Rusiya saytlarının birində (<http://rusrand.ru/>) tarix elmləri doktoru, professor, siyasi fikir və ideologiya elmi Mərkəzinin direktor müavini, erməni Vardan Ernestoviç Baqdasaryanın «Rusiyasız dünya» başlıqlı məqaləsinə rast gəldim. Nəinki Azərbaycan üçün, ümumilikdə, bölgəmiz üçün böyük əhəmiyyət kəsb edən movzu ətrafında iyrənc spekulyasiya yapan erməni «alim»in düşüncələri məni növbəti dəfə heyrətə gətirdi və bir daha bu qənaətə gəldim ki, erməni heç vaxt düzəlib, adam olası deyil! Mövzunun aktuallığını nəzərə alıb, həmin məqaləni müəyyən ixtisarlarla oxucuların diqqətinə çatdırıram. Türkiyə baş nazirinin müavini Bulənt Arınc «Biz bu ölkənin tamamıyıq, birlikdə, Türkiyəyik. Erməni vətəndaşlarımız da bu ölkənin bir parçasıdır. Siz olmasanız, biz əskik qalarıq...» - dediyi bir vaxtda, görün erməni «professor» Vartan hansı qələtləri yapır...
***
"Qərbin gücləri bu gün Rusiyaya qarşı səfərbər olub. Futuroloqlar «sonuncu imperiya»nın məhvini proqnoz edirlər. Rusiyanın geopolitik parçalanmasının ssenari versiyaları yazılır. Kimlərsə, artıq əlini-əlinə sürtür. Gerçəkdən, Rusiya məhv olsa nə baş verər? Bu məhvin dünya üçün hansı nəticələri ola bilər?
Əgər klassik geosiyasi nəzəriyyələrdən çıxış etsək, Rusiyanın dağılması Şimal-şərqi Avrasiyanın məğlubiyyəti, deməli, dünyanın qalan hissəsində öz nəzarətini bərqərar edən atlantizm güclərinin təntənəsi demək olar.
Bu halda ABŞ-a geopolitik alternativ yalnız bu fakt səbəbindən deyil, həm də potensial baxımdan mümkünsüz olar. «Domino prinsipi»nə uyğun olaraq, Avrasiya dövlətləri bir-birinin ardınca dağılıb gedər.
Əvvəlcə böhran və parçalanma prosesləri «yaxın xaric»də - MDB-də, Avrasiya İqtisadi ittifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında başlayar. Bu təşkilatlar öz-özünə dağılmağa məhkum olar. Postsovet məkanında Moskvanın əvəzinə, yeni aktyorların meydana çıxması sərhədlərin yenidən cızılmasını qaçılmaz edər.
Belə rekonfiqurasiya daha çox Orta Asiya üçün xarakterik olardı. Radikal proseslər Qazaxıstana keçərdi. Bu ölkə müstəqil regional güc mərkəzi ola bilməz. Avrasiyalılıq ideologiyasının varisi kimi o, amerikayönlü qüvvələrin qaçılmaz hücumlarına hədəf olar...
Özbəkistan və Tacikistanda da gələcək daxili parçalanmaların rekonstruksiyası baş verər. Klanların ənənəvi letal qarşıdurma mərkəzlərinin dağılması səbəbindən, bu mübarizə Orta Asiyada regional separatizm fazasına keçər.
Moskvaya oriyentasiya olunmuş Tacikistanı və Qırğızıstanı cənubdan əsən külək ağuşuna alar (Tacikistan üçün -Əfqanıstandan, Qırğızıstan üçün - Çindən). Orta Asiyaya İslam ekspansiyası burada islamçılarla kübar elita arasında qarşıdurmaya gətirib çıxarar. Bölgə başdan-başa vətəndaş müharibəsinə qərq olar. Respublikaların, sovet partiya strukturlarından çıxmış rəhbərləri «bıçaq altına» düşər. Bu ssenarinin başlanacağı təqdirdə, bütün Orta Asiya prezidentlərinin taleyi əvvəlcədən həll olunar.
Belə aqibət daha çox A.Q.Lukaşenkoya qismət olar. Çünki Putinin diktatorluqda ittiham olunmasına qədərki mərhələdə Belarus prezidenti Qərbdə «Avropanın sonuncu diktatoru» kimi xarakterizə olunurdu. Bu gün belə bir illüziya mövcuddur ki, guya Lukaşenko ilə Qərb arasında sülhə nail olunub. Amma bu səciyyəli sülh vaxtilə Çauşesku, Miloşeviç, Səddam Hüseyn və Qəddafinin bioqrafiyasında da var idi. Qərb anti-qərbçiliyi bağışlamır. Rusiyanın çöküşü ilə Lukaşenkonun günləri sayılmış olar. Ənənəvi sovetçiliyi hamıdan çox qoruyub saxlamış Belarus bu zaman daha çox sovetsizləşdirmə proseslərinə məruz qoyular.
Rusiyasız, Ermənistan da məhvə məhkumdur. Bu zaman Türkiyə və Azərbaycanın caynaqları «sıxılar». Yüz il ötəndən sonra erməni genosidi yenə də aktual reallığa çevrilər. Rusiyanın çöküşü ilə genosid və deportasiya, xüsusilə də Dağlıq Qarabağ üçün, proqramlaşdırılmış olar.Türkiyə-Azərbaycanın birgə zərbəsi nəticəsində Dağlıq Qarabağın Bakının nəzarəti altına keçəcəyi təqdirdə, bu aqibətdən qaçmaq mümkün olmaz.
Belə genosid və deportasiyaların proqramlaşdırılması Krım, Donbas, Abxaziya, Şimali Osetiya, Dnestryanı üçün də realdır. Bu ərazilərdə yaşayan xalqlar rusiyameylli seçimlərinin bədəlini ödəməlidirlər.
Güman ki, Azərbaycanda Rusiyaya loyallığı ilə seçilən klan hakimiyyətdən salınacaq. Transmilli şirkətlər arasında Xəzər nefti üzərində nəzarət uğrunda mübarizə başlayacaq. Mümkündür ki, Azərbaycan kartından İrana qarşı istifadə olunsun. İran azərbaycanlılarının problemləri münaqişə üçün katalizator rolunu oynayacaq.
Gürcüstan, Moldova və Ukraynanı də «xərc materialı» aqibəti gözləyir - «mavr öz işini gördü, mavr getməlidir» (orta əsrlərdə Qərbi Avropada, Pireney yarımadası və Şimali Afrikanın qərbindən gəlmiş müsəlman əhalini - ərəbləri «mavr» adlandırıblar- M.A.). Rusiyaya qarşı geosiyasi təzyiq meydançası qismində öz rolunu oynamış bu pravoslav ölkələr gələcəkdə Qərbin himayəsindən məhrum olacaqlar. Moldova Rumıniyanın tərkibinə daxil olacaq. Ermənistanın dağıdılmasından sonra, Gürcüstan müsəlman dövlətlərin əhatəsində qalacaq: cənubdan Türkiyə, şərqdən - Azərbaycan, şimaldan isə keçmiş Rusiya ərazilərində meydana gələcək «Qafqaz imamatı».
Rusiyanın meydandan getməsi ilə Ukraynanın parçalanması nəinki dayanmayacaq, əksinə, daha da sürətlənəcək. Avropanın şərqində böyük ərazilərə və çoxsaylı əhaliyə malik pravoslav-slavyan dövləti Qərbə lazım deyil. Ukraynaya qarşı Polşa, Slovakiya, Macarıstan tərəfindən ərazi iddiaları güclənəcək. Ukraynanın daxilində isə maloruslar və qərbçilər, pravoslavlar və huniatlar arasında siyasi dominantlıq uğrunda mübarizə qızışacaq. Buna qədr, postsovet məkanının hər yerində rusdillilərin talanı baş alıb gedəcək... Qüvvələr nisbətinin pozulması dünyada qlobal geosiyasi rekonfiqurasiya doğuracaq.
Rusiyanın mövcudluğu ilə bağlı ehtiyatkarlığın aradan qalxması Qərbə imkan verəcək ki, «şər oxu» üzrə sıraladığı dövlətləri hərbi və kvazihərbi yollarla boğub məhv etsin. Kubanın, İranın, Suriyanın, KXDR-in günləri sayılmış olacaq. İrana qarşı geniş koalisiya qüvvələrinin yürüşü təşkil olunacaq. Bu zaman Türkiyənin, Səudiyyə Ərəbistanının, Əfqanıstanın gücündən istifadə olunacaq. Böyük ehtimalla, kürd və azərbaycanlıların separatizm kartı ortaya atılacaq. Kürdüstanın yaradılması doktrinası ABŞ üçün bölgədə sərhədlərin yenidən cızılmasına (eyni vaxtda üç dövlətin - İranın, Türkiyənin və İraqın) imkan yaradan faktor səviyyəsinə qalxacaq.
Suriya və İrandan sonra növbə Türkiyəyə çatacaq. ABŞ üçün yeni yaranacaq şərait daxilində Rusiyaya qarşı İran və Suriyadan «pərsəng» qismində istifadəyə lüzum qalmayacaq. Bununla bərabər, Türkiyənin dağılması ilə yaranacaq qlobal turbulentlik şəraitində Avropa ilə Asiyanı birləşdirən körpünün ABŞ-ın birbaşa nəzarəti altına alınması üçün gözəl imkan yaranacaq. Türkiyəni dağıtmaq üçün əsas instrument kimi ənənəvi etnik dezinteqrasiya faktorundan istifadə olunacaq. Hal-hazırda türklər Türkiyə əhalisinin yarıdani azını təşkil edirlər. Bu baxımdan, dezinteqrasiya proseslərinə başlamaq üçün əlverişli şərait mövcuddur. Beləliklə, təxminən, 600 ildən sonra nəhayət ki, Qərbin «yeni səlibçilər»i müqəddəs Konstantinopolu ələ keçirirlər.
Tehranda şiə rejiminin, Dəməşqdə - ələvilərin devrilməsi, kamalçı millətçilik ideologiyası əsasında yaradılmış Türkiyənin dağılması gələcəkdə sünnü Xilafətin (Marokkodan Pakistana qədər) reallaşdırılması perspektivinə yol açır. Sonuncunun yaranması Vaşinqton üçün əlverişlidirmi? Bir tərəfdən, yox. Nədən ki, ixtiyari güclü geosiyasi qüvvə özünün mövcudluğu faktı ilə qlobal birqütblü dominantlığı zəiflədir.
Digər tərəfdən isə xilafət quranların döyüşkənliyi, ideoloji obskurantizm ucsuz-bucaqsız bir məkanı «orta əsrlər zülməti»ndə saxlamağa və burada «inkişafsız zona» yaratmağa imkan verir. İnkişaf etmiş Qərb isə inkişafdan qalmışlardan - dini müharibələrlə öz-özünü məhv edən Şərqdən yüksəkdə dayanar...
Rusiyanın parçalanması ilə bu ölkəyə məxsus hərbi texnika bir-iki saat ərzində yoxa çıxa bilməz. Bu zaman meydana yeni problem çıxar - onu necə bölməli, bu silahlar kimlərin əlinə keçə bilər?
Şühəsiz ki, ABŞ Rusiyanın raket-nüvə arsenalını öz nəzarəti altına almağa çalışacaq. İstisna deyil ki, ABŞ buna tam nail ola bilməsin. Bu zaman nüvə silahı ekstremistlərin əlinə keçə bilər və bəşəriyyət böyük fəlakət təhlükəsi ilə üzləşər. Rusiyanın məhvindən sonra dünya benefisiarı planetin nəhəng resurs bazasını özünün tam nəzarəti altına alar. Bu gün Rusiyanın ittiham olunduğu «xammal şantajı» qlobal xarakter alar. Prinsipial olaraq, dünya parazitarizmi güclənər. Rusiyanın neft-qaz kompleksi üzərində ABŞ-n nəzarətinin qurulması şəraitində Avropa iqtisadiyyatı artıq ABŞ-dan mütləq asılı vəziyyətə düşər.
Rusiyanın «yoxa çıxması» kosmosun fəthi üzrə iki rəqibdən birinin yoxa çıxması demək olardı. Rəqibin aradan götürülməsi ilə aydındır ki, inhisar meydana gəlir. Kosmosun fəthi sahəsində ABŞ inhisarı uyğun olaraq, rabitə sistemlərinin inhisarlaşması anlamına gəlir ki, bununla da qlobal izləmə sistemi yaranar.
Rusiyanın dağılması ilə beynəlxalq hüquq da dəyişməyə bilməz. Bununla, BMT Təhlükəsizlik Şurasının üzvü olan bir dövlət ləğv olunur. Ardınca, BMT-də islahatlar qaçılmaz olar. Nəticə olaraq, qərbin hegemonluğunu legitimləşdirən yeni sistem yaranar.
Rusiyanın parçalanması «xalqların yeni böyük yerdəyişməsi» üçün detonator rolunu oynayar. Avropanı mirasiya dalğaları bürüyər. Bunun qarşısını almaq üçün Avropa faşistləşmə məcburiyyətində qalar...
Beləliklə, Rusiyanın sadəcə mövcudluğu yox, həm də geosiyasi gücü bəşəriyyətin böyük qisminin maraqlarına xidmət edir. Bəs, bəşəriyyətin bu barədə bilgisi varmı? İnsanlar Rusiya uğrunda mübarizə aparacaqmı?
Buradan aydın olur ki, bəşəriyyət üçün Rusiyanın oynadığı rol manifestləşdirilməlidir. Belə manifest isə Rusiyanın özündə ideologiya quruculuğunu nəzərdə tutur."
Çevirdi: Mirzə AĞ
AzPolitika.info


Şərhlər