Menu

UNEC-də Dövlət Suverenliyi Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

18.09.2026, 21:29
UNEC-də Dövlət Suverenliyi Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş “Azərbaycanın Dövlət Suverenliyi: tarixi, hüquqi və siyasi aspektlər” mövzusunda elmi-praktik tədbir keçirilib.

Tədbirin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib.

İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, ölkənin ərazi bütövlüyünün və dövlət müstəqilliyinin təmin edilməsinin dövlət suverenliyinin əsas şərtlərindən biri olduğunu qeyd edib. O, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda konstitusiya quruluşunun bərpası məqsədilə başlanan antiterror tədbirlərinin Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması ilə nəticələndiyini, sentyabrın 20-də separatçı rejimin özünü buraxdığını elan etməsi ilə Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin bərpası üçün yeni mərhələ başladığını vurğulayıb.

Sonra Milli Məclisin deputatları Rizvan Nəbiyev, Elçin Mirzəbəyli “Azərbaycanın Dövlət Suverenliyi: tarixi, hüquqi və siyasi aspektlər” mövzusunda çıxış ediblər. Çıxışlarda Azərbaycanın dövlət suverenliyinin tarixi inkişaf mərhələləri, hüquqi əsasları və müasir siyasi proseslərdə rolu barədə məlumat verilib.

Deputatlar Azərbaycanın müstəqil dövlət kimi formalaşması, dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Həmçinin dövlət müstəqilliyinin və ərazi bütövlüyünün təmin olunmasının Azərbaycanın milli maraqlarının qorunması baxımından əhəmiyyətini vurğulayıblar.

“İqtisadi və texnoloji elmlər” kafedrasının müəllimi Nicat Hacızadə Azərbaycanın dövlətçilik tarixində suverenlik anlayışının formalaşması və inkişafı barədə fikirlərini bölüşüb.

Sonda Azərbaycanın Dövlət Suverenliyi Gününə həsr olunan videoçarx nümayiş etdirilib.









Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol