"İşdən çıxarılan şəxslərin yerinə təyinat yox, əksinə ixtisarlar aparılmalıdır"
Milli təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən son hadisələrə münasibət bildirib.
APA-nın məlumatına görə, M. Quliyev qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyində işdən çıxarılan şəxslərin yerinə təyinat yox, əksinə ixtisarlar aparılmalıdır: “Biz hesab edirik ki, milli təhlükəsizlik nazirliyinin heyəti sayca az və operativ olmalıdır. Mən vəzifəyə təyin olunandan 250 yararsız əməkdaş vəzifədən kənarlaşdırılıb”.
Mədət Quliyev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövründə bu qurumun əməkdaşlarının yol verdiyi qanunsuzluqlar və cinayətlərlə bağlı açılan cinayət işinə münasibət bildirib: “Hazırda cinayət işi davam etdirilir və orda adı keçən fiqurlar təbii ki, günahı sübuta yetirilərsə, həbs ediləcəklər. Bu işdə kim qanunu pozubsa, qanun qarşısında cavab verəcək”.
General bildirib ki, əvvəlki illərdə MTN sıralarından uzaqlaşdırılmış bilikli, bacarıqlı, səriştəli şəxsləri yenidən işə dəvət edirlər: "Müəyyən səbəblərdən xidmətdən uzaqlaşmış işçiləri, tanıdıqlarımızı dəvət edirik, vəzifəyə təyin edirik. Bacarıqlı işçiləri təyin edirik. Bu təbii prosesdir"

Şərhlər