Musavat.com-a verilən son məlumata görə, "Sovetski" sakinlərinin aksiyası sona çatan ərəfədə gözlənilməz hadisə baş verib.

Belə ki, "Sovetski" sakinləri evlərinə dağılışarkən polislər onlara hücum edərək, daha bir neçə nəfəri həbs ediblər.

"Sovetski" sakinləri həbs edilən şəxslərin azad edilməsi üçün polislərə etiraz ediblər və onların aparılmasına cəhd göstərilən maşının qarşısını kəsməyə çalışıblar.

Nəticədə polislərlə sakinlər arasında qarşıdurma yaranıb. Polislər sakinlərə qarşı zor tətbiq edib.

Dəqiqləşdirlimımiş məlumata görə, zorakılığa məruz qalanlar arasında mətbuat nümayəndələri də var. Bir jurnalistin videokamerasının sındırıldığı iddia olunur.

Məlumata görə, ətraf küçələr tam şəkildə polis nəzarati altına alınıb.

Digər bir mənbə isə bildirir ki, polisin reaksiyasına səbəb bəzi sakinlərin 173 saylı məktəbin yaxınlığındakı yolu kəsmək cəhdləri olub. Bu cəhdlərin qarşısı alınarkən polislə əhali arasında qısamüddətli toqquşma baş verib.

-------

Azadlıq radiosunun məlumatına görə, 173 saylı məktəbin qarşısına yığışan adamlar deyi ki, «bizim siyasətlə işimiz yoxdur, biz ancaq ev istəyirik. Bura bu qədər polisin tökülməsi düz deyil. Səsimizə prezident səs versin. Biz prezidenti seçmişik ki, dərdimizə yansın. Qiymət bizi razı salmır. Bizə deyirlər ki, evləri siçan yuvasına, quşxanaya oxşayır. Öz evimizdir, bizə xoşdur».

Polis sakinlərdən 173 saylı məktəbin qarşısından getməyi tələb edir.

Camaat deyir ki, «dağılışmayacağıq. Qoy «Sovetski»dəki 55 min adamı öldürsünlər, sonra söksünlər. Səsimizi prezident eşitsin. Biz haqqımızı tələb edirik. Pulumuzu istəyirik, evimizi alırlarsa, ev versinlər».

Polis deyir ki, «kifayət qədər danışdınız. Bizi məcbur etməyin. Heç kim bura yığışmasın... Qarşıdurma yaratmağa ehtiyac yoxdur. Hamınıza cavab veriləcək. Sizin nümayəndələrinizə məlumat veriləcək».

Camaat da deyir ki, «bura Azadlıq meydanıdır ki, bizi qovursunuz?».

***

Polis bir neçə dəfə etiraz edən sakinlərdən dağılışmağı tələb edib. Adamlar deyib ki, «bizə təzyiq göstərməyin. Lazım olsa, keçən dəfəkindən qat-qat çox adam yığışacaq».

Polis daha bir neçə dəfə dağılışmağı tələb edib. Bundan sonra adamlar dağılışmağa qərar veriblər.

Sakinlər tutulanların buraxılmasını, Yasamal rayon İcra Hakimiyyətində keçirilən görüşün nəticələrini gözləyirlər. Sakinlər deyir ki, «tutulan məhəllə uşaqlarını verin. Tutulanlar buraxılarsa, dağılışırıq, buraxmırlarsa, dağılışmayacağıq».

Polis camaata deyib ki, saxlananlar buraxılıb. Bundan sonra polis adamlardan ərazini boşaltmağı tələb edib.

--------

Bakıda “Sovetski” adlanan məhəllənin sakinləri yenidən etiraz aksiyası keçirmək üçün 173 saylı məktəbin qarşısına toplaşıblar. Musavat.com-un verdiyi son məlumata görə, Həmin əraziyə 100 nəfərə yaxın polis əməkdaşı cəlb olunub. Nəriman Nərimanovun heykəli istiqamətindən 173 saylı məktəbə doğru gedən yol bağlanıb.

Polisin aksiyanın qarşısını almağa çalışdığı bildirilir.

Aksiyada fəallıq göstərən 4-5 nəfər "Sovetski" sakini polis tərəfindən saxlanılıb.

SalamNews-un hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, onlar evlərinin sökülməsinə və bunun qarşılığında onlara hər kvadratmetrə görə 1500 manat verilməsinə etiraz edirlər.

Aksiya iştirakçıları bildiriblər ki, bizim evlərmizi söküb və 1500 manat pul təklif edirlər: "Biz 1500 manatla heç bir yerdə ev ala bilmərik, evlərin qiyməti günü-gündən bahalaşır".

Hazırda 150-yə yaxın aksiya iştirakçısı 173 saylı məktəbin qarşısına toplaşıb. Hadisə yerinə çoxlu sayda post patrul maşınları gəlib.

Xatırladaq ki, “Keçmiş “Sovetski”, indiki Nərimanov prospekti ətrafında, keçmiş “Kubinka” və “Papanin” küçələrində olan köhnə yaşayış evlərinin sökülməsi ilə bağlı planlar təsdiqlənib.

"Sovetski" sakinləri fevralın 16-da da anoloji aksiya keçirmişdilər.

----------

"Sovetski" adlanan yaşayış massivinin sakinləri etiraz aksiyası keçirmək üçün toplaşırlar.

Minval.az saytının reportyorunun verdiyi xəbərə görə, sakinlərin onların evlərinin sökülməsinə görə verilən kompensasiya etiraz edirlər.

Qeyd edək ki, Maliyyə Nazirliyi bu gün kompensasiyanın həcminin kvadrat metrə görə 1500 manatdan artıq olmayacağını bildirib və bu açıqlama üidlə gözləyən sakinlərin hiddətinə səbəb olub.