Kliçko: «Ya 2004-ci ilin Konstitusiyası, ya da erkən prezident seçkiləri!»

Beynəlxalq aləm Ukraynadakı siyasi böhrandan çıxış yolunu iqtidarla müxalifət arasındakı dialoqda görsə də, tərəflərin günlərdir apardığı danışıqlar hələ ki bir nəticə verməyib. Öz növbəsində Avropanın nüfuzlu siyasətçilərinin Kiyevə səfərləri də davam edir.

Eşton Yanukoviçlə görüşdü

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Ukraynaya səfəri çərçivəsində fevralın 5-də prezident Viktor Yanukoviçlə görüşüb. Tərəflər ölkədəki siyasi situasiyanın stabilləşməsi istiqamətində söhbət aparıblar. İqtisadi islahatlar və demokratik institutların möhkəmləndirilməsi də müzakirə mövzusu olub. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı həm də vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Ukraynadakı son olayların obyektiv, şəffaf araşdırılması və Konstitusiya islahatlarının aparılma perspektivi müzakirə olunub.

Növbəti görüş Nulandla olacaq

Fevralın 6-da Kiyevə səfər edəcək ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland da Viktor Yanukoviçlə görüşməyi planlaşdırır. Bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib: “Viktoriya Nuland prezident Viktor Yanukoviç və Xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Leonid Kojara ilə görüşməyi planlaşdırır. Həmçinin müxalifət və vətəndaş cəmiyyətinin liderləri ilə bir sıra görüşlər nəzərdə tutulub”.

Yanukoviçin səfərinə rədd cavabı...

Praqa şəhərinin rəhbərliyi Ukrayna prezidenti Viktor Yanukoviçin səfərinin təşkilində iştirakdan imtina edib. Şəhər meriyası müvafiq qərarı fevralın 4-də qəbul edib. Praqa meri Tomaş Qudeçek bildirib ki, əgər Yanukoviç şəhərə gəlsə, yerli hakimiyyət orqanları səfərlə bağlı heç bir tədbir keçirməyəcək. Onun sözlərinə görə, Ukrayna prezidenti ratuşada təşkil edilən ənənəvi qəbula da dəvət olunmayacaq.

ABŞ: «Xüsusi təyinatlılar geri çəkilməli, etirazçılar azad edilməlidir»

ABŞ hesab edir ki, prezident Viktor Yanukoviç Ukraynada gərginliyin aradan qaldırılması üçün beynəlxalq maliyyə yardımının göstərilməsi təklifi də daxil olmaqla bütün imkanlardan istifadə etməlidir. Bu barədə vitse-prezident Cozef Baydenin Ukrayna prezident Viktor Yanukoviçlə növbəti telefon danışığının nəticələrinə dair Ağ Evin açıqlamasında deyilir: “Vitse-prezident Cozef Bayden Ukrayna prezidenti Viktor Yanukoviçi ölkədə gərginliyin azaldılması və Ukrayna xalqının etimadının artırılması üçün beynəlxalq maliyyə yardımının göstərilməsi təklifi də daxil olmaqla bütün imkanlardan istifadə etməyə çağırıb. Buraya xüsusi təyinatlıların geri çəkilməsi, saxlanılan etirazçıların azadlığa buraxılması, jurnalistlərə və aksiya iştirakçılarına hücumlarda əlaqəsi olanların məsuliyyətə cəlb olunması kimi dərhal atılacaq addımlar daxildir”. Söhbət zamanı Bayden qeyd edib ki, Ukraynada sülhə və sabitliyə aparacaq yeganə yol – dialoqun davam etdirilməsində və yeni hökumətin formalaşdırılması məqsədi ilə xalqın etimadını qazanacaq həqiqi

kompromisin əldə olunmasındadır(APA).

Yardım yalnız müxalifətin yaratdığı hakimiyyətə ayrılacaq

Avropa Birliyi və ABŞ tərəfindən Ukraynana maliyyə yardımı yalnız müxalifətin yaratdığı keçid hökumətinə veriləcək. Bu barədə Almaniya xarici işlər nazirliyinin Almaniya-Rusiya əməkdaşlığına dair koordinatoru Gernot Erler bəyan edib. Onun sözlərinə görə, bu yardımın məqsədi keçid mərhələsində islahatçılara dəstək verməkdir: «Yardımın ünvanı birmənalıdır: bu, müxalifətin yaradacağı müvəqqəti hökumətdir. Bu, çox zəruri perspektivdir - hakimiyyət müxalifətin əlində olacağı halda əhaliyə nikbin yol göstərmək». Alman siyasətçi bildirib ki, hakimiyyət Rusiyadan 15 mlrd. dollardan artıq kredit aldığı halda müxalifətin də iqtisadi perspektivə ehtiyacı var.

Avropa Birliyi danışıqlarda vasitəçi olmağa hazırdır

Avropa Birliyi Ukraynada siyasi böhranın nizamlanması üçün müxalifət və hakimiyyət arasındakı danışıqlarda yüksək səviyyədə vasitəçilik etməyə hazır olduğunu bildirib. Bu barədə «UDAR» lideri Vitali Kliçko Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonla keçirdiyi görüşdən sonra bildirib: «Biz Ukraynadakı vəziyyəti müzakirə etdik. Ən əsas böhranın çözülməsi üçün real addımların atılmasıdır. Mən qeyd etdim ki, parlament ilk növbədə, 2004-cü ilin Konstitusiyasına qayıtmaq barədə akt qəbul etməlidir. Bu ölkədə hakimiyyətin inhisarını aradan götürməyə imkan verəcək. Prezident Yanukoviçlə danışıqlara gəlincə, xanım Eşton Avropanın müxalifət və hakimiyyət arasındakı danışıqlarda yüksək səviyyədə vasitəçilik etməyə hazır olduğunu bildirib”.

Kliçko: «Bütün ölkə gördü ki, hakimiyyətin bir əldə cəmləşməsi necə təhlükəlidir»

Kliçko onu da bildirib ki, əgər hakimiyyət müxalifətin təklif etdiyi kimi, 2004-cü ilin Konstitusiyasına qayıtmaq istəmirsə, o zaman erkən prezident seçkiləri keçirsin: «Bütün ölkə gördü ki, hakimiyyətin bir əldə cəmləşməsi hansı nəticələrə gətirib çıxarır və bu necə təhlükəlidir. 2004-ün Konstitusiyasına qayıdış cəmiyyətdəki gərginliyi azaldacaq və böhrandan real çıxış yolu olacaq. Vaxtımız yoxdur. Parlament indi ikinci dərəcəli məsələləri müzakirə etməməli, böhranın həllinə fokuslanmalıdır».

Füle: «Avropa Birliyi müsbət ssenarinin olacağı təqdirdə dəstək verməyə hazırdır»

Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle gələn həftə Ukraynaya gəlir. Avrokomissar bunu Avropa Parlamentində Ukrayna ilə bağlı çıxış edərkən bildirib. Lakin o, səfərin konkret tarixini açıqlamayıb. Füle çıxışı zamanı bildirib ki, Avropa Birliyi Beynəlxalq Valyuta Fondu ilə birlikdə siyasi və iqtisadi islahatların keçirilməsi üçün Ukraynaya kömək etməyə hazırdır: «Avropa Birliyi müsbət ssenarinin olacağı təqdirdə dəstək verməyə hazırdır. Biz Beynəlxalq Valyuta Fondu və başqa beynəlxalq əməkdaşlarla birgə yardımın həcmini genişləndirə də bilərik. Bütün bunlar Ukrayna hakimiyyətinin qarşıdakı illərdə suverenliyi, stabilliyi, modernləşməni və iqtisadi çiçəklənməni təmin etməsi üçün vacibdir. Ukraynanın öz qapılarını avrointeqrasiyaya açıq tutması da çox önəmlidir».

Füle onu da qeyd edib ki, 2015-ci il seçkiləri üçün azad və ədalətli şəraitin yaradılması olduqca vacibdir. Bunun üçün həm də Mərkəzi Seçki Komissiyanın tərkibində balans gözlənilməlidir.

Ukrayna ilə bağlı qətnamənin 7 versiyası qeydiyyatdan keçib

Fevralın 6-da Avropa Parlamenti Ukrayna məsələsini müzakirəyə çıxaracaq və müvafiq qətnamə qəbul edəcək. Məlumatlara görə, Avroparlamentdə Ukrayna ilə bağlı qətnamənin 7 versiyası qeydiyyatdan keçib. Onlardan biri budəfəki iclasda təsdiqlənməlidir. Qətnamənin bütün layihələrində Ukrayna xalqına dəstəkdən, insanların avrointeqrasiya təşəbbüslərindən bəhs olunur. Həmçinin dinc nümayişçilərə qarşı güc tətbiqi pislənərək saxlanılan fəalların azad edilməsi tələb olunur. Layihələrin əksəriyyətində bildirilir ki, Ukraynada yaranmış böhranlı vəziyyətdən çıxmaq üçün Avropa Birliyi ölkəyə siyasi və iqtisadi dəstək verməlidir. Bəzi layihələrdə isə insan haqlarını pozan məmurlara sanksiya tətbiqinin zəruriliyindən bəhs olunur.(azadlıq.info)