“İsmayıllı məhkəməsi”ndə prokuror müttəhimlərə cəza istədiyib. Musavat.com-un müxbiri xəbər verir ki, ittihamçı Fuad Musayev "İsmayıllı işi" üzrə mühakimə olunanlara ağır cəzalar istəyib. Belə ki, Müsavat başqanının müavini Tofiq Yaqubluya 7, REAL hərəkatının lideri İlqar Məmmədova 8, iş üzrə mühakimə olunan Səftər Ağamalıoğluna 9, digər təqsirləndirilənlərə də 6 il cəza tələb edib. Bu qədər ağır cəza tələbi proses işçtirakçılarında kəskin etiraz doğurub.

Prokuror İsa Qəmbərdən özünü təqdim etməsini tələb edib

Xəbər verildiyi kimi, Şəki rayon Məhkəməsində keçirilən "İsmayıllı prosesi" yekunlaşmaq üzrədir. Müttəhimlərə, o cümlədən Müsavat başqanının müavini Tafiq Yaqubluya və ReAL hərəkatının lideri İlqar Məmmədova hökm oxunacağı gözlənilir.

Bu gün məhkəmənin növbəti iclası keçirilir. Məhkəmədə iştirak etmək üçün Bakıdan Şəkiyə bir qrup tanınmış siyasi xadim gedib. Onların arasında Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, Müsavat rəhbərlərindən Arif Hacılı, Arzu Səmədbəyli, Gülağa Aslanlı, İkram İsrafil və "Yeni Müsavat" qəzetindən Azər Ayxan da var. Qeyd edək ki, bu gün Müsavat başqanı İsa Qəmbərin doğum günüdür. O, 57 yaşını Şəkidə, Tofiq Yaqublunun məhkəməsində "qeyd etmək" qərarına gəlib.

İsmayıllı hadisələri ilə bağlı Şəkidə keçirilən məhkəmə prosesində qalmaqal olub. Musavat.com-un məlumatına görə, Rəşid Hüseynov Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Ali Məclis sədri Arzu Səmədbəyli və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyni məhkəmə salonundan çıxarıb.

Qalmaqala məhkəmə nəzarətçilərindən birinin Pənah Hüseyni təxribata çəkməyə cəhd etməsi səbəb olub. Nəzarətçi Pənah Hüseyni məhkəmə prosesi zamanı yatmaqda (!) günahlandırıb. Bu hal bir neçə dəfə təkrarlanıb. Nəhayət, Pənah Hüseyn ayağa qalxaraq, məhkəmə nəzarətçisinin onu təxribata çəkməyə çalışdığını hakimə çatdırıb. Hakim isə yerindən danışdığı üçün Pənah Hüseyni zaldan çıxarıb. İsa Qəmbər, Arif Hacılı və Arzu Səmədbəyli də Pənah Hüseynlə bağlı hadisəyə etirazlarını bildiriblər. İsa Qəmbərlə dövlət ittihamçısı Fuad Musayev arasında mübahisə də yaranıb. Dövlət ittihamçısı Azərbaycan prezidentinin səlahiyyətlərini icra etmiş, Milli Məclisinin keçmiş sədri olmuş və illərdir Azərbaycanın ana müxalifət partiyasına liderlik edən İsa Qəmbərdən özünü təqdim etməsini tələb edib. İsa Qəmbər isə ona “Sizin kimi prokurorları da Ukraynadakı prokurorlar kimi mühakimə edəcəklər” deyib. Hakim Rəşid Hüseynov bundan sonra İsa Qəmbər, Arif Hacılı və Arzu Səmədbəylinin də məhkəmə prosesindən kənarlaşdırılması barədə qərar qəbul edib.