Rusiya yunanları ələ ala bildi - “Türk axını” memorandumu imzalandı
TANAP və TAP-a yeni təhlükə yarandı
Türkiyədə 7 iyun parlament seçkilərindən sonra yeni hökumətin qurulması ilə bağlı ortaya çıxan qeyri-müəyyənliyin “Türk axını” layihəsinə əngəl yaratdığı haqda yazmışdıq. Qeyd eləmişdik ki, yeni və dayanıqlı hökumətin formalaşması ləngidikcə bu yöndə qətilik və müəyyənliyin yaranması da uzanır. Məhz o üzdən də Türkiyənin energetika naziri Taner Yıldızın Rusiyaya srağagün nəzərdə tutulan səfərini qəfil ləğv etməsinə diqqət yönəldilmişdi.
Yada salaq ki, Yıldız BOTAŞ-ın icraçı direktorunun səlahiyyətlərini icra edən Mehmet Konukun müşayiəti ilə Rusiyaya səfər edərək, Sankt-Peterburqda işə başlamış Beynəlxalq İqtisadi Forum çərçivəsində bu ölkənin energetika naziri Aleksandr Novak və “Qazprom” rəhbəri Aleksey Millerlə danışıqlar aparmalı, “Türk axını” qaz kəməri layihəsinə (əvvəlki adı “Cənub axını”) dair konkret ikitərəfli yazılı anlaşmanın detallarını müzakirə etməli idilər.
Çünki Rusiya TANAP və TAP-ın bu kəmərə rəqib olduğunu ciddiyə alır və ona görə də tələsir. Eyni zamanda Moskva ABŞ və Avropa Birliyinin bu kəmərə neqativ münasibətdə olduğun və hər iki kəmər üçün ortaq tranzit rolunda olan ölkələrə (Yunanıstan, Makedoniya) güclü təzyiq etdiyinin də fərqindədir. Məlumdur ki, Vaşinqton və Brüssel Yunanıstan və Balkan ölkələrini Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP-a dəstək verməyə çağırır.

Dünən isə bəlli olub ki, Sankt-Peterburqda keçirilən Beynəlxalq iqtisadi forum çərçivəsində Rusiya ilə Yunanıstan arasında “Türk axını” qaz kəməri layihəsinə dair anlaşma memorandumu imzalanıb. Rusiya KİV-ləri xəbər verir ki, sənədi Rusiya tərəfdən Aleksandr Novak və onun yunan həmkarı Panayiotis Lafazanis imzalayıblar. Bu, “Türk axını” layihəsinə dair imzalanan ilk rəsmi sənəd hesab olunur.
Novak bildirib ki, Yunanıstana qədər uzanacaq kəmərin illik gücü 47 milyard kub metr olacaq. Onun sözlərinə görə, layihənin inşası üzrə Yunanıstana lazım olacaq vəsaitin hamısını Rusiya kredit şəklində ona ayıracaq. Yunanıstanın energetika naziri Lafazanis isə bəyan edib ki, müqavilə Avropa İttifaqına qarşı yönəlməyib.
Rusiyanın energetika naziri bir gün əvvəl demişdi ki, baza variantı kimi kəmərin Yunanıstan, Makedoniya, Serbiya və Macarıstandan keçməsi planlaşdırılır. Daha sonra kəmərlə nəql olunacaq Rusiya qazı Avstriyanın Baumqarten regionunda paylanma məntəqəsinə daxil olacaq. Bununla belə Novak kəmərin tikintisinin Avropa İttifaqının mövqeyindən asılı olacağını da vurğulayıb.

Putin Yunanıstanı “Türk axını” layihəsinə qoşmaq üçün Afinaya maliyyə yardımı, habelə kəmərin tikintisi üçün kredit vəd edib. Avropa İttifaqı ilə borc danışıqlarının dalana girdiyi bir vaxtda Yunanıstan baş naziri Aleksis Tsipras Rusiyaya səfər edərək Putinlə anlaşıb.
Göründüyü kimi, TANAP-TAP (“Transxəzər”) qaz kəməri ilə rəqabətdə “Türk axını” layihəsi bir az daha uğurlu mövqe qazanmış kimi görünür. Belə çıxır, Rusiya ilə Qərb arasında qaz müharibəsi daha sərt mərhələyə adlayıb. Odur ki, bu yeniliyə ABŞ və Avropa Birliyinin reaksiyasının necə olacağı maraq doğurur.



Şərhlər