Menu

İlyas İsmayılovun yada saldığı həqiqətlər

19.03.2014, 15:38
İlyas İsmayılovun yada saldığı həqiqətlər

Nurəddin İSMAYIL

Millət vəkili, Ədalət partiyasının sədri İlyas İsmayılovla Milli Məclisin sədri Oqtay Əsədovun Məclisin iclasındakı qalmaqallı dialoqu parlamentdə yaşanan qeyri ciddiliyə az da olsa ciddilik gətirdi. Bu insidenti həddini aşan spikerlə ona öz həddini bildirən millət vəkili arasında yaşanan və ən çox yadda qalan hadisə kimi dəyərləndirmək olar.

Milli Məclis sədrinin bir qayda olaraq parlament iclaslarında əndazəni aşan, həmkarlarını susdurmağa hesablanan, hökumətiin tənqidinə yönələn fikirlərin qarşısını almağa xidmət edən bir sıra çıxışları çox vaxt susqun deputatlar tərəfindən cavabsız qalsa da, bu dəfə İ.İsmayılovun sərt təpkisi ilə qarşılandı. Hörmətli millət vəkili spiker tərəfindən şəxsinə qarşı yönəlik sayqısızlığı və təhqiramiz ifadələri çavabsız buraxmadı və topluma aydın olsun deyə onun spikerə yaraşmayan davranışlarını təhlil edən mətbu açıqlma ilə çıxış etdi.

Müsahibə xarakterli həmin açıqlama, əslində spikerə verilən sərt cavab olmaqla yanaşı, həm də oxuculara Azərbaycan parlamentinin hansı yollarla formalaşdırılmