"Ermənistan Qarabağ məsələsində tək qalmayacaq. O, öz tərəfdaşlarının, dostlarının və qardaşlarının əhatəsindədir".ANS PRESS-in məlumatına görə, bunu Belarusun Ermənistana yeni təyin olunmuş səfiri İqor Nazaruk deyib. Səfir mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlərdən biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cəbhədə baş verən son gərginliklərə reaksiya verib-verməyəcəyini soruşub.
"Keçən həftə "Baqramyan" poliqonu da daxil olmaqla KTMT xətti ilə hərbi təlimlər keçirilib. Burada Rusiya, Belarus və digər təşkilata daxil olan ölkələr iştirak edib. Əgər sadə dillə desək, bu təcavüzün kollektiv müdafiə ilə qarşılaşacağına dair bütün dünyaya bir mesaj idi. ", - deyə səfir bildirib.
Bu sözlərdən sonra sanki cəsarətlənən erməni jurnalistləri Azərbaycan tərəfinin atəşkəsi pozduğunu iddia edib və səfirə ölkəsinin Azərbaycanın "bu cür əməlləri" ilə bağlı suallar verib.
Diplomat isə bu suallara cavab verərkən Ermənistanın acınacaqlı vəziyyətindən bəhs edib. Ölkəsinin isə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.
"Belarus Ermənistan xalqının nələr çəkdiyini və bu iztirabların hələ də davam etdiyini yaxşı bilir. Atəşkəsin pozulması ilə bağlı mən təəssüflənməyimdən başqa heç nə deyə bilmərəm. Bizim prezident və hakimiyyət münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. ATƏT-in Minsk qrupu da məhz gərginliyi azaltmaq və münaqişənin sülh yolu ilə həllinə kömək etmək üçündür. Amma konkret qərarların qəbul edilməsi üçün bu qrup fəaliyyətini aktivləşdirməlidir", - deyə İqor Nazaruk bildirib.
Erməni jurnalistin Minsk qrupunun Azərbaycana təzyiq göstərməsi haqqında sualına da səfir diplomatik cavab verib. "Münaqişənin gərginləşməsi kimə sərf edir? Demək, bundan istifadə edən qüvvələr var", - deyə Ermənistandakı Belarus səfiri bildirib.

Şərhlər