Almaniyanın koalisiyon hökuməti mühacirləri dəstəkləmək və miqrant axını ilə ortaya çıxan problemləri tənzimləmək üçün 6 milyard avro xərcləmək barədə razılığa gəlib. Ötən axşam sürən danışıqlardan açıqlanan yeni qərara görə, 3 milyard avro federal torpaqların hökumətlərinə və yerli bələdiyyələr arasında bölüşdürüləcək, qalan 3 milyard avro isə müavinətlərin ödənilməsi ilə bağlı federal proqramlara yönəldiləcək.
Həmçinin, yeni tədbirlərin də görülməsi qərara alınıb: mühacirlər üçün qış aylarına doğru 150 min yerlik yeni sığınacaqların (“asylum”) inşası, qaçqın axını ilə bağlı yaranmış problemləri tənzimləmək üçün əlavə 3 min federal polis zabitinin də işə götürülməsi, müavinət ödənişləri ilə bağlı işlərin nizama salınması, dil kursları və inteqrasiya üçün daha çox vəsait ayırılması və s.
Kosovo, Albaniya və Çernoqoriya “güvənilən ölkələr” siyahısına əlavə olunacaq ki, bu ölkələrdən keçən mühacirlərin Almaniyadan deportasiya edilməsi ehtimalı azlıq təşkil edəcək. Həmçinin Almaniyanın koalisiyon hökuməti son açıqlamasında Aİ ölkələrini həmrəyliyə və “ədalətli bölüşdürməyə” çağırıb.
Kansler Angela Merkelin Almaniya sərhədlərini açması ona qarşı tənqid və ittihamların da sayını artırıb. Avropanın və Almaniyanın bir sıra siyasətçiləri onu Avropada “pis nümunə” yaratmaqda ittiham edirlər.
Bir müddət əvvəl Vyana sammitində Almaniya ilə birgə Balkan ölkələrindəki miqrant böhranını həll etməyə çalışan və Berlini dəstəkləyən Avstriya hökuməti də artıq konkret və sərt addımlar atmağa maraqlı görünür.
Avstriya kansleri Verner Faymen tədricən Macarıstanla sərhədlərdən mühacir keçidini məhdudlaşdırmaq üçün xüsusi proseduru tədricən aradan qaldıracağını açıqlayıb. Ötən həftəsinu minlərlə mühacirə ya Avstriyada qalmaq, ya da Almaniyaya keçmək üçün şərait yaradılıb.
“Biz 12 mindən çox insana çətin vəziyyətdə kömək etdik. İndi tədricən fövqəladə vəziyyətdən çıxmalı və normal qaydada işləməliyik”, - deyən Faymen vurğuyıb ki, bu “yadım təşəbbüsü” presendent xarakter daşımayacaq.
Almaniya isə qaçqınlara kömək etmək imkanlarının heç də qeyri-məhdud olmadığını bildirib və başqalarını bundan “sui-istifadə istifadə etməməyə” çağırıb.
“Bu, Almaniyanın problemidir”

Bu ilin yanvarından avqustuna qədər Aİ sərhədlərində 350 mindən çox mühacir qeydə alınıb. Bütün 2014-cü il ərzində isə bu göstərici 280 mindən çox olmamışdı. İlin sonuna qədər Avropaya mühacir axınının 800 mini keçəcəyi proqnozlaşdırılır. Mühacirlər əsasən Suriya və Əfqanıstandan, Eritreya, Somali və digər münaqişə yaşayan ölkələrdən gəlirlər. Bu il Avropaya gedən yolda (və ya Aralıq dənizində) ölən qaçqınların sayı 2600-dən çox olub.
Qaçqın axını Avropa ölkələrində yerli əhalinin də narazılığına səbəb olub, bəzi yerlərdə oğurluq hallarının sayı artıb. Ötən ay Almaniyada qaçqınlara qarşı aksiyalar da müşahidə olundu. Mühacirlərin gəlişindəki artım Qərbi Avropa ölkələrində, xüsusilə də Almaniyada neonasist qrupların fəallaşmasına “stimul” verib.
Almaniyanın “ədalətli bölüşdürmə” çağırışları heç də bütün ölkələrdə birmənalı qarşılanmır. Bundan əvvəl İtaliya və Yunanıstanın müraciəti əsasında açılmış müzakirələrdə Macarıstan heç bir miqrantı qəbul etməyəcəyini açıqlamışdı. Şərqi Avropanın bir çox ölkələri də məhdud sayda miqrant qəbul etməyə hazırdırlar.
Berlinin bu istiqamətdə humanist mövqe tutması heç də birmənalı qarşılanmır. Hətta London və Paris belə qaçqın qəbulunda ehtiyatlı davranmağa çalışır.
Bəzi Avropa siyasətçiləri Almaniyanın son illər liderlik davranışlarından sanki bezikmiş vəziyyətdədirlər, bu miqrasiya problemi isə onlar üçün yaxşı fürsətdir.
Qaçqın axını Avropaya necə təsir edəcək?

Almaniyalı qeyri-almanlar, fransalı qeyri-fransızlar bu ölkələrin cəmiyyətində üstünlük təşkil etdikcə, xristian və millətçi təmayüllü təşkilatlar daha çox narahat olmağa başlayır.
Bəzi mühafizəkar siyasətçilər demişkən, “Avropa xalqlarının əməyinin bəhrəsini asiyalılar və afrikalıar yeyir”.
Bir məsələ də var ki, artıq bir çox məhsulları Çindən idxal edən və yerli sənayesini məhdudlaşdıran Qərbi Avropa ölkələri yerli istehsala güc verə, artan əmək qüvvəsini səmərəli istiqamətdə yönləndirə bilərlər.
Lakin hazırda Avropa dərin bir miqrasiya problemi yaşayır və bu mövzuda olan fikir ayrılıqları Aİ-də çatlar yaradır, həmçinin bu ittifaqa qoşulmaq üzrə olan Serbiya, Çernoqoriya, eləcə də “gənc Aİ üzvü” Makedoniyada narahatlıqlara səbəb olur. Üzvlərin iqtisadiyyatları arasındakı qeyri-bərabərlik, “böyük qardaşlar”ın kiçiklərə diktəsi, “kiçik qardaşlar”ın böyüklərdən şikayətləri Aİ-nin problemləri birgə həll etmək prinsipini əməldə reallaşdırmağa maneə törədir.
Avropa İttifaqı bu problemlərin öhdəsindən necə gələcək?

Lakin beş əsas məqam var ki, Aİ ölkələri ən azından böhranı yumşaltmaq üçün razılığa gələ bilər:
Sığınacaq qaydaları ətrafında razılaşma: Aİ-nin miqrasiya probleminin həlli üçün uzun illər əvvəl imzalanmış Dublin razılaşması əsasında yaradılan sistem kömək etmir. “Frontline countries”, yəni Avropanın sərhəd ölkələri hesab olunan İtaliya, Yunanıstan və Macarıstanda qeydiyyatdan keçən miqrantlar burada qalmaq istəmir, onlar daha varlı ölkələrə, Almaniya, Fransa, Böyük Britaniya və İsçevə getməyə can atırlar.
Belə olduğu halda, sığınacaq şərtlərində də yenilənməyə ehtiyac duyulur.
Milli sığınacaq kvotaları: Ədalətli bölüşdürmə tələbləri nəticə vermir. Bundan əvvəl İtaliya və Yunanıstana sığınan 40 min mühaciri ölkələr üzrə bölüşdürmək təşəbbüsü fayda vermədi və iyul ayında sadəcə könüllülük əsasında 32500 miqrantın müxtəlif üzv-ölkələrdə yerləşdirilməsi qərara alındı.
Böyük Britaniya hər hansı kvotadan imtina edib və dəqiq rəqəm açıqlamadan minlərlə miqranta sığınacaq verməyi vəd edib. Bu gün baş nazir Devid Kameron 10 mindən çox suriyalıya birləşmiş krallıqda sığınacaq veriləcəyini, ən qısa müddətdə bu məsələ ilə bağlı hökumətin tədbirlər planını açıqlayacağını bildirib. Britaniya hökuməti tərəfindən miqrantlara sığınacaq verilməsi üçün təxminən 420 min vətəndaş petisiya imzalayıb. 82 min Britaniya vətəndaşı isə bunun əleyhinə imza atıb. Lakin London kömək etməkdə qərarlı görünür və qaçqın böhranı ilə bağlı 12 milyard funt-sterlinq həcmində büdcə də ayırılıb.
Avropa Komissiyasının sədri Donald Tusk isə bu günlərdə verdiyi bəyanatda Aİ ölkələrini 100 mindən çox qaçqını bölüşdürmək üçün razılaşmağa çağırıb.
Problemlə yerində mübarizə: Aİ ölkələri Aralıq Dənizində patrul əməliyyatlarına başlayıb, Misir və Liviya sahillərindən Avropaya doğru reallaşan insan qaçaqmalçılığının qarşısını almağa çalışır.
Lakin bununla da iş bitmir; bir çox ictimai və siyasi təşkilatlar Ai hökumətlərini Suriyadakı vətəndaş müharibəsinin bitməsi üçün daha fəal addımlar atmağa çağırır.
Türkiyə və Livana keçən suriyalı qaçqınların sayı 4 milyonu keçib, lakin Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi varlı ölkələr nədənsə çox az mühacirə sığınacaq veriblər. Buna görə də, Qərb siyasətçilərinin ərəb şeyxlərinə daha çox təzyiq göstərməsinə ehtiyac var.

Mühacirləri geri qaytarmaq: 2014-cü ildə sığınacaq ərizələrinin ancaq 45 faizi uğurlu olmuşdu. Bəzi milliyyətlər üçün sığınacaq ərizələri tamamilə rədd olunub. Hazırda Aİ-yə “güvənilən ölkələr” siyahısı üzrə razılaşmaqla bağlı təzyiqlər var ki, bu siyahının yenidən müəyyənləşməsi miqrantların geri qaytarılması üçün leqal əsaslar yaradacaq. Serbiya, Kosovo, Albania, Bosniya-Herseqovina and Maledoniyanın “güvənilən” elan edilməsi ilə bağlı çağırışlar var. Bu ölkələrdə qeydiyyatdan keçmiş və ordan gələn mühacirlər “daha şanslı” sayıla bilər.
Problemlərin həlli üçün ilk növbədə ortaq fikir tələb olunur ki, son zamanlarda yaranan narazılıqlar, borc böhranları Avropa liderlərinin öz aralarındakı münasibətləri də gərgin edib.
Lakin Avropa liderləri yalnız qaçqın bölüşdürmək üçün yox, həm də Yaxın Şərqdəki münaqişənin həlli üçün səy göstərsələr, miqrasiya problemi də qısa zamanda öz həllini tapar.
Rüfət Əhmədzadə
AzPolitika.info

Şərhlər