Azərbaycan Banklar Assosiasiyasının sədrinin bankında qanunsuz dollar əməliyyatı

Azərbaycanda krediti olan vətəndaşların banklarla problem yaşadığı bir neçə il əvvəldən bəllidir. Əvvəllər bu problemlər adətən banklardan istehlak krediti götürən az təminatlı vətəndaşlarla bağlı müşahidə olunur, bəzən bu vətəndaşın intiharı, özünü yandırması ilə nəticələnirdi. Lakin hazırda kiçik və orta sahibkarlar bankların əlindən qan ağlayır. 21 dekabr devalvasiyasından sonra isə banklar mümkün qədər sahibkarları daha çox soymaq xəttini götürüblər. Faktiki olaraq bu sahədə möhtəkirlik özünü açıq göstərir.

Kiçik iş adamı Qurban Mahmudov da, bankda əsassız və qanunsuz halla rastlaşan minlərlə iş adamından biridir. Onun sözlərindən belə məlum olur ki, rastlaşdığı duruma artıq dözmək mümkün deyil: “Mən “Rabitəbank”ın Səbail filialından 20 min ABŞ dolları kredit götürmüşəm. Krediti dolların məzənnəsi 1.05 olan zaman götürmüşük. İllik 36 % götürülən krediti hazırda 1.67 məzənnə ilə ödəyirik. Bank deyir ki, bu bizim təyin etdiyimiz kursdur və başqa cür ola bilməz. Biz də məcburuq ki, bununla razılaşaq. Demirik ki, devalvasiyadan sonra bank bizə güzəştə getməlidir, müəyyən qədər məzənnəni aşağı salmalıdır və s. Ancaq hazırda bankda əsassız bir vəziyyətlə üz-üzəyik, bizdən faizdən əlavə pul alırlar”.

İş adamı qeyd edib ki, “Rabitəbank”ın Səbail filialından 20 min dollar krediti götürərkən banka 60 min dollar dəyərində qızıl qoyub: “Qızıl məmulatlar kiçik paketlərə yığılıb. Təxminən 50 paketdir. İndi biz bu ağır dövrdə bankın kreditini ödədikcə, təbii ki, qızılların müəyyən hissəsini də geri götürürük. Təsəvvür edin ki, hər paketə görə, bizdən 20-25 dollar əlavə pul alınır. Bu pulun nəyə görə alındığı, hansı əsasla alındığı barədə bizə izahat verilmir. Filial rəhbərindən bunu soruşduqda deyir ki, rəhbərlik belə istəyir. “Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyev Azərbaycan Banklar Assosiasiyasının sədridir. Bu adam banklarda qayda-qanun yaratmalı, Azərbaycanın bu ağır dönəmində vəziyyətdən çıxmaq üçün sahibkarlara dəstək olmalıdır. Özü bəyan edir ki, camaata köməklik etmək lazımdır, bəs nədən öz bankında belə korrupsiya vəziyyəti mövcuddur? Prezident İlham Əliyev az qalan hər həftə toplantı keçirir, biznesmenlərə, iş adamlarına, orta və kiçik sahibkarlara şərait yaradılmasının vacibliyini vurğulayır. Maliyyə naziri Samir Şərifov bankları müştərilərinə güzəştlər tətbiq etməyə çağırır. Milli Bankın sədri Elman Rüstəmov banklarla bağlı açıqlamalar verir. Lakin bütün bunları sanki belə banklar qulaqardına vuraraq sahibkarları soyur. Nəticədə bizim kimi sahibkarlardan əlavə olaraq ayda 20-25 dollar pul alınır. 50 bağlamanın hər biri üzərindən bu qədər əlavə pulun alınması şəxsən mənə 1250 dollar ziyan vurur. Azərbaycan Banklar Assosiasiyasının sədrinin bankının digər filiallarında da, bu kimi hallar mövcuddur. Bunlar sanki banklara qarşı etimadsızlıq mühiti yaratmaq işinə girişiblər. Belə edirlər ki, bizlər gedib lombarddan pul götürək. Baxın, bunların illik faizi 36, lombardda isə 8 %-dir. Biz dözülməz vəziyyətlə qarşılaşmışıq. Bu şəkildə fəaliyyət göstərmək mümkün deyil”.

Xatırladaq ki, yanvarın 26-da Prezident İ. Əliyev də çıxışı zamanı banklarla bağlı açıqlama verib. Prezident deyib ki, tələblərə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. Dövlət başçısı əlavə edib ki, bank sektoru iqtisadiyyatın real sektorunu daha çox kreditlə təmin etməlidir. Ancaq “Rabitəbank”ın timsalında görünür ki, bu bank sahibkarları dəstəkləmək deyil, mümkün qədər hər ay onlardan əlavə pul almaqla məşğuldur. Bu isə qlobal böhran səbəbindən ciddi zərbə alan Azərbaycan iqtisadiyyatını, sahibkarlıq subyektlərini, biznes mühitini geri atmaq, dağıtmaq deməkdir.