Bütöv Azərbaycanlı axtarışı

Küçədə-bacada hamı Suriyanı müzakirə edir. Necə ola bilər ki, insan bankda, şirkətdə, bazarda gəlirli işini atıb şəhid olmaq niyyəti ilə tanımadığı bir məmləkətə yollansın? Suriyadakı savaşa adam göndərən hansısa şəbəkədən söhbət gedir. Ancaq hər cür belə şəbəkələr ola bilər, gedən ki, ağlı başında olan insandır: ailəsini, işini, Vətənini atıb gedə bilirsə, demək ki, hansısa qəti qərar verəcək xarakterə sahibdir.

Bütün bu hay-küyün əslində bir səbəbini sezmək olur: Ölümdən qorxan çoxluq üçün ölümü adiləşdirən bu azlıq uzaqlarda da olsa, psixoloji təhlükə olaraq rahatsızlıq yaradır. Əslində Qarabağda savaş olsa, getmək niyyəti olmayan böyük çoxluğun onlara qarşı birinci ittihamı da “heç Qarabağda savaş olsa, getməyəcəklər”dən başlayır. Başqa ölkələrdə silahlı münaqişələrdə döyüşən Azərbaycan vətəndaşları barədə cinayət məsuliyyəti yaradan absurd bir qanunun qəbul olunmasına da çağırışlar var. Anlamaq istəyən yoxdur ki, tarixi ənənəsinə görə, bugünkü qavrayışına görə bizdə çoxluğun mənimsədiyi İslam Suriya savaşı olmadan belə öz içində nifrət ağırlığı ilə seçilən bir İslamdır. İnsanlar dindarlaşdıqca, sanki insana sevgilərini, dəyərlərini daha çox azaltmış olurlar. Fərdi haqları daha çox kollektiv haqların içində basdırmağa çalışırlar. Bu savaş duyğusunun bəlkə də xaricə köçürülməsi Azərbaycan üçün bir vaxt qazanma şansıdır. Bu şansdan ağıllı şəkildə yararlanaraq sağlam din düşüncəsini cəmiyyətə çatdırmaq əvəzinə, hamı öz durduğu mövqeni haqlı sayaraq başqasının cinahına yönəlik mübarizədən danışır. Ancaq bir gerçəyi anlamaq istəmirlər ki, yanlış din anlayışına qarşı ən səmərəli mübarizə doğru alternativlərin təbliğ olunmasıdır.

Əlbəttə, insanların asudə vaxtını necə seçmələri yönündə dəqiq bir istiqamətləndirmə işi xeyli çətindir. Kimisi bu asudə vaxtını Yessentukidə, Karlovı Varıda, Baden-Badendə, kimisi də bəşər əsədçilər cinahında və yaxud zəngin ərəb dövlətlərinin dəstəklədiyi anti-bəşər cinahında radikal dinçilər tərəfdə vuruşaraq keçirməkdə görür. Xeyli hissəsi müasir silahlardan istifadə etmək qabiliyyətində olmasa da, savaş məntəqəsinə çatan kimi alovun içində özlərini görməyə başlayır və bir çox hallarda təcrübəsizlikdən ölürlər. Bir tərəfdən də Əsədi müdafiə edən “Hizbullah”ın ölüm timlərində bu millətin təmsilçiləri başqa bir anti-İslamın təəssübkeşi kimi döyüşməyə girişir. İki xarakterik Azərbaycan dindar kimliyi üz-üzədir. Hər ikisi də İslamın sağında və ya solundadır, İslamın özündə olmağı, onun nüvəsində durmağı bacarmamış, hər ikisi də yaradılanı yaşatmağı deyil, öldürməyi hədəf olaraq seçmiş. Doğru İslama yürüyənlər üçün İslam dini hər an yenidən insana açılır, tükənmir, bitmir. Yanlış din anlayışı insan üçün artıq özünün qərar verdiyi görüntüdə tamamlanır, yekunlaşır. Bu tamamlanmanın arxasında, yanında nə varsa, hamısı silinməli, yox edilməli, uzaq tutulmalıdır. İslam saqqalın uzunluğudur, İslam möhürün həcmidir, İslam ölüb bu dünyadan canını qurtarmaqdır, İslam öldürüb həzz almaqdır.

Bu, yalnız dinlə bağlı qarşıdurma deyil. Rusiya şəhərlərində də bu ölkənin kəşfiyyat orqanlarının yönləndirməsi ilə bir-birini gülləbaran edən azərbaycanlıların “bazar polkası” davası da motiv etibarilə fərqlənsə də, nəticə etibarilə eyni xarakterin məhsuludur.

Əslində bu mənzərə nəyi bir daha bizlərə göstərir? Nəyin uğrunda savaşdığını, yaşadığını bilməyən, tarixi təsadüflərin gətirdiyi qazancı xərcləyən, yanlış bir din anlayışının sıxıntısını yaşayan bu gün azərbaycanlı adlanan bir milli kimliyin Arazın o tay-bu tayındakı, eləcə də Rusiyanın hər tayındakı acınacaqlı durumunu.

İllərdir fəxr etmişik ki, Güney Azərbaycanda bütün inqilablar Təbrizdən başlayıb. Bütün inqilablar da keçici bir qızışmadan başlayır və emosiyaların ağlı üstələməsi ilə hər kəs sabahın məsuliyyətini düşünmədən dərhal qısa bir zamanda hər şeyin həllinə çalışır. Ağıl yenidən oyanmağa başlayanda anlaşılır ki, öz əlinlə öz düşmənini başına çıxarmısan, qazandığın da qətl edilən minlərlə insanın adlı-adsız qəbirləridir. Bizim əcdadların yaşadığı Azərbaycan adlanan coğrafiyada beş yüz il öncə də beləydi, 35 il öncə də, indi də...

Yaxşı ki, İranda bu inqilablar ənənəsi bir az geridə qalıb və ağlın imkanları ilə milli kimliklər üçün nələrinsə tədricən qazanılması yolları açılıb. İndi İran Məclisində müzakirələr gedir ki, ölkədə yaşayan bütün xalqların dillərində məktəblər açılsın. Bu təkliflə ərəblər, bəluclar, türkmənlər, kürdlər çıxış edirlər, Azərbaycan türklərini təmsil edənlərin səsi gəlmir. Millət vəkilləri susurlar. Bəziləri isə bunun əleyhinə olduqlarını belə gizlətmirlər. Hətta bir sıra fars millət vəkilləri də, tanınmış fars aydınları da İranda yaşayan xalqların ana dilində məktəblərinin olması fikrini dəstəkləyirlər. Bunun qarşılığında sosial şəbəkələrdən oxudum ki, hətta Təbrizin bələdiyyə başqanı məsxərəli üslubda belə bir ifadə də işlədib: “Küçələrdə danışılan dili siz ana dilimi hesab edirsiniz?”

Mən Suriya ilə nədən başladım? Vaxtilə İran-İraq savaşında da kor-koranə başqasının hədəfi üçün başını-bədənini fanatikcəsinə güllə qabağına verən bizim güneyli soydaşlarımız idi. Bu gün də Suriyada hər iki tərəfdə döyüşən yenə də bizim başqasının ideyası üçün ölməyə hazır güneyli-quzeyli azərbaycanlımızdır. Savaşı da, inqilabı da başqasının çıxarı üçün edirik, öz çıxarımız üçün bir Urmiya gölünün qurumasının qarşısını almağa, məğlub olduğumuz bir Qarabağ ayıbını üzərimizdən götürməyə, öz ana dilimizin haqqını bir ölkənin parlamentində kürd qədər, bəluc qədər, ərəb qədər almaqda israrçı ola bilmirik. Bir qismimiz bir kral dininin axmaq fanatına çevrilirik, digər qismimiz bir molla dininin axmaq fanatına çevrilirik, amma Allahın dininin gözəlliklərinə, məsuliyyətinə eyni bağlılığı ortaya qoya bilmirik.

Narahatlıq yaradan məqam budur ki, dəyişən dünyanın hərəkət trayektoriyasında dini də, demokratiyanı da, insana, təbiətə, təhsilə, sağlığa münasibəti də eybəcərləşdirərək yavaş-yavaş özümüzə məxsus bir milli xarakter formalaşdırmağa meyllənirik. Bu gedişlə səslənişi gözəl xəyallarla Bütöv Azərbaycan deyilən bir ərazini şeirlərdə, mahnılarda bir-birinə birləşdirdik, Bütöv Azərbaycanlını haradan tapacağıq?

Müasirliyi ilə, sağlam dini inancı ilə, doğru tarix şüuru ilə, 30 milyon adam sayı ilə deyil, dünyada söz sahibi olacaq 30 düşüncə adamı ilə fəxr etməyi arzulayan Bütöv Azərbaycanlı kimliyindən danışıram. Güneydə, Quzeydə, Rusiyada, Avropada yaşamağından asılı olmayaraq...

Hələ ki, Suriyada döyüşənlər başlarını orada qatıb, hələ ki, Qarabağın başını atəşkəs kəsib, hələ ki, İran məclisində əvəzimizdən kürdlər, ərəblər, bəluclar danışır, düşünməyə qızıl bir vaxt fürsəti qazanmışıq. Mən yazaraq düşünürəm. Hər kəs öz bildiyi şəkildə düşünsün: Sabahımızı!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar