"Fotolarda görüntülənən qadın mənim həyat yoldaşım deyil". Bunu lent.az-a açıqlamasında SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev deyib.
O bildirib ki, "kimlərsə kampaniya aparır”. Q.Mehdiyev “Azərbaycandan kənarda başqa eviniz varmı?” sualına “əlbəttə var, amma o yazıda qeyd edildiyi kimi deyil" deyə bildirib.
SOCAR rəsmisi son hadisələrin onun ailəsində və özündə gərgin psixoloji vəziyyət yaratdığını qeyd edib: "Məni başa düşün. Çox gərginəm, geniş danışa, çoxsaylı suallarınıza cavab verə bilmirəm".
Qiymət Mehdiyev eyni zamanda anspress.com saytına da yazılı açıqlama göndərib. Həmin açıqlamanı da təqdim edirik:"Dünən bəzi sayt və media orqanlarında mənim həyat yoldaşımın guya Türkiyə respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa almağı haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı.
Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konsitusion hüquqularımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm.

Eyni zamanda qeyd etməliyəm ki, müxtəlif mətbuat orqanlarında "ətraflı araşdırmanın nəticəsi" kimi qələmə verilmiş saxta məlumat və cizgilər ictimaiyyətdə yanlış təsəvvürlərin yaradılmasına səbəb olub. Bu da məni həmin maraqlı şəxslərə qarşı qanunvericiliyin tam gücü ilə hüquqi tədbirlər görməyə məcbur edir".
O qeyd edib ki, hər hansı formada ictimaiyyətə təqdim olunmuş bu məlumatlar məqsədli şəkildə və cinayətkarcasına saxtalaşdırılmışdı.
Qiymət Mehdiyevin azı 30 saat yubanan bu təkzibi düşündürücüdür. Bir insan fotolardakı qadının onun həyat yoldaşı olmadığını demək üçün niyə bu qədər gözləsin? Bunu dərhal etmək mümkün deyildimi?
***
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatlar hazırda şirkət tərəfindən araşdırılır.
SOCAR-dan "Report"a verilən məlumata görə, bu məsələ şirkətdə mövcud olan korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq araşdırılır, nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.
Qeyd edək ki, dünən mətbuatda Q.Mehdiyevin həyat yoldaşının 20 milyon dollara Bodrumda 16 villa və hektarlarla torpaq sahəsi alması barədə məlumatlar yayılıb.
* * *
"Bu gün Qiymət Mehdiyev işdə olub və hamının qarşısında bəyan edib ki, barəsində yayılan məlumatlar yalandır, əsassızdır". Bunu SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.
Şirkət sözçüsü bildirib ki, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin xanımının Türkiyədə 20 milyon dollara 16 villa almasını özü təkzib edib.
N.Quliyev bu məsələnin SOCAR-a aidiyyəti olmadığını da vurğulayıb. Onun sözlərinə görə, Q.Mehdiyev ANS-ə gedib və yaxın dəqiqələrdə məsələ ilə bağlı geniş açıqlama verəcək.
Xatırladaq ki, virtualaz.org 2014-cü il iyulun 4-də Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alması haqda məlumat yayıb. Könül Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən satın alıb.
K.Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Sayt bildirib ki, K.Mehdiyevanın mülkləri almaq üçün milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolar var. (Axar.az)


Şərhlər