Xocalı ilə bağlı daha nə etmək lazım?

Bir xalqın davamlı olaraq öz faciəsinə qapanaraq matəm saxlaması həmin xalqda qalıcı bir yazıqlıq kompleksi yaradır. Xocalı hadisəsi kimi bildiyimiz və bilmədiyimiz dəhşətli faciələri XX əsrdə çox yaşamışıq. 1905-ci ildə ermənilərin törətdiyi vəhşəti, 1918-ci ilin mart soyqırımı, 1920-ci ilin Gəncə qiyamında baş verən qətliamlar, Ermənistandan deportasiyalar, Stalin repressiyaları...

Xatırladıqca bu siyahını daha da uzatmaq olar. Xocalı bu faciələrin xronoloji ardıcıllığında yer alan ən dəhşətli və hələlik son olan acımız. Ona görə də tariximiz boyu bütün acıları hər gün yaşamaq, hər gün matəm saxlamaq millətin gələcəyə yönəlik düşüncəsində bir qorxu, məzlumluq zədəsi yaradır. XIX əsrdə Rusiyanın həyata keçirdiyi çərkəzlərin soyqırımı və deportasiyasının, çeçenlərin millət olaraq fədakar savaşı və böyük itkilərin baş verməsi fonunda hələ də dağlarda müqavimətlərini davam etdirməsinin tək bir səbəbi yaşanan acıları matəm olaraq hər gün təkrar yaşamamalarıdır. Ona görə də yaşanan acıları xatırlama törənləri matəm günü formasında deyil, siyasət materialı formasında gündəmdə tutulmalıdır. Bu, bizim əlimizdə olan erməni soyqırımını isbatlayan ən ciddi sənədləri, videoçəklişi olan bir siyasi materialdır və onun doğru təqdimatından çox şeylər asılıdır. Ona görə də konkret hədəfi anlaşılmayan 20 Yanvar və başqa faciələrin yaşandığı günlərin tədbir bolluğunu azaldaraq, bütün diqqətin Xocalı soyqırımının tanıdılmasına yönəlməsi olduqca vacibdir.

Bir hadisənin soyqırım olaraq hansısa parlamentdə tanınmasından çox, o ölkədə siyasətlə məşğul olan hər kəsin hər il bunu xatırlaması üçün düzgün üsulların tapılması vacibdir. Keçmişdə də, indi də siyasəti kütlələr həll etməmiş - siyasətin, hakimiyyətin dəyişməsinin lokomotivi bir çox hallarda kütlələr olsa belə. Həmişə şəxslər qrupu nəyisə hazırlayaraq cəmiyyətə ötürür və cəmiyyət onu özünün hazırladığı düşüncəsinə qapılaraq siyasətçilərə geri qaytarır. Konstitusiyaların dəyişməsindən tutmuş ən xırda qanunvericilik məsələlərinə qədər bu beləcə baş verir. Ona görə də hansısa şəhərin hansısa küçəsində on-on beş adamın təsəlli üçün bir tədbir keçirməsi bir qədirşünaslıqdır, şəhid olmuş insanların ruhunu əziz tutmaqdır, geniş mənada isə siyasət deyil.

Ölkəmizin hər yerdə səfirlikləri var və yaxşı olar ki, bir mərkəzdə hazırlanan və konkret ölkələrin siyasətçilərinin anlayacağı dildə bu mətnlər Xocalı soyqırımının ildönümündən öncə konkret ünvanlara göndərilsin. Burada söhbət real siyasəti həyata keçirən qanunverici və icraedici orqanların əksər təmsilçilərinə qısa və sadə bilgilərin broşür formasında çatdırılmasından gedir. Erməniləri bir tərəfə buraxaq, Avropa Şurası Parlament Assambleyasının binası qarşısında 5-6 ildir sessiya gedən bütün günlərdə səhərdən axşamadək 7-8 PKK simpatizanı Abdulla Öcalanla bağlı broşürləri hər sessiyaya gələn insana paylayırlar. Bu insanlar illərdir səbirlə öz terrorçularının təbliğatını sürdürürlər, bizsə ardıcıl olaraq bunu etməyə tənbəlləşirik.

İkinci ciddi addımlardan biri isə bu günlərdə Türkiyənin Qars ilində keçirilən Türkiyə və Azərbaycan qoşun birliklərinin hərbi təlim ənənəsini daha sistemli formada davam etdirməkdir. 24 apreldə ermənilərin 1915-ci ildə baş verdiyi iddia olunan saxta “soyqırım”la bağlı müzakirələrin qızışdığı bir ərəfədə birgə hərbi təlimin Ermənistan əhalisinin təşviş içində, ən azı rahatsızlıq duyğusu yaşamasına səbəb ola biləcəyi ehtimaldan danışırıq. Xocalı soyqırımı ərəfəsində, eləcə də 24 apreldə yalançı soyqırım hadisəsi ərəfəsində hər il bu cür birgə hərbi təlimlər təkrarlanmalıdır.

Bu gün yenə də insanlarımız 22 il öncə ermənilərlə rus hərb maşınının bilikdə törətdiyi bu qətliamı “Xocalı harayı” adlanan abidənin önünə gül qoymaqla və ya o vəhşiliklə qətlə yetirilmiş insanları xatırlamaqla öz borcunu yekunlaşdıracaq. Bunu siyasət material kimi düşünənlər üçün bir günlük “Xocalı harayı” artıq həmişəlik “Xocalı siyasəti” kimi öz aktuallığını qoruyacaq.

Ölənlərimizə rəhmət, qalanlarımıza qeyrət arzuladıqdan sonra düşmənlərimizdən də ibrət götürməyimizin vacibliyini düşünürəm. Haray çəkilmədən yardıma qoşan bir cəmiyyət olmağa çalışmalıyıq...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar