Menu

"Rusiya neftin "qara bazar"ını dağıtmaq üçün Suriyaya girib" - Tanınmış iqtisadçı 

05.10.2015, 12:41
"Rusiya neftin "qara bazar"ını dağıtmaq üçün Suriyaya girib" - Tanınmış iqtisadçı 

Rusiyanın Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamasından sonra neftin qiymətində tədrici artım baş verməkdədir. Artıq bir çox müşahidəçilər bu qənaətdədir ki, Rusiyanın Suriyaya müdaxiləsinin kökündə də əsas məqsədlərdən biri məhz İŞİD-in "qara bazara" çıxardığı ucuz neft satışının qarşısını almaqdır.

Bu rəydə olanlardan biri isə tanınmış iqtisadçı-ekspert Qulu İbrahimlidir. Qulu İbrahimlinin Strateq.az-a açıqlamasına görə, dünya bazarında neftin hazırkı aşağı qiyməti əslində birjada deyil, məhz "qara bazar"da təşəkkül tapan qiymətdir və ədalətli dəyəri əks etdirmir: "Enerji sektorunun nəhəngi SHELL də şimal qütbündəki neft və qaz axtarışı işlərini dayandırdı, nəzərdə tutulan bəzi investisiya layihələrinə başlamayacağını elan etdi. Səbəb isə maya dəyərinin yüksək olması, gəlirlərin xərcləri qarşılamamasıdır. Təbii ki, neftin qiymətinin aşağı düşməsində dünyadakı iqtisadi artımın azalması və dünyada neftin əsas alıcılarından olan ABŞ-ın özünün neft hasilatını artırması əsas rol oynayıb. Həm də ABŞ Mərkəz Bankının (FED) 2008-ci ildən özündə hər ay bazara on milyardlarla dollar buraxılmasını ehtiva edən "Genişləndirilmiş Pul Siyasəti Proqramı"nı keçən ilin oktyabr ayından dayandırmasının da nəticəsi olaraq dolların dəyər qazanması neftin (habelə digər əmtəə və valyutaların) qiymətlərinə də təsir göstərib. Ancaq göstərilən iqtisadi amillər neftin bu dərəcədə kəskin ucuzlaşaraq indiki səviyyəyə gəlib çıxmasına kifayət edə bilməzdi".

Tanınmış iqtisadçının fikrincə, həm "Ərəb baharı" adı verilən siyasi proseslər və İŞID terror qruplaşmasının yaranması nəticəsində neft hasil olunan və tranziti həyata keçirilən mühüm coğrafiyada suveren dövlətlərin faktiki sıradan çıxarılması, həm də İrana tətbiq olunan sanksiyalar neftin "qara bazar"ının yaranmasına səbəb olub, bu da öz növbəsində neftin dünya bazar qiymətinin aşağı düşməsinə təsir göstərib: "Bir var, bazar mexanizmlərinin işlədiyi, vergilər və digər iqtisadi tənzimləmə alətlərinin olduğu suveren dövlətin nəzarətində hasil olunan və həcmi tənzimlənən neft üçün təşəkkül tapan qiymət, bir də var terrorçunun nəzarətsiz hasil etdiyi və satdığı neftin qiyməti. Təbii ki, terrorçu ancaq "qara bazar"da çox aşağı qiymətə neft satacaqdır. İrana tətbiq olunan sanksiyalara gəldikdə isə, xatırladım ki, Beynəlxalq Valyuta Fondu hələ 2012-ci ildə Dünyanın İqtisadi Mənzərəsi adlı hesabat yayımlamışdı. Hesabatda "neft krizi” başlığı altında göstərilmişdi ki, dünyanın ən böyük üçüncü brend neft ixracatçısı olan İrandan neft tədarükündə mümkün ola bilən azalmanın neft qiymətləri üzərində təsiri böyük olacaq. İran neft ixracatını kəsərsə, qiymətlər 20-30 faiz artar. Hesabatda göstərilən ssenarilərin birinə görə isə, dünya bazarında mümkün ola bilən neft tədarükü şokunun neft qiymətlərini iki il ərzində 50 faizdən çox artıra biləcəyi, hətta geosiyasi qeyri-müəyyənliklərin artımı tətikləyib 200 dollardan yuxarı edəcəyi ehtimal olunmuşdu. BVF dünyanın indiki iqtisadi mənzərəsini proqnozlaşdıra bilmirdimi? İrana sanksiyalar tətbiq olundu, geopolitik qeyri-müəyyənliklər davam etdi, amma neftin qiymətində kəskin azalma oldu. İranın neft ixracatında sanksiyalara məruz qalmasından sonra dünya mətbuatında İranın ixracat neftinin hasilatını dayandırmadığı, hasil olunan neftin, təqribən, 100 milyon barel olmaqla tankerlərə yığılıb açıq dənizdə üzdürüldüyü barədə məlumatlar yayıldı. Sanksiyalara məruz qalan ölkə onu deşmək üçün həmişə yollar axtarar, ixrac etdiyi məhsulları ucuz qiymətə təklif etmək məcburiyyətində qalar. Açıq dənizdə "gəmidən-gəmiyə" neft nəqli imkanının mümkün olduğu şəraitdə, heç də inandırıcı deyil ki, İran 100 milyon barellə kifayətlənərək tankerlərini doldurub indiyədək açıq dənizdə boş-boşuna sadəcə üzdürürmüş".

Qulu İbrahimli hesab edir ki, məhz neftin birjadan kənar, "qara bazar"da tranziti və satışının genişlənməsi birja qiymətlərinin də ədalətli dəyərdən uzaqlaşmaqla aşağı düşməsinə təsir göstərib: "Görünür, neftin kəskin aşağı düşməsindən iqtisadiyyatı əziyyət çəkən Azərbaycan kimi, Rusiya da neftin "qara bazar"ının aradan qalxmasına maraqlıdır. Ona görə də Suriya və İraqda suveren dövlətlərin bərpa olunması və İŞID kimi terror qruplaşmalarının sıradan çıxması üçün hərbi müdaxiləyə əl atmağa məcbur qaldı. Deyərdim ki, SHELL-in timsalında hətta beynəlxalq neft şirkətləri də "qara bazar"dan əziyyət çəkməyə başlayıb".

Qulu İbrahimlinin fikrincə, hazırda Rusiya ictimai diqqəti "terrorçuların məskunlaşdığı bölgələri" bombardman etdiyi fikri üzərində cəmləməyə yönəltsə də, yaxın vaxtlarda hərbi əməliyyatların ağırlıq mərkəzini Suriya və İraqın neft istehsal edən və neftin daşındığı bölgələrinə keçirəcək: "Artıq İŞİD-in Rakkadan Mosula çəkildiyi xəbərləri yayılıb. Çox güman ki, yaxın günlərdə ruslar bu istiqamətdə də əhəmiyyətli irəliləyişlər əldə edəcək: həm neft çıxarılan bölgələr, həm də daşınmanın həyata keçirildiyi yollar bombalanacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol