"Son 5-7 ildə mənim verdiyim proqnozların çoxu reallaşıb"

“Yukos” neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski BBC-yə verdiyi müsahibəsində bildirib ki, onun qiyabi həbsi, bundan sonra Rusiya hakimiyyəti ilə heç bir kompromisə yer qoymur.

Xodorkovski Neftyuqansk şəhərinin meri Vladimir Petuxovun və biznesmen Yevgeni Rıbinin cangüdəninin öldürülməsində ittiham olunur. Xodorkovski bildirir ki, bu ittihamlar Putinin təşəbbüsü ilə irəliyə sürülür. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə cavabında deyib ki, Putinin Rusiya məhkəməsinin qərarı ilə heç bir əlaqəsi yoxdur.

Mixail Xodorkovski ilə BBC-nin müxbirləri Olqa İvaşina və Riçard Qalpin söhbətini təqdim edirik.

- Rusiyanın sizi iki ölüm hadisəsində günahlandıraraq, beynəlxalq axtarışa verməsinə reaksiyanız necədir?

- Mənim üçün bu Rusiya hakimiyyəti ilə istənilən mümkün kompromislərin kəsilməsi anlamına gəlir. Prezident Putin belə hesab edir ki, ”Yukos” şirkətinin qarət olunması ilə bağlı Rusiyadan 50 milyard kompensasiya tələb edən şəhmdarların səylərinin gücləndirilməsi onun üçün təhlükəlidir. Səhmdarlar mənim tərəfimdən koordinasiya olunurlar. Həmçinin o, 2016-cı ildə Dövlət Dümasına seçkilərdə mənim mümkün fəaliyyətlərimin təhlükəli olacağını düşünüb.

- Siz nə dərəcədə Putin rejiminə real təhlükəsiniz?

- Bu gün Putin rejimi bir sıra təhlükələrlə qarşılaşıb. Bunlar Ukraynadakı hadisələr, Rusiyanın Suriyada tamamilə aydın olmayan hərəkətləri və daxili iqtisadi siyasətin iflas olmasıdır. Ona görə də, mən Putin üçün daha əlverişli sayıla biləcək illərdəkinə nisbətən, daha çox təhlükəli olmağa başlamışam.

- Ancaq siz həqiqətənmi rejimi dəyişmək istəyirsiniz?

- Bu gün üçün rejimin dəyişdirilməsi məsələsi hədsiz optimistik görünür. Amma mən əminəm ki, heç 10 il keçməyəcək ki, bu rejim dəyişiləcək. Mənim bu istiqamətdəki səylərim heç də axırıncı rolu oynamayacaq. Mənim hazırkı işim Rusiyadakı gənc aktivistlərə lazımi təcrübə toplamağa və özlərini cəmiyyətə indiki rejimə alternativ kimi təqdim etməyə yardım göstərməkdən ibarətdir.

- Söhbət saldığınız həmin inqilabın gedişində aparıcı rol oynamağa hazırsınızmı?

- İnqilab, nə olacağı proqnozlaşdırılmayan bir prosesdir. O, xeyli sayda yeni adları ortalığa çıxarır. Mən bu gün proseslərin necə gedəcəyini söyləyə bilmərəm. Həm də ki, hazırlıq üçün irəlidə çoxlu illər var. Lakin mənim bu proseslərdə iştirak edəcəyim şübhəsizdir. Kol dalında gizlənmək niyyətim yoxdur.

- Böyük Britaniyada siyasi sığınacaq almaq məsələsini nəzərdən keçirirsinizmi?

- Şübhəsiz ki, mənim tərəfimdən belə bir variant nəzərdən keçirilir. Amma hələlik mən bu barədə ictimaiyyətə məlumat verməyə hazır deyiləm.

- Belə bir nailiyyət əldə etmək üçün nə qədər uzağa getməyə hazırsınız? Kimləri özünüzə müttəfiq görmək istəyirsiniz? Şərti olaraq əgər sabah sizin yanınıza, dünən Kremllə əməkdaşlıq edənlər gələrsə, onları işə götürərsinizmi? Və yaxud elə sərhədlər var ki, siz onu aşa bilməzsiniz?

- Uzun yolda əlbəttə ki, həmfikirlər olmalıdır. Amma hesab etsək ki, rejim məhvə doğru hərəkət edir, şübhəsiz ki, ona xidmət göstərənlərin içindən qaçanların da sayı artacaq. Mən düşünürəm ki, həmin adamları kənara itələmək düz deyil. Rusiya böyük ölkədir. Bizdə bürökratik sinif böyükdür. Hələ onların ailə üzvlərini də nəzərə alsaq, bu cəmiyyətin xeyli bir hissəsi deməkdir. Rusiya cəmiyyətinin bu hissəsini ölkədən qovmaq düzgün yanaşma deyil. Bu məsələdə mən həmişə bizim radikallarla mübahisə edirəm. Əlbəttə ki, biz gərək öz həmfikirlərimizlə işləyərkən, bugünkü bürokratik sinfə təsir etmək üçün vaxt ayırmalıyıq. Rejim dəyişməlidir, ancaq hələlik sabah deyil. Fikirləşirəm ki, buna haradasa beş ildən səkkiz ilə kimi vaxt gedəcək.

- Necə düşünürsünüz, siz müasir Rusiyanı tanıyırsınızmı? Axı 10 il siz orada yaşamamısınız.

- Son 5-7 ildə mənim verdiyim proqnozların çoxu reallaşıb. Lakin elə şeylər olub ki, mən yanılmışam. Bəli, mən indi bizim hakimiyyətin bir il və ya iki-üç il ərzində nə edəcəklərini aydın görürəm. Mənə elə gəlir ki, federal siyasi prosesləri kifayət qədər adekvat təsəvvür edirəm. Əlbəttə, hal-hazırda Rusiyanın regionlarında baş verənlər haqqında daha yaxşı və daha çox bilmək istərdim. Ancaq indi oradakı vəziyyət haqqında nəinki məndə, heç Rusiya hökumətində də aydın təsəvvür yoxdur. Bu məsələdə biz eyni dalğadayıq.

- Magistal yük maşınları sürücülərinin etirazları, indiki vaxtda Rusiyadakı etiraz hərəkatının baş tutmayacağını göstərmirmi? Bəs, görəsən etirazlar nə zaman başlayacaq? Aclıq başlayanda?

- İnqilabi proseslərin müasir təcrübəsi göstərir ki, keçmiş əsrlərdən fərqli olaraq, indiki inqilabi piramidanın zənciri çox uzun deyil. Mərhələlər bir-birini çox tez əvəz edir. O vaxta qədər isə hiss olunmayan hansısa gizli proseslər gedir. Hərdən onlar qəflətən üzə çıxır.

Mağistral yük maşınları sürücülərinin etirazı nə üçün mühüm sayılır? Əvvəla, onlar Putinin elektoratıdır. İkincisi, yeni vergi yığımı sadəcə olaraq, sürücülərin əlində bəhanə oldu. Görünür ki, buna qədər onları dəfələrlə soyublar. Bu isə onların soyduqlarının kiçik bir hissəsi idi. Məhz həmin bir hissə vəziyyəti partladıb. Deməli, Putinin müdafiəsinin məhz bu seqmentində yanğının tüstülənməsinə baxmayaraq, onu heç kim görmürmüş. Hələ nə qədər bu cür yanğınların tüstüləməsindən xəbərsizdirlər. Federal Təhlükəsizlik Xidməti real problemlər haqqında Putinə məruzə etməkdən qorxur. Elə bütün totalitar rejimlərin sonu məhz belə gəlib çatır.

- Belə çıxır ki, nəinki hakimiyyət, hətta insanların özləri də bunu bilmirlər?

- Bəli. İnsanlar özləri barəsində bunu bilmirlər. Məsələn, kimsə işdəki bütün təzyiqlərlə razılaşır. O, hətta evdə deyinir. Günlərin birində isə dözməyərk, püskürür.

- Necə fikirləşirsiniz, bu qığılcım içəridən olacaq, yoxsa qıraqdan başlayacaq?

- Əlbəttə, içəridən. Biz özümüzün daxili problemlərimizə doğru yönəlirik. Ancaq bir sıra xarici problemləri özümüzün daxili problemləri hesab edirik. Məsələn, Ukraynada baş verənləri biz öz daxili problemlərimiz sayırıq.

Tərcümə etdi: Vaqif NƏSİBOV