Menu

ŞAİRLƏRİMİZİN AKADEMİYA DƏRDİ ...

22.03.2016, 19:25
ŞAİRLƏRİMİZİN AKADEMİYA DƏRDİ ...

etibarEtibar ƏLİYEV

“Şair, əgər o, həqiqi şairdirsə, borcludur ki, ürəyində “bilmirəm” sözünü yorulmadan təkrarlasın”

V. Şimborska

Baba Vəziroğlu Azərbaycanın üzdə olan adamlarından biridir. Lirik şeirlər yazır. Bizdə şeir yazanların çoxunun ortada olan bir cəhəti var: cəmiyyətin hər yerində görünürlər, istənilən məsələyə münasibət bildirirlər. Yaxşı ki, ümumdünya cazibə qanunu, yaxud nisbilik nəzəriyyəsini bilmirlər. Yoxsa fiziklərə də bu məsələlərdən danışmağa imkan verməzdilər. Yaxşı və pis şairləri təyin etmək bir o qədər çətin iş deyil: onun poeziyası və vətəndaş mövqeyi önə çəkilir, vəssalam, kimin kim olduğu o saat bilinir.

Böyük şairlərin yazdıqları esselər və söhbət etdiyi mövzular böyük maraq kəsb edir. Bizimkilərdə bu da yoxdur. Çünki bu qabiliyyətlər poeziyadan doğur. Bizim şairlərin çoxu, o cümlədən, Baba müəllim də özünü xeyli ərköyün aparır. Bir çox məsələlərdə müdriklik nümayiş etdirməyə çalışır. Bu yaxınlarda onun müsahibələrinin birində belə bir fikrə rast gəldim: “Təəssüflər olsun ki, Elmlər Akademiyası bu günlər elmdən başqa nə ilə desən məşğul olur”. Şair bu fikri yaradıcı təşkilatlarla AMEA-nı müqayisə edərkən deyib.

Azərbaycan Milli Elmlər Akademiyasını tənqid edənlərin sayı çoxdur. Bircə lirik şair çatmırdı. Bu qurum sizə nə edib, cənablar? Şairindən tutmuş müğənniyə qədər kim müdafiə edib, alim adı almaq istəyibsə, bura qaçıb. Özü də Akademiya elə “üzüyumşaq” qurumdur ki, heç kimə “yox” deməyib. Bəs siz niyə narazısınız?

Şair nə üçün elmə girişib? Nə dərdi var?

Şairlə digər sənət sahiblərinin ən gözəl fərqini 1996-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Vislava Şimborska verib: “Təsadüfi yol yoldaşları ilə müxtəlif söz-söhbətlərdə, harada ki, şair öz məşğuliyyəti barədə danışmağa məcburdur, o, təyin olunmamış “ədib”liklə kifayətlənir, yaxud ikinci ixtisasının adını çəkir. Poeziya elmləri doktoru yoxdur. Əgər belə olsa idi, şairlik peşəsi xüsusi təhsil tələb edərdi: imtahanlar vermək, əsaslandırılmış biblioqrafik izahatlar, nəhayət, təmtəraqla təqdim edilmiş diplom. Bu da öz növbəsində o demək olardı ki, hətta ən gözəl şeirlər yazılıb doldurulmuş dəftərlərin müəllifinin belə adlandırılmağa haqqı olmazdı, bunun üçün ən əsas şərt - möhür vurulmuş hansısa bir kağız parçası olardı”.

Bizdə ali təhsilsiz şair, demək olar ki, yoxdur. Bizdə şairlər var ki, dövlətdə babat vəzifələr tuturlar. Onlar üçün əsas göstərici Şimborskanın söylədiyi “möhür vurulmuş hansısa kağız parçasıdır”. O kağız parçası ki, onun sayəsində vəzifə tuturlar.

Haqqında söhbət gedən şair Baba Vəziroğlunun tutduğu vəzifələri saymaqla qurtarmaq olmaz. Ancaq bütün bunların elmlə bağlılığı yoxdur. Olsa idi, AMEA haqqında bu fikirləri söyləməzdi.

Akademiyanın ilk tərkibinə diqqət edin: Səməd Vurğun, Mustafa bəy Topçubaşov, Mirzə İbrahimov, Mirəsədulla Mirqasımov, Şamil Əzizbəyov, Heydər Hüseynov, Mikayıl Hüseynov, Yusif Məmmədəliyev və digər görkəmli şəxslər.

Bu elm məbədinin yaradılmasından 70 il ötməsinə baxmayaraq, bu dahilərin ruhu orada yaşayır. Bu mənada Akademiya haqqında danışanda hər bir kəs ehtiyatlı və məsuliyyətli olmalıdır.

Yaxşı ki, Baba müəllim, Akademiyaya lirik şeir, onun ardınca da mahnı bəstələməyiblər. Axı şair işləyən adamlar fikirlərində sərbəstdirlər. Şairliyə icazə verən rəsmi sənədə malik olmadığı üçün vaxtilə Brodskini “tüfeyli” elan eləmişdilər.

Bizim şairlərin də şairlik diplomları yoxdur. Lakin onların şeiri varmı? Brodski ilə onları müqayisə etmək olarmı? Bəs nə səbəbə cəmiyyətin hörmətli adamları hesab olunurlar?

Elmi sual olmasa da, qeyri-elmi də deyil! Şeir yazan hər kəs bu sualı özünə verməlidir: onun ədəbiyyata və ya elmə dəxli var, ya yox?!

Böyük şair Şimborskanın nəzərdə tutduğu şairlərdən fərqli olaraq bizimkilərin çoxu “bilirəm” sözünü təkrarlayırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol