Ukraynanın Rusiya ərazisinə mütəmadi zərbələr endirməsinə baxmayaraq, Kreml dəfələrlə hədə-qorxu gəlsə də, indiyədək taktiki nüvə silahından istifadə etməyib. Bu, dünyanın ən böyük nüvə arsenalının müasir müharibədə praktik dəyərinin məhdud olduğunu nümayiş etdirir.
“AzPolitika” xəbər verir ki, bunu Çinin Tsinxua Universitetinin Beynəlxalq Təhlükəsizlik və Strategiya Mərkəzinin baş elmi işçisi, politoloq Çjou Bo "South China Morning Post" qəzetində dərc olunmuş məqaləsində yazıb.
Analitik Ukrayna cəbhəsindəki durğunluğu təsvir edir və ritorik sual verir: taktiki nüvə silahları döyüş meydanındakı vəziyyəti dəyişə bilərmi? Çjou Bo özü belə bir ssenarinin reallaşması ehtimalının az olduğuna inanır. Onun sözlərinə görə, tarixi təcrübə göstərir ki, hətta nüvə silahına sahib olan dövlətlər belə qeyri-nüvə düşmənlərinə qarşı müharibələrdə avtomatik üstünlük qazanmırlar.
Müəllif həmçinin Moskvanın taktiki nüvə silahlarından istifadə etməkdən niyə çəkindiyini izah edir. O qeyd edir ki, döyüş bölgəsində, Donbasdakı nüvə partlayışı Rusiyanın öz ərazilərinə də yayılacaq radioaktiv çirklənməyə səbəb ola bilər. Üstəlik, Kreml rəsmi olaraq işğal edilmiş Ukrayna bölgələrini öz ərazisi hesab edir. Bu halda Rusiya “öz ərazisinə” nüvə silahı atmış olur və bu da belə bir zərbəni siyasi cəhətdən məntiqsiz edir.
Müəllif vurğulayır ki, "Nüvə partlayışı, hətta taktiki partlayış belə, yenə də nüvə partlayışıdır". Çinli analitik əmindir ki, belə bir addım Qərb sanksiyalarının əhəmiyyətli dərəcədə sərtləşdirilməsinə, Qlobal Cənub ölkələri ilə münasibətlərin pisləşməsinə səbəb olacaq və Rusiyanın nüvə silahlarının istifadəsinə qarşı çıxan Çin, Hindistan və Braziliya ilə tərəfdaşlığına ciddi zərbə vuracaq.
Eyni zamanda, Çjou Bo hesab edir ki, Kiyev daim Rusiyaya təzyiq göstərsə də, nüvə reaksiyasına səbəb ola biləcək xətti keçməməyə çalışır.
Çinli tədqiqatçının fikrincə, Rusiyanın nüvə arsenalının əsas funksiyası döyüş meydanında üstünlük deyil, strateji çəkindirmədir. O, NATO-nun müharibəyə birbaşa müdaxiləsinin qarşısını da məhz nüvə silahının aldığını düşünür.
"Ukraynadakı müharibə daimi nüvə təhdidi ilə müşayiət olunan ənənəvi bir münaqişədir. Uzunmüddətli, hərtərəfli həll yolu hələ də tapılmadığı və rəsmi atəşkəs görünmədiyi üçün bu, bir "əbədi müharibə"yə çevrilə bilər", - deyə analitik yekunlaşdırıb.
Qeyd edək ki, son açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski qışda Ukraynadakı müharibə ilə bağlı iki ssenarinin olduğunu deyib: ya sülh danışıqları, ya da eskalasiya. Həmçinin, kəşfiyyat məlumatlarına görə, Putinin ətrafında iki düşərgə var: biri iqtisadi çöküş səbəbindən müharibəyə son qoyulmasını tələb edir, digəri isə onun davam etdirilməsində israr edir.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər