"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün axşam saatlarında Bakı şəhər Prokurorluğuna dəvət olunub. Bu barədə baş redaktora Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xəbər verib. Sultanov Arifoğlunun şəhər prokurorluğuna hansı səbəbdən çağrıldığını da deyib.

Aydın olub ki, baş redaktorun prokurorluğa çağırılmasının səbəbi bu gün musavat.com saytında gedən "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazıdır. Həmin yazıda "Mersedes-Gallendvagen" markalı bahalı avtomobilin qəza törətməsindən bəhs olunur və bildirilir ki, deyilənə görə, bu qəzanı törədən şəxs Bakı şəhərinin rayonlarından birinin prokurorunun oğludur.

Məsələ ilə bağlı musavat.com-a açıqlama verən R.Arifoğlu bildirib ki, şifahi telefon çağırışı əsasında şəhər prokurorluğuna getmək fikrində deyil: "Hər şey rəsmi çağırış əsasında olmalıdır. Mən saytın baş redaktoru deyiləm, təsisçisiyəm".

***

Xatırladaq ki, həmin qəza barədə APA xəbər agentliyi də məlumat yaymışdı. Məlumatda deyilirdi:

“Bakının Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Mətubat prospektinin kəsişməsində qadın sürücünün xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "90 HL 400" dövlət nömrə nişanlı "Mercedes Benz ML" geriyə dönmək üçün yol ayrıcına yaxınlaşan zaman arxadan sürətlə gələn "90 DD 065" nömrəli "Mercedes Benz Galenvagen"lə toqquşub. Qəzanın təsirindən "Mercedes Benz ML" yoldan çıxıb. Avtomaşının qadın sürücüsü xəsarət alıb. "Mercedes Benz Galenvagen" yolun kənarında yerləşən mağazaya çırpıldıqdan sonra dura bilib.

Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəlib. Hadisə şahidlərinin sözlərinə görə, günah "Mercedes Benz Galenvagen"nin sürücüsündə olub. O, geriyə dönmək üçün yol ayrıcına yaxınlaşan "Mercedes Benz ML"ə yol verməyib.

Yol Polisinin Yasamal Rayon Şöbəsindən verilən məlumata görə, şəhər kameraları vasitəsilə qəzada hansı sürücünün günahkar olduğu müəyyən olunacaq”.