Etibar ƏLİYEV, fəlsəfə doktoru
XX əsrin böyük şairlərindən biri sayılan Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Pablo Nerudanın “Mən də yaşamışam” kitabında “Ermənistan” adlandırdığı essesi də yer alıb. Şairin ermənilərə sevgisi elə girişdəcə özünü büruzə verir. “Biz Ermənistana gəldik, əfsanəvi, əməksevər Ermənistana. Cənub tərəfdə ölkənin bütün tarixinin iştirakçısı olan Araratın (Ağrı dağını nəzərdə tutur) qarlı zirvəsi ucalır. Tövratda deyildiyi kimi, Nuhun gəmisi dünyanı yenidən məskunlaşdırmaq üçün məhz üzüb bura gəlibmiş. Ermənilər öz milli mədəniyyətlərini qədim dünyada mövcud olan ən yüksək səviyyəyə qaldırmışdılar. Sosializm cəmiyyəti ağır sınaqlara məruz qalmış bu millətin inkişafı üçün görünməmiş imkanlar açdı. Türk istilaçıları əsrlər boyu erməniləri istismar edir, onları qırırdılar. Hər məbəd daşının üstündə bir damcı erməni qanı var. Bu ölkənin sosialist intibahı əsl möcüzə və eyni zamanda üzdəniraq “Sovet imperializmi” barədəki qəzəbli mülahizələrin ən etibarlı təkzibidir”.
Neruda şair təxəyyülü ilə məbəd daşlarının üzərinə qan damcıları hopdurur. Görünür ki, şairi asanlıqla dedi-qodularla aldada biliblər. Nəzərə almaq lazımdır ki, onun adı həm də dünyada sülhün carçısı kimi tarixə düşüb. Şair bir tərəfdən yazır ki, Nuhun gəmisi dünyanı yenidən məskunlaşdırmaq üçün məhz üzüb bura gəlib, digər tərəfdən isə bu ölkənin intibahını sosializmlə bağlayır. Məncə əlavə şərhə ehtiyac yoxdur...
Şairin kilsə ilə bağlı zarafatı
“Sevan (Göyçə gölünü nəzərdə tutur) bütün respublikaya elektrik enerjisi verəcək, tarlalarını suvaracaq. Son dərəcə şəffaf sularında Ermənistan səmasının təkrarolunmaz maviliyini əks etdirən Sevan gölündəki su - elektrik stansiyası heç vaxt yadımdan çıxmaz. Jurnalistlər məndən Ermənistanın qədim kilsə və məbədlərindən aldığım təəssurat haqda soruşanda zarafatla belə cavab verdim: Bütün kilsələrdən ən xoşuma gələni Sevan gölündəki su elektrik stansiyası oldu”.
Nerudanın heyvanat parkı haqqında təəsuratları
“Yerevanda heyvanat parkında əvvəl içində kondor olan qəfəsə tərəf yollandım, amma əzəmətli həmvətənim məni tanımadı. O qəfəsin uzaq küncündə əyləşib ətrafa bütün ümidlərini, xəyallarını əldən vermiş, Kordilyerin zirvələri üçün darıxan kondorlara xas olan inamsız nəzərlərlə baxırdı. Qotur kondorun halına acıdım. Mən vətənə qayıdacaqdım, o isə ömrünün sonunadək burda əsarətdə qalmalı idi. Tapirlə görüşümüz tamamilə başqa cür oldu. Yerevan zooparkı Amazon tapirinə malik olan tək-tük hevanxanalrdan biridir. Amazon tapiri öküz bədənli, iri burunlu, xırda gözlü kəlləsi olan qəribə heyvandır. Boynuma almalıyam ki, tapirlər mənə oxşayır”.
Heyvanxana və erməni yazıçıları
Şair essesini bu fikirlərlə tamamlayır: “Günorta Ermənistan Yazıçılar İttifaqının mənim şərəfimə təşkil etdiyi nahardakı təşəkkür nitqimdə tapirin qəhrəmanlıqlarından, heyvanlara məhəbbətimdən söz açdım. Mən heyvanxanaya getmək imkanından heç vaxt boyun qaçırmamışam.
Cavab nitqində Yazıçılar İttifaqının sədri dedi:
-Heyvanxanada vaxt öldürmək Nerudanın nəyinə gərək idi? Elə birbaşa bizim Yazıçılar İttifaqına gələ bilərdi. Ürəyi hansı heyvanı istəsə, burda tapardı- tülkü və suiti, qartal və ilan, dəvə və tutuquşu.”
Nerudanın Ermənistan Yazıçalar İttifaqında heyvanxanadan danışması maraqlıdır. Bir tərəfdən deyirlər ki, şair azaddır, nə istəsə danışa bilər. Digər tərəfdən isə sənətkar kommunistdirsə, ideologiyanın cızdığı sərhəddən kənara çıxa bilməz. Azad insan kimi Neruda heyvanxanadan və “erməni qırğını”ndan danışır. Kommunist əqidəsi isə onu kilsə haqqında verilən sualdan yayınmağa, su - elektrik stansiyasından danışmağa məcbur edir.
Nerudanın qələmə aldığı başqa bir essesində isə başına gələn əhvalat yazını tamamlayır: “Parisdə Sülh tərəfdarlarının Konqresi keçirilirdi. Mən iclas zalına daxil olan kimi yeni şerlərimdən birini oxudum. Konqres nümayəndələri məni alqışla qarşıladılar. Çoxları hesab edirdi ki, mən ölmüşəm. Ancaq onlar inana bilmirdilər ki, mən azğınlaşmış Çili polisini aldada bilərəm. Səhərisi gün otağıma “Frans Pressin” köhnə jurnalistlərdən biri - Alderet daxil oldu və bunları dedi: “Qəzetlər sizin Fransada olduğunuz barədə yazan kimi Çili hökuməti rəsmi şəkildə bildirdi ki, bu yalandır, kimsə özünü Pablo Neruda kimi təqdim edir. O, Çilidədir, bizim polis onun izinə düşüb və bir neçə saatdan sonra həbs olunacaq”. Bu barədə nə deyə bilərsiniz? Yadıma Mark Tvenin Şekspirin mövcud olub-olmaması barədə yayılan söz-söhbətlərə cavabı düşdü: “Bu əsərləri Vilyam Şekspir yazmayıb, başqa ingilis yazıb. O, ingilis ki, onunla eyni gündə, eyni saatda anadan olub və eyni vaxtda da ölüb. Və çox təəccüblüdür ki, onu da Vilyam Şekspir adlandırıblar”.
İndi siz onlara cavab verin ki, mən Pablo Neruda deyiləm, başqa şeir yazan, sülh uğrunda mübarizə aparan çililiyəm və məni də Pablo Neruda deyə çağırırlar”.
Nerudanın “Ermənistan” essesini oxuduqdan sonra düşünürsən ki, bunları başqa çilili, başqa Sülh carçısı, başqa şair yazıb...


Şərhlər