Menu

PKK AZƏRBAYCANI DA TƏHDİD EDİR - "Bu birbaşa təhdiddir..."

11.08.2015, 11:34
PKK AZƏRBAYCANI DA TƏHDİD EDİR - "Bu birbaşa təhdiddir..."

“Təsadüfi deyil ki, artıq Azərbaycan vətəndaşları PKK tərəfindən girov götürülür, ölkəmizə gələn yük maşınları dayandırılır, Bakı-Tiflis-Ərzurum qaz kəməri partladılır”

Sülhəddin Əkbər: “ABŞ-Türkiyə razılaşması bölgədə dəngələri tamamilə dəyişib”

Türkiyə KİV-nin xəbərinə görə, Türkiyə baş nazirinin köməkçisi Yalçın Akdoğan bildirib ki, Suruç hadisəsindən sonra PKK-nın son dövrlərdə beynəlxalq aləmdə yaratmağa çalışdığı fərqli bir imic layihəsi artıq çöküb. Onun sözlərinə görə, artıq beynəlxalq aləm Türkiyəni dəstəkləyir.

O, həmçinin bundan sonra HDP-nin İmralıda PKK-nın rəhbəri Abdullah Öcalanla görüşə bilməyəcəyini söyləyib. Akdoğan bunun HDP-nin kürd açılımına xəyanət etməsi və Öcalanın adından yalanlar söyləməsi ilə əlaqədar olduğunu bildirib. Türkiyə silahlı qüvvələrinin PKK-ya qarşı əməliyyatları isə davam edir. 

PKK isə müxtəlif bölgələrdə güc strukturlarına, hərbçilərə qarşı hücumlar təşkil eləməkdədir. Bununla yanaşı artıq PKK üzvləri tərəfindən verilən açıqlamalarda narahatlıq yaşadıqları, xüsusən də ABŞ-ın Türkiyə ilə anlaşma içində olduğundan əndişə keçirdikləri müşahidə edilir. PKK üzvləri açıq şəkildə bəyan etməyə başlayıblar ki, ABŞ Türkiyə ilə razılaşma əldə edib və PKK-nı satıb. Türkiyə hökuməti buna görə əməliyyatlara başlayıb.

Qardaş ölkənin bir sıra siyasi ekspertləri də ABŞ-la razılaşma əldə olunduğunu, məhz bundan sonra Türkiyənin İŞİD və PKK-ya qarşı antiterror əməliyyatlarına başladığını bəyan edirlər.

Azərbaycanlı siyasətçilər, siyasi ekspertlər də PKK-nın Türkiyə və ABŞ arasında razılaşma əldə olunduğunu bəyan etməsinin əsaslı olduğunu bildirirlər.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər musavat. com-a bildirib ki, həqiqətən də ABŞ-la Türkiyə arasında ciddi razılaşmalar əldə olunub. Özü də bu razılaşma bir deyil, bir neçədir. Hələlik bu razılaşmaların bütün detalları tam olaraq bəlli olmasa da bir sıra məsələlər artıq aydındır: “Yəni Türkiyə ilə ABŞ arasında bu danışıqlar ötən ilin dekabrından gedirdi. Həm ABŞ-ın öncəliklərinin fərqli olması, həm Türkiyənin öncəliklərinin fərqli olması bu razılaşmaların əldə edilməsini çətinləşdirirdi. Sonucda bir razılaşma əldə olunub və bu razılaşmanın gizli saxlanması onu göstərir ki, çox ciddi məsələlərdən söhbət gedir. Hələlik bəlli olan odur ki, Türkiyə aktiv şəkildə İŞİD-lə mübarizə koalisiyasına qoşulur və öz aviabazalarını ABŞ başda olmaqla müttəfiq dövlətlərinə açır. Əvəzində Türkiyənin Suriyadakı maraqları təmin olunur.

