son qoyulsun” –deyə məktubda bildirilir.

İş adamı ədliyə nazirinə belə bir müraciət ünvanlamasının səbəbini isə Şəmsəddin Abbasovun ona məxsus təsərrüfatın qeyri-qanuni yollarla başqaları tərəfindən əlindən alınması prosesində birbaşa iştirak etməsi ilə bağlayır.

Belə ki, Güləhməd Güləhmədovun sözlərinə görə, “Xudat Balıq” ASC-nin qanunsuz yollarla ələ keçirilməsində iştirak edən Şəmsəddin Abbasov, hazırda Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi kimi səlahiyyətlərindən və əlaqələrindən istifadə edərək, onun şikayətlərinə qanun çərçivəsində baxılmasına mane olur.

Bu haqda məlumat verməzdən öncə xatırladaq ki, hələ 2002-ci ildə çek hərracına çıxarılan “Xudat Balıq” ASC-nin özəlləşdirilməsində yol verilən qanunsuzluqlarla bağlı “AzPolitika.info” saytında geniş araşdırma yazılar dərc olunub (BAX: “ÇIX KƏMALLƏDİNİ İTTİHAM ET, ZAVODUNU QAYTARAQ…” başlıqlı məqaləyə-müəl. ). Ona görə də yazılanları təkrar etmək niyyətində deyilik.

“Xudat Balıq” ASC-ni iş adamının əlindən kimlər və necə alıb?

Ancaq qısaca xatırladaq ki, özəlləşdirməyə çıxarılan zaman “Xudat Balıq” ASC-nin direktoru olan Güləhməd Güləhmədovun sözlərinə görə, prosesdə böyük qanunsuzluqlara yol verilib. Belə ki, G.Güləhmədovun uzun müddətli mübarizəsindən sonra, kollektivə satılmalı olan 15 faizik güzəştli hissənin 13, 2 faizini həmin vaxt təsərrüfatda calışanlar əldə edə bilib.

Özəlləşdirmənin II mərhələsində, qanunvericiliyə uyğun olaraq, 29 avqust 2002-ci ildə keçirilən çek hərracına çıxarılan Səhmdar Cəmiyyətin 55 faiz səhmlərini də 11054 ədəd özəlləşdirmə payı təqdim etməkə G.Güləhmədov alıb. Bunu təsdiq edən qəbz də əlindədir. Ancaq buna baxmayaraq, qanunsuz olaraq Güləhmədovun ASC-nin 55 faizinə sahiblik hüququ tanınmayıb, hətta bu pay başqasına satılıb.

Ancaq G.Güləhmədov qanunla 55 faizin ona və kollektivin dıgər üzvlərinə verilməli olduğunu bildiyindən, çekləri geri götürməyib, bu üzdən də uzun müddət müəssisənin özəlləşdirməsini yekunlaşdırmaq mümkün olmayıb.

Bundan sonra müxtəlif şəxslər “Xudat Balıq” ASC-ni fövqəladə hallar naziri Kəmaləddin Heydərovun özəlləşdirmək istədiyini bildirərək, G.Güləhmədovu çəkindirməyə çalışırlar. Ancaq G.Güləhmədov bununla bağlı Kəmaləddin Heydərovun qəbuluna yazılır. K.Heydərov onu qəbul edir.

Bundan bir müddət əvvəl isə Kəmaləddin Heydərovla münasibətləri gərgin olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin tapşırığı ilə, balıqçılıq təsərrüfatlarının K.Heydərova qarşı, sözün həqiqi mənasında üsyanını təşkil edirlər. Balıqçılıq təsərrüfatlarının rəhbərlərinin Bakıda birləşərək Kəmaləddin Heydərovun əleyhinə bəyanatlar verməsi, mətbuat konfransları keçirməsi təşkil olunur. Həmin konfranslardan yalnız birində iştirak edən G.Güləhmədov isə başqalarından fərqli olaraq, K. Heydərovu deyil, özəlləşdirməyə rəhbərlik edən şəxsləri ittiham edir.

Məhz bu mövqeyinə görə, Kəmaləddin Heydərov görüş zamanı G.Güləhmədova təşəkkür edir, ona “sən kişi adamsan, həqiqəti danışdın” deyir. Eyni zamanda “Xudat Balıq” ASC-ni özəlləşdirmək niyyətində olmadığını, İran əsilli iş adamı Əhəd Purun ora ilə maraqlandığını deyir.

Bundan sonra Güləhməd Güləhmədov Əmlak Komitəsinin sədr müavini Rüstəm Şahbazovun vasitəsilə Əhəd Purun yaxın adamlarından biri olan Mehmanşah Həsənovla görüşür. Burda ona özəlləşdirdiyi 55 faizdən imtina edəcəyi halda, pullu hərracda 30 faizi almasına şərait yaradacaqlarını bildirirlər.

G.Güləhmədov da bir şərtlə razı olur ki, əvvəl 30 faizi alsın, sonra müəssisə 2 yerə bölünsün. Razılıq əldə olunur. Müəyyən prosedurları keçdikdən sonra, 29 mart 2005-ci il tarixdə "Xudat Balıq” ASC-nin 30 faizlik səhmi pullu hərraca cıxarılır. Başqa heç bir iddiaçı olmadığından, hərracda 30%-i – 116 422 ədəd səhmi o vaxtın pulu ilə 43 milyon 658 min manat ödəməklə, G.Güləhmədov alır. Bununla bağlı olaraq Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Milli Depozit Mərkəzində müqavilə bağlayaraq reyestrdən çıxarışı da götürür.

2005-ci ilin iyun ayında “Xudat Balıq” ASC-nin birinci ümumi yığıncağı keçirilir. Yığıncaqda “Xudat Balıq” ASC-nin bölünməsi və “Xudat Balıq-1” və “Xudat Balıq-2” səhmdar cəmiyyətlərinin yaradılması barədə qərar qəbul olunur. Əldə olunan razılığa görə, Müqtədir qəsəbəsində, Müqtədir çayından şimalda yerləşən ərazilər, həmçinin 1,3,4,5 6 və 7 saylı vətəgələr G.Güləhmədovun kollektivlə birgə yaratdığı “Xudat Balıq-1” səhmdar çəmiyyətinə ayrılır.

Şəmsəddin Abbasov razılıq protokolunu niyə Əmlak Komitəsinə aparmır?

Müqtədir çayından cənubda yerləşən torpaq sahələri və digər bütün vətəgələr Əhəd Purun adamı olan Mehmanşah Həsənovun yaratdığı “Xudat Balıq-2” səhmdar çəmiyyətinə ayrılır. Beləliklə bölünmə prinsipial olaraq razılaşdırılır. İclasda G.Güləhmədovun sədr, Mehmanşah Həsənovun müavin olduğu komissiya yaradılır. “Xudat Balıq” ASC-nin bölünməsi ilə bağlı işləri idarə etmək də bu komissiyaya həvalə olunur.

Növbəti ayda növbədənkənar iclasın keçirilməsi barədə “Respublika” qəzetində elan verilir. 19 avqust 2005-ci ildə növbədənkənar ümumi yığıncaq çağırılır və bölünmə balansı təsdiq olunur. G.Güləhmədovun sədr olduğu həmin iclasda Mehmanşah Həsənov təmsilçisi , hazırda Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi işləyən ŞƏMSƏDDIN ABBASOV isə katib olur. Və iclasın protokolunu Bakıda keçmiş Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinə verməyi də məhz ŞƏMSƏDDİN ABBASOV ÜZƏRINƏ GÖTÜRÜR. Ancaq bir müddət sonra G.Güləhmədova məlum olur ki, protokolu təqdim etməyiblər. Səbəbini öyrəndikdə, deyirlər ki, bir həftəyə yekunlaşdıracağıq. Ancaq sözlərinə əməl etmirlər.

Uzun mübahisələrdən sonra məlum olur ki, Mehmanşah Həsənov, Şəmsəddin Abbasov və digərləri birləşərək, G.Güləhmədovu müəssisədən uzaqlaşdırmağa, “Xudat Balıq” ASC-ni tam şəkildə ələ keçirməyə qərar veriblər. Bu zaman Mehmanşah Həsənovun Kəmaləddin Heydərovun adından istifadə etdiyi, hətta vəzifəli şəxsləri, məhkəmələri inandırmaq üçün nazirin qorumalarından birini də ASC-nin əsas səhmdarlarından birinə çevirdiyi bildirilir.

Nə isə, uzun çəkişmələrdən və fırıldaqlardan sonra “Xudat Balıq” ASC-nin səhmlərinin 52,3 faizi Mehmanşah Həsənovun icracı direktoru olduğu “AZF Co LTD” firmasının balansına keçirilir.

Bir qədər sonra isə Mehmanşah Həsənov G.Güləhmədovdan xəbərsiz ASC-nin Ümumi Yığıncağını çağıraraq özünü rəhbər təyin edir. Zavodun möhürünü G.Güləhmədovdan ala bilməsə də, onu təsərrüfatdan uzaqlaşdıraraq, oranı iflic vəziyyətinə salır…

Bundan sonra bu günədək davam edən məhkəmə prosesləri başlayır. G.Güləhmədovun sözlərinə görə, rayon məhkəmələrində çıxarılan qərarları Mehmanşah Həsənov və onun arxasında dayananlar Appellyasiya və Ali Məhkəmədə ləğv etdirir, hər dəfə yenidən ibtidai proseslərə start verilir. Bu işdə isə sonradan hakim olan Şəmsəddin Abbasov fəal rol oynayır.

İcra başcısı ilə əlbir olub iş adamının yeni balıqçılıq müəssisəsini də dağıdırlar

Qeyd edək ki, qanunla Səhmdar Cəmiyyətlərdə 10 faizdən artıq payı olan səhmdar əgər umimi işə ziyanı olmursa, öz təssərrüfatını ayıra bilər. “Xudat Balıq” ASC isə dağılmış vətəgələrdən və torpaq fondundan ibarətdir. Yəni, bölünmənin ümumi işə heç bir ziyanı yoxdur. Ancaq G.Güləhmədovun əlində “Xudat Balıq” ASC-nin rəsmən 30 faizinin sahibi olduğuna dair sənəd olmasına baxmayaraq, Mehmanşah Həsənov və onun arxasında dayananlar buna imkan vermirlər. Əlavə olaraq Xacmaz rayon İcra Hakimiyyətinin başcısı Şəmsəddin Xanbabayevlə işbirliyinə gedərək ona daha ağr zərbə vururlar.

Belə ki, ilkin razılıqdan sonra “Xudat Balıq” ASC-nin bir hissəsində yeni balıqçılıq müəssisəsi yaradan G.Güləhmədovun təssərrüfatını da dağıdırlar. Belə ki, 2005-ci ilin iyun ayında “Xudat Balıq” ASC-nin birinci ümumi yığıncağı keçirilərək, bölünmə barədə qərar çıxarıldıqdan sonra G.Güləhmədov ona düşən hissədə müasir tipli balıqçılıq müəssisəsi yaratmağa, həmçinin digər yardımçı təsərrüfatlar açmağa başlayır. Bu məqsədlə həm özü böyük kapital yatırır, həm də Rusiyada yaşayan bəzi investorlardan vəsait cəlb edir. Bundan əlavə banklardan da xeyli kredit götürür. Təxminən 1 il ərzində xeyli işlər də görülür.

Ancaq Mehmanşah Həsənov və onun arxasında duranlar G.Güləhmədovun ona düşən hissədə yaratdığı təsərüffatı belə dağıdırlar.

Hələ bununla da kifayətlənmirlər. Bölünməyə imkan verilmədiyini, prosesin uzun müddət davam edəcəyini görən G.Güləhmədov yaratdığı “Xudat balıq-1” müəssisəsi üçün Xacmaz rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayaraq, dövlət fondundan 360 hektar torpaq icarəyə götürür. Və burada müasir tipli yeni balıqçılıq müəssisəsi yaradır, göllər salır, binalar tikir. Bu təsərrüfat regionların inkişafı ilə bağlı Dövlət Proqramına da düşür. İri təsərrüfat olduğundan, G.Güləhmədov əvvəllər tanıdığı Rusiyadan olan iş adamları ilə müqavilələr bağlayır. G.Güləhmədovun sözlərinə görə, onlar da həmin təsərrüfata böyük kapital yatırırlar. 2010-cu ilə qədər burada böyük işlər görülür.

