“Ölkədə irimiqyaslı real iqtisadi islahatlar aparılımır”

Ədalət Partiyaının sədri, Milli Məcliin deputatı İlyas İsmayılov martın 14-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsində çıxış edib. Partiyanın Mətbuat Xidməti millət vəkilinin çıxışının mətnini yayıb.

Xatırladaq ki, İ.İsmayılovun çıxışından sonar onunla spiker Oqtay Əsədovun arasında sərt qarşıdurma baş verib. AzPolitika.info “Ədalət” sədrinin qalmaqala səbəb olan çıxışını təqdim edir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-ci ildə fəaliyyəti haqqında müzakirəyə çıxarılan hesabat ötən ildə ölkənin sosial-iqtisadi imkanlarının genişlənməsi, əhalinin maddi təminatı, həyat şəraitinin daha da yaxşılaşmasını əks etdirir. Bu ilki hesabatın tərtibatı da əvvəlkindən daha yığcam və əyanidir. Bununla yanaşı, diqqətinizi, zənnimcə, hesabatda aktuallığına uyğun yer almayan və problemli saydığım bir neçə məsələyə yönəltmək istərdim.

İlk əvvəl, əmək qabiliyyətli vətəndaşlarımızın 40 faizindən çoxunun çalışdığı aqrar sahə barəsində. Ötən il mən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı qeyd etmişdim ki, hesabatın kənd təsərrüfatına həsr olinmuş hissəsində bir dənə də olsun rəqəm göstərilməmişdir. Bu ilki hesabatda bu sahəyə 10 səhifə həsr olunmuş, ona aid bənddə müxtəlif rəqəmlər və cədvəllər yer almışdır. Rəqəmlər göstərir ki, bitkiçilik məhsullarının istehsalında yenə də müəyyən problemlər mövcuddur. Məsələn, ötən ilə nisbətən, bu il pambıq və tütün istehsalı 20%-ə yaxın azalmışdır. Hökumətin hesabatında bu azalmanın səbəblərinin təhlili və görüləcək stimullaşdırıcı tədbirlər haqqında bir məlumat yoxdur, halbuki, hesabatda tək faktiki vəziyyət yox, həm də bu cür geriləmələrin aradan qaldırılması üzrə görülən tədirlər əks olunmalıdır.

Bir çox çıxışlarımda mən ölkədə olan inhisarçılıq barədə söhbət açmışam, bir neçə oliqarx strukturların Azərbaycan istehlak bazarında hökmranlıq etdiyini və bu amilin vətəndaşların alıcılıq qabiliyyətinə mənfi təsir göstərdiyini qeyd etmişəm. Hesabatın 5 səhifəlik “Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi, qiymət və tarif siyasəti” bəndində ümumiyyətlə Antiinhisar siyasətinə aid bir cümlə də yoxdur! 5 səhifənin beşində də  ticarətdə və kiçik istehsal müəssisələrində aparılan yoxlamalardan, istehlakçıların buklet və elektron məktublar vasitəsilə maarifləndirilməsindən danışılır. Doğrudanmı bizim hökumət real antiinhisar siyasətində məmur-oliqarx strukturların qarşısında aciz qalıb?

Qayıdaq Hesabatın birinci fəslinə. Aydındır ki, real sektorda Ümumi Daxili Məhsulun manat və ya dollarla ölçülməsi dünya praktikası əsasında aparılır, lakin bizim halda bu yanaşma bəzi neqativ proseslərin diqqətdən kənarda qalmasına şərait yarada bilər. Məsələn, bir sıra sənaye və ya ərzaq məhsulunun, bir neçə növ xidmətin ÜDM-də payı artsa belə, bu artım sırf qiymət artımı hesabına yarana bilər, və bu, o deməkdir ki, real istehsal artımı baş vermir, yəni, onun fiziki parametrləri əvvəlki səviyyədə qalır. Deməli, real inkişafdan da danışmaq çətindir. Təkilf edirəm ki, məhsul istehsalına və xidmətlərə dair əsas makroiqtisadi göstəricilərin dinamikası növbəti hesabatda həm maliyyə, həm fiziki parametrlərlə ifadə olunsun.

Birinci fəslin digər bəndi ölkədə yoxsulluq səviyyəsinə həsr olunub. Burada əsas nailiyyət kimi yoxsulluğun 2013-cü ildə 5,3%-dək enməsi, yəni, 11 il ərzində təxminən 9 dəfə azalması göstərilir. Əgər ölkəmiz hələ də 80%-ə yaxın gəlirini neft hesabına əldə edirsə, yəni, qeyri-neft sektorunda məşğulluq və maaşlar əsaslı şəkildə artmırsa, orta statistik vətəndaşın gəlirləri nəyin hesabına  artır? Avropanın ən inkişaf etmiş ölkələrində yoxsulluq 13-15% arasında dəyişdiyi zaman, bizim bu 5.3%-ə inanmaq olarmı?

Ölkədə irimiqyaslı real iqtisadi islahatlar, demək olar ki, aparılımır. İqtisadi azadlıq, mülkiyyət hüquqları ilə bağlı problemlər azalmır. Gizli iqtisadiyyat hələ də kifayət qədər böyükdür – mütəxəssislər onu 30-50% arasında olduğunu qeyd edir, hərçənd, dövlət rəsmiləri onu 8-10% olduğunu bəyan edirlər. Bank sektorunun sahibkarlıq fəaliyyətinin genişlənməsinə xidmət etdiyi də böyük sual altındadır. Bu gün Azərbaycanda sahibkarlığın inkişafı üçün alına biləcək kreditlərin faiz dərəcəsi çox yüksəkdir – bu rəqəm illik 40%-ə çatır, halbuki, əkər ölkələrdə bu faiz 20-ni aşmır. Mən hələ iqtisadi fəaliyyət azadlığını, korrupsiyanı demirəm.

Ötən il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı mən hökumətin qarşılaşdığı problemlər və çətinlikləri göstərən ayrıca bir bəndin olmasını təklif etmişdim. Amma bu ilki hesabatda yenə də problemlərdən danışılmır, sanki hər şey yaxşıdır və ölkənin sosial-iqtisadi həyatında çətinliklər mövcud deyil. Mənə elə gəlir ki, problemlərin olmasını etiraf etsək, xalqımızın rifahı uğrunda birgə fəaliyyətimizin bəhrəsi daha da artmış olar.