AXCP Ali Məclisinin sədri Həsən Kərimov martın 5-də “Media forum” saytına açıqlama verib. O bildirib ki, Nərimanov Rayon İcra Hakimiyyətinin qərarı ilə AXCP-nin Bakıdakı qərargahı boşaldıqdan sonra stol-stul, avadanlıq, sənədlər ayrı-ayrı cəbhəçilərin evlərinə yerləşdirilib:

“İndi ofis axtarışındayıq. Bizim üçün çox çətindir. Son hadisədən sonra inanmıram ki, hansısa iş adamı, sahibkar AXCP-yə qərargah versin. Rəyasət Heyətinin iclasları partiya üzvlərinin mənzillərində keçiriləcək. Xalq Cəbhəsi Partiyası buna adətkərdir. Bizim üçün ofis önəmli deyil. Sadəcə olaraq ofis olmayanda partiya üzvləri ilə əlaqələrimiz bir az zəifləyir”.

AXCP əvvəllər Xaqani küçəsi, 33-də yerləşən qərargahda fəaliyyət göstərib. 2006-cı ilin noyabrında hakimiyyət AXCP-ni qərargahından çıxarıb. 7 il qərargahsız qalan partiya dörd otaq, iki zal və mətbəxdən ibarət yeni qərargaha ötən ilin oktyabrında köçmüşdü. Nərimanov rayonunda yerləşən həmin qərargahın zirzəmisində martın 3-nə keçən gecə partlayış baş verib, bina zədələnib. Fövqəladə Hallar Nazirliyi binanın qəzalı vəziyyətdə olduğuna dair akt hazırlayıb və sökülməsinə qərar verilib.