Ancaq Mehmanşah Həsənov, Şəmsəddin Abbasov və onların ətrafı Xacmaz rayon İcra Hakimiyyətinin başcısı Şəmsəddin Xanbabayevlə işbirliyinə gedərək onunla bağlanan müqaviləni qeyri-qanuni olaraq ləğv etdirirlər. Səbəb kimi də həmin ərazilərin “Xudat Balıq” ASC-nin balansında olmasını göstərirlər. Halbuki, G.Güləhmədovun sözlərinə görə, ona ayrılan ərazidən cəmi 60 hektarı “Xudat Balıq” ASC-nin balansına düşürdü ki, orda da heç bir iş görməmişdi: “Ancaq onlar bütün ərazinin “Xudat Balıq” ASC-nin balansına düşdüyünü bildirərək mənim qurduğum təsərrüfatı dağıtmağa başladılar. Bu zaman mən “Xudat Balıq” ASC-nin 30 faizinin rəsmi sahibi kimi əsas səhmdar olduğumu, yaratdığım təsərrüfatın ASC-nin tərkibində fəaliyyətini davam etdirməsində heç bir problem olmadığını bildirdin. Ancaq onlar bununla da razılaşmayıb, quldurcasına neçə illər ərzində qurduğum təsərrüffatı tam dağıtdılar”.

“Xudat Balıq” ASC-nin balansında olan 100 hektarlarla ərazi satılır

G.Güləhmədov Mehmanşah Həsənov və onun havadarlarının hər hansı iş görmədikləri, müəssisənin fəaliyyətini təmin etmədikləri halda “Xudat Balıq” ASC-ni ələ keçirmələrinin səbəbini də açıqladı: “Onların məqsədi ASC-nin balansında olan 100 hektarlarla ərazini satmaqdır. Artıq bir hissəsini də satıblar. Bu işdə Mehmanşah Həsənov və onun havadarları ilə Xacmaz rayon İcra Hakimiyyətinin başcısı Şəmsəddin Xanbabayev, Xacmaz rayon torpaq şöbəsinin bir neçə dəfə işdən qovulub-qaytarlan rəisi Adıgözəl Tağıyev də iştirak edir. Bunlar birləşərək dövlət fonduna aid torpaqları “Xudat Balıq” ASC-nin ərazisi kimi müxtəlif şəxslərə satırlar. Hətta xarici vətəndaşlara.

G.Güləhmədov hesab edir ki, qurduğu böyük təsərrüfatı dağıdan Mehmanşah Həsənov və onun arxasında duranlar, onu təxribata çəkərək həbs olunmasına calışıblar: “Onlar gözləyirdilər ki, mən neçə illər ərzində, böyük miqdarda vəsait xərclədiyim təssərrüfatın dağılmasına dözməyəcəm, hər hansı bir emosional hərəkət edəcəm. Ancaq mən buna gətmədim, hüququmu qanuni vasitələrlə bərpa etmək niyyətindəyəm”.

İş adamı təsərrüfatını ayırmaq istəyir, Abbasov imkan vermək istəmir

G.Güləhmədovun sözlərinə görə, bunun üçün əlində bütün qanuni əsaslar var: “Mehmanşah Həsənov, Şəmsəddin Abbasov və onların arxasında duranlar qanunsuz yollarla “Xudat Balıq” ASC və onun 100 hektarlarla ərazisini ələ keçirsələr də, müəssisənin fəaliyyətini təmin etmək istiqamətində hər hansı iş görülməyib. Əksinə, mövcud olanı da dağıdıblar. Buna görə də, səhmdarlar özəlləşdirmədən keçən 8-9 il ərzində bir manat belə divident əldə edə bilməyiblər. Bu fakt da mənə ən böyük səhmdarlardan biri kimi imkan verir ki, öz təsərrüfatımı ayırım”.

G.Güləhmədov artıq bununla əlaqədar Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Ancaq ordan iş baxılmaq üçün Xacmaz Rayon məhkəməsinə göndərilib.

G.Güləhmədovun sözlərinə görə, artıq onun məhkəmələrə müraciət etməsindən xəbər tutan hazırda Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi, eyni zamanda “Xudat Balıq” ASC-nin Direktorlar Şurasının üzvü olan Şəmsəddin Abbasov hərəkətə keçib. O, müxtəlif vasitələrlə məhkəmələr tərəfindən G.Güləhmədovun qanuni tələblərinin təmin olunmamasına çalışır. Bu səbəbdən də iş adamı nazirdən kömək istəyir. Nəticəsi olacaqmı?

Murad Məmmdov

AzPolitika.info

P.S. Yazıda adları keçən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.