Bu maraqlar necə tam olunacaq hələ tam aydın deyil. Birinci, Türkiyənin istədiyi təhlükəsizlik zolağıdır. Bu, Hələb yaxınlığına qədər 110 kilometr uzunluğunda olan bir bölgədir. Razılaşma bundan ibarətdir ki, bura İŞİD-dən təmizləndikdən sonra həmin əraziyə Türkiyənin etibar etdiyi mötədil Suriya müxalifəti türkmənlər başda olmaqla daxil olacaq və təhlükəsiz bir bölgə yaranacaq. Həmin əraziyə havadan Türkiyə daxil olmaqla koalisiya qüvvələri nəzarət edəcəklər, dəstək verəcəklər. Bununla da həm İŞİD Türkiyə sərhədlərindən uzaqlaşdırılacaq, Türkiyə sərhədlərinin toxunulmazlığı təmin olunacaq, eyni zamanda Türkiyə üzərindən İŞİD-ə qatılanların qarşısı alınacaq, həmçinin Suriyadan gələn qaçqınların orada yerləşdirilməsi mümkün olacaq.

ABŞ-la Türkiyənin arasında bu razılaşma bölgədə dəngələri tamamilə dəyişib. Bundan öncə PKK ABŞ başda olmaqla İsrail və Qərb müttəfiqlərindən dəstək alırdı. İndi ABŞ-ın və müttəfiqlərinin Türkiyə ilə razılaşmasından çox narahatdır. PKK buna görə hesab edir ki, ABŞ yenidən onları satıb və Türkiyə ilə razılaşıb. Həqiqətən də ABŞ-Türkiyə razılaşması bölgədə dəngələri tamamilə PKK-nın əleyhinə dəyişib".

S.Əkbər PKK məsələsində yenidən bir qütbləşmənin getdiyini də açıqladı: “Diqqət edirsinizsə, Rusiya prezidentinin açıqlaması oldu ki, İŞİD-ə qarşı əsas koalisiyanın mərkəzində, Bağdad, Şam və PKK kürdlər durmalıdır, arxasında isə Rusiya və İran dayanmalıdır. Balansın digər tərəfində isə Türkiyə, ABŞ və NATO üzrə müttəfiqlər dayanır. Yəni ənənəvi bloklaşma yenidən bərpa olundu. Bu da PKK-nı çox ciddi şəkildə narahat edir. PKK ənənəvi dəstəkçilərinə qayıda biləcəyi ilə ABŞ-ı təhdid edir. Diqqət edirsinizsə, PKK öncəliyi Azərbaycanla, Ermənistanla sərhədə verir.

MİT-in də mətbuata sızdırdığı bilgilərə görə PKK istəyir ki, İqdır, Qars, Ağrı, Ərdahan, Ərzurum bölgəsində hakimiyyəti nəzarəti ələ alsın və Ermənistandakı Rusiyanın 102-ci hərbi bazasından dəstək almaqla ənənəvi xətti bərpa eləsin. Bu xətt həm Azərbaycanın maraqların birbaşa təhdiddir. Heç təsadüfi deyil ki, artıq Azərbaycan vətəndaşları PKK tərəfindən həmin bölgələrdə girov götürülür, Azərbaycana gələn yük maşınları dayandırılır, Bakı-Tiflis-Ərzurum qaz kəməri partladılır. 

 Bunlar Azərbaycana da mesajlardır ki, Azərbaycan Türkiyən yanında yer almasın. Beləliklə, artıq bölgədə dəngələr tamamilə dəyişib. Düşünürəm ki, bu Türkiyənin və Azərbaycanın maraqlarına uyğun bir dəyişmədir. Azərbaycan 2010-cu ildə Türkiyə ilə imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni əsas tutaraq Türkiyənin yanında yer almalıdır, PKK-ya olan baxışına köklü dəyişiklik etməlidir, Rusiya ilə siyasətinə korrektələr eləməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol