Krıma getmək istəyən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı və digər başqan müavini Gülağa Aslanlının Rusiya Federasiyası ərazisində saxlanılmasının təfərrüatları bəlli olub. Onlarla birgə Krıma gedən “Yeni Müsavat” əməkdaşı Emil Salamoğlu deyib ki, hazırda Moskva-Bakı qatarı ilə geri qayıdırlar: “Bizi polis nəzarəti altında qatara mindirdilər. Hazırda da polislərin nəzarəti altında qatarda yola çıxmışıq”.

E.Salamoğlu dedi ki, ilkin “sürpriz”lə Azərbaycan ərazisindən Rusiya ərazisinə daxil olarkən sərhəddə qarşılaşıblar: “Səhərə yaxın Rusiya sərhədində bizi yoxladılar. Yoxlama xüsusi idi, it də gətirmişdilər. Çantalarımızı alt-üst etdilər, hətta Gülağa Aslanlının noutbukunu açıb orada olan məlumatlara da baxdılar. Amma bizi sərhəddən buraxdılar. Səhər saat 11-də Mahaçqala vağzalında olduğumuz kupeyə 10-a yaxın mülki geyimli və polis işçiləri gəldi. Çox sərt və kobud şəkildə hədələməklə bizi kupedən çıxarıb heç bir səbəb göstərmədən polis idarəsinə apardılar. Orada da dedilər ki, güya qonşu kupedə kimisə narahat etmişik. Özümüzə də dedilər ki, çantalarınızdan nə istəsək çıxararıq, hal şahidləri dəvət edəcəyik. Hiss olunurdu ki, bizi qorxutmaq istəyirlər”.

Əməkdaşımız polisdə səfərlə bağlı sorğu-suala məruz qaldıqlarını dedi: “Bizdən səfərimizin məqsədi haqda soruşurdular. Ukraynaya Krıma getmək üçün gedirsinizmi? Bilmirsinizmi orada vəziyyət mürəkkəbdir? Nəyə görə ora gedirsiz kimi suallar verirdilər. Polisdə bizə 10-15 adam belə sistemli şəkildə çarpaz sualar verirdi. Orada Dərbənddən olan azərbaycanlı polis işçiləri də vardı. Onlar bizə dedilər ki, geri qayıtmaq haqda qərar verəriksə, bizə protokol tərtib etmədən geri qayıtmağımıza şərait yaradacaqlar”.

E.Salamoğlu dedi ki, bu axşan 22 radələrində Azərbaycan ərazisinə daxil olacaqlar. A.Hacılı və G.Aslanlı baş verənlərlə bağlı martın 11-də mətbuat konfransı da keçirəcəklər.

---

Mahaçqala Nəqliyyatda Daxili İşlər İdarəsindən APA-nın sualına cavab olaraq bildiriblər ki, Azərbaycan vətəndaşları Arif Hacılı və Gülağa Aslanlı artıq Bakıya geri qaytarılıblar. İdarədən onların hansı səbəbdən saxlanıldıqları barədə heç nə deyilməyib.

Hələlik A.Hacılı və G.Aslanlının polis idarəsindən buraxılıb-buraxılmadıqları haqda dəqiq məlumat yoxdur.

--------

“Yeni Müsavat”ın reportyoru Emil Salamoğlunun Musavat.com-a verdiyi məlumata görə, Mahaçqalada saxlanılan Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlı, eləcə də, Emil Salamoğlunun özü azad edilib. Lakin onlara səfərlərini davam etdirmək imkanı verilməyib. Saxlanılanlar nəzarət altında qatara mindirilərək, Bakıya qaytarılırlar.

***

Arif Hacılı APA-nın müxbirinə “məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin”, - deyib

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb. Bu barədə APA-ya A.Hacılı özü məlumat verib. O, “məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin”, - deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli APA-ya bildirib ki, A. Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: “Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar”.

Qeyd edək ki, hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər.

Musavat.com-dan: "Yeni Müsavat"ın reportyoru Emil Salamoğlu da Müsavat başqanının müavinləri ilə birlikdə Krıma gedir. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil.