Menu

Müsəlmanlara qarşı çıxışı Donald Trumpu “bitirir”

14.12.2015, 22:18
Müsəlmanlara qarşı çıxışı Donald Trumpu “bitirir”

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə iddialı Donald Trump “müsəlmanları ABŞ-a buraxmayaq” çağırışı ilə özünü dərin quyuya salıb

Amerika Birləşmiş Ştatları 2016-cı il noyabrın 8-də ölkənin 58-ci prezidentini seçməyə hazırlaşır. Artıq indidən ölkədə seçki həyəcanı başlayıb. Respublikaçılar Partiyasından namizədliyə iddiaçı Donald Trampın müsəlmanlara qarşı səsləndirdiyi ifadələrlə bütün dünyada geniş təpki qazanıb.

Ötən həftə Kaliforniya ştatında baş verən terror olayından sonra publika qarşısına çıxan Donald Tramp ABŞ-ın öz qapılarını müsəlmanlara bağlamalı olduğunu deyib: “Nifrətin ağlasığmaz həddə çatdığı ortadadır. Bu nifrətin hardan gəldiyini və səbəbini aydınlaşdırmaq məcburiyyətindəyik. Bu problemi dərk edənə qədər ölkəmizin cihada inanan, insan həyatına heç sayğı duymayan insanlara qurban edilməməsi gərəkdir. İctimai sorğular müsəlmanların amerikalılara nifrət etdiyini göstərir. Bu durum Amerika xalqını böyük risk altında qoymaqdadır”.

Trampın seçki kampaniyasının rəhbəri Kori Levandovski məsələni bir qədər də qəlizləşdirib. O, təklifin Birləşmiş Ştatlara köçkün, ya da turist kimi gəlmək istəyən hər kəsə aid edilməli olduğunu bildirib.

Müsəlmanların ölkəyə girişini qadağan etməyə çağıran Trampın sözləri ABŞ hökuməti tərfindən demokratiya dəyərlərinin aşağılanması kimi qəbul edilib. ABŞ prezidenti Barak Obamanın Trampın təklifinə cavabı çox yubanmayıb. Dövlət başçısı deyib ki, Respublikaçı namizədin səsləndirdiyi fikirlər Amerika dəyərlərinə ziddir: “Qanunlarımız insanlara din azadlığı tanıyır. Müsəlmanlarla işbirliyi davam etdirilməli, İslam dini ilə İŞİD qarışdırılmamalıdır”.

Donald Trampın sözləri Respublikaçılar Partiyası içərisində də ciddi etirazlara səbəb olub. ABŞ siyasi tarixində Respublikaçılar və Demokratlar partiyalarının namizədləri prezident kürsüsündə bir-birini əvəzləyib. ABŞ-ın siyasi gələnəyini nəzərə alsaq, bu dəfə demokrat Obamadan sonra sıra Respublikaçıların namizədində idi. Ancaq partiyanın ən güclü namizədi sayılan şəxsin belə ehtiyatsız ifadələri onun reytinqini ciddi şəkildə təhdid altında qoyub. Bəzi ekspertləri iddia edir ki, seçkilərə 11 ay qalsa da Donald Trump yol verdiyi ciddi yanlışı düzəldə, demokratlardan önə çıxa bilməyəcək. Buna görə də Barak Obamanı prezident kürsüsündə yenə də demokratların namizədi Hillari Klinton əvəz edəcək. Son açıqlamaları isə göstərir ki, Trump müsəlmanların könlünü almaq yerinə, yandırdığı ocağa neft tökür.

Partiyanın prezidentliyə başqa bir namizədi, Florida Ştatının keçmiş qubernatoru Ceb Buş Trumpa etirazını sosial mediada bildirib: “Donald Trumpun ağlı yerində deyil. Onun siyasi mesajları ciddi sayıla bilməz”.

ABŞ-ın müsəlman topluluğunun ən böyük qurumu Amerika-İslam Münasibətləri Şurasının ictimaiyyətlə əlaqələr direktoru İbrahim Huper bu haqda çox sərt danışıb:“Donald Trump müsəlmanlara qarşı gəvəzələməkdə davam edir. Görəsən, bundan sonra nə deəyəcək? Normal bir dönəmdə olsaydıq, onun kompaniyası dayandırılmalı idi. Ancaq dönəm sağlam olmadığı üçün hələ də onun ətrafında tərəfdarları var”.

Trampın açıqlamasına ABŞ, Avropa siyasi liderləri ilə yanaşı, dünyanın bir çox müsəlman lideri də etirazını bildirib.

Ağ Evin sözçüsü Coş Earnest bu sözlərin onun prezident olaraq xidmət etmək imkanlarını yox etdiyini deyib. Britaniyanın baş naziri Devid Kemeron bu çıxışı “bölücü, heç nəyə yaramayan, olduqca yanlış” adlandırıb. Fransa baş naziri Manuel Vals Trumpun nifrəti körüklədiyindən təəssüf keçirdiyini deyib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bu açıqlamanın Suriya qaçqınlarının yerləşdirilməsi planlarını riskə atdığı haqqında açıqlama yayıb.

Ötən gün Amerikanın ünlü aktyoru Uil Smit də prezident kürsüsünə iddiaçılar sırasında olduğunu bəlli olub. Respublikaçılar Partiyasını seçkidə təmsil etmək istəyini açıqlayan Uil Smit ilk çıxışında partiyadakı rəqibini tənqid edib: “Donald Trampın müsəlman haqqında dediyi ağılsız sözlər onun prezidentlik yarışmasına layiq olmadığını göstərir”.

Donald Trumpun sərt açıqlamalarına baxmayaraq, hələlik hələlik əsas iddiaçılar Demokratlar Partiyasından Hillari Klinton və Berni Sanders, Respublikaçılar Partiyasından Donald Trump və Ben Carson sayılır. Seçkinin dəqiq qrafiki 2016-c ilin fevralında bəlli olacaq. Fevralda partiyalar əyalətlərdə keçirilən daxili seçkidə namizədlərini seçəcək, iyul ayında namizədlər təsdiqlənəcək və bütün güc həmin namizədin təbliğatına yönəldiləcək.

Demokrat Partiyasının namizədi olmaq iddiasını hələlik rəsmən keçmiş dövlət katibi Hillari Klinton, Vermont senatoru Serni Sanders, Merilənd ştatının keçmiş qubernatoru O`Malli və Harvar Universitetinin hüquq professoru Lourens Lessing açıqlayıb.

Respublikaçılar Partiyasında isə tablo hələlik o qədər də aydın deyil. İndilik partiyada namizədliyə 15 nəfər iddiaçı var. Partiyanın 2012-ci ildəki namizədi Mitt Romni isə seçkiyə qatılmamaq qərarı verib. Müsəlmanlarla bağlı son açıqlamasına qədər əmlak kralı Donald Trump partiyanın ən şanslı namizədi sayılırdı.

Ancaq bundan sonra ABŞ-ın ünlü beyin cərrahı Ben Karsonun önə keçəcəyi planlaşdırılır. Siyasi ekspertlər bildirir ki, yaxın gələcəkdə eks-prezident Corc Buşun qardaşı Jeb Buş, Teksas senatorlarından Ted Kruz, Florida senatorlarından Marko Rubio da seçkiyə qoşula bilər.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol