Naşılıq alın yazımız

Qaqauz Eli deyilən Moldova hüdudlarında bir ərazi var. Burada bizim üçün dilcə çox yaxın, dincə çox uzaq bir topluluq yaşayır. Qaqauzlar, yəni Göy Oğuzlar Oğuz qrupuna aid olduqlarına görə uzaq məsafələrdə yerləşməyimizə baxmayaraq, Türkiyə və Azərbaycan türklərinin rahat anladıqları ifadələri nitqlərindən dərhal sezə bilirsən.

Onlar vaxtilə ortodoks xristian dinini qəbul etsələr də, milli kimlik anlayışlarını itirməmişlər. Moldova müstəqillik qazanandan sonra dərhal özlərinə aid siyasi və mədəni haqların əldə olunması üçün ciddi çalışmalara başlamış, yekunda da bir mədəni-ərazi muxtariyyəti qazanmışdılar. Bu o deməkdir ki, Moldova dövlətinin içində kollektiv varlıqlarını və təmsilçilik imkanlarını qoruya bilmişdilər. Sayları elə də çox deyil, Qaqauz Respublikası adlanan ərazidə 160 min əhalinin hardasa 130 mini qaqauzlardır. Dünyada ümumu sayları 250 min civarındadır. Bir çox ölkələrdə bu sayda topluluqlar belə bir muxtariyyət haqqına sahib deyillər və bu həqiqətən də əhəmiyyətli uğur sayıla bilər.

Ancaq bu gün aldığım xəbər həqiqətən narahatedici xarakterdədir. Öz varlığını qorumaq üçün Moldovanın rus məkanından qurtulub Avropaya yönəlməsinə ən çox maraqlı olması düşünülən qaqauzlar tam Rusiyanın istədiyi şəkildə separatçılıq addımına əl ataraq referendum keçirmiş və iştirak edən 70% seçicinin 98%-i Gömrük İttifaqının lehinə, 2% isə Avropa Birliyinin lehinə səs vermiş. Bu seçkiləri Moldova hökuməti tanımamış və eynilə rus ordusunun əsarətində olan Dnestryanı bölgədə olduğu kimi, buradakı addımları da Rusiyanın provokasiya etdiyi addımlar kimi qiymətləndirmiş.

Qəribədir, deyilmi? Kimə söyləsən ki, Avropa Birliyi hüdudlarına girirsən və hüquqlarının qorunması imkanın daha da genişlənir, daha mədəni bir cəmiyyət qurma imkanın yaranır, adamlar bundan imtina edərək yenidən heç bir quru sərhədi olmayan Rusiya yolunu izləməyə davam edirlər. Ordu yaratmaq potensialı yox, döyüşkən bir xalq kimi də tanınmırlar, siyasi və intellektual elitası güclü deyil, əsasən də bir kəndli toplumu kimi yaşayırlar, arxalarında da səmimi dəstək verə biləcək bir türk dövləti də yoxdur, o zaman nə istəyirlər? Rusiyanın dəstəyinəmi arxayındırlar? Bunun adı, sadəcə, öndə gedən bir neçə siyasətçinin ağılsız, yaxud da Rusiya kəşfiyyat şəbəkəsi ilə bağlı davranışı ola bilər və zavallı xalqı da Moldova dövləti və xalqı ilə düşmənə çevirməyə yönləndirirlər.

Moldova bizdən uzaq, qaqauzların də bizə elə bir isti-soyuğu yox, deyəcəksiniz. Burada biz türklərin siyasətdə bəzən zamanı doğru oxumayan naşı davranışlarına diqqət çəkmək istədim. Kimsə Avropanın xəritəsini yenidən çəkməyi düşünmür, heç Moldovanın xəritəsində də dəyişiklik ağlabatan deyil. İyirmi ildir orqanizmdə olan Dnestryanı xəstəliyi donduraraq vücudunda gəzdirən bizim Azərbaycana bənzər taleni yaşayan bir Moldova var. Xəstəliyimiz bir-birinə tanış olduğundan, bizlər qaqauzların bu hərəkətindən hansı qoxunun gəldiyini dərhal hiss edirik.

Məncə, burada Türkiyə və Azərbaycan xarici siyasətini qınaq altında saxlayacaq bir neçə ciddi məqam da var. İyirmi ildir ki, əlaqələrimiz olan bu ərazidə kompakt şəkildə yaşayan bir kiçik türk topluluğunun bu dərəcədə Rusiyanın iradəsinə doğru sürüşməsinə bu qədər imkan tanınmamalıydı. Moldova bizim üçün haçansa presedent ola bilər və biz maraqlı olmalıyıq ki, oradakı separatçılığa Moldovanın istədiyi kimi son qoyulması bir çözüm meyarına çevrilsin. Avropa Birliyi bizdən fərqli olaraq, bütün sənədlərində Moldovanın ərazi bütövlüyü məsələsinə xüsusi diqqət ayırır. Türkiyənin bu yöndə imkanları bizdən də artıq idi, yüzlərlə qaqauz orada təhsil alırdı. Necə olur ki, oranın siyasi elitasında Türkiyə maraqlarına uyğun davranan kimsə tapılmır, hamı Rusiyanın istədiyi siyasətin aktyoruna çevrilir?

Bəlkə qaqauzlar üçün Rusiyayönlü siyasətin başqa bir perspektivi var, əlbəttə, biz onların maraqlarını özlərindən daha yaxşı bilmərik. Bu, bir kənar müşahidədir və kiçik bir türk topluluğunun Rusiyaya arxayın olub Moldova ilə üz-üzə qalması, fikrimizcə, gələcək üçün yaxşı heç nə vəd etmir. Əgər savaş çıxarsa, təbii ki, Rusiya alovu gücləndirmək üçün hər cür silah ötürə bilər, ancaq həlak olan yenə də qaqauz xalqı olacaqdır və öz sayını yenidən bərpa etmək imkanı bu savaşdan sonra çətin mümkün ola. İndiyədək qazandıqlarını itirmək ehtimalı daha da böyük. Naşı siyasət bəlkə də Alın Yazımız deyil, ancaq alnımız beynimizdən öncə düşünməyə başlayanda yaşadığı faciələrə görə qaqauzu da, özbəyi də, qırğızı da, azərbaycanlısı da ya ermənini, ya rusu, ya çinlini söyməyə başlayır.

Üzülürəm, acıyıram, özümü də qınayıram bir türk qardaşıma qarşı olduğuma görə, ancaq bu məsələdə tərəddüdsüz Moldovanı dəstəkləyirəm - Avropaya can atan Moldovanı...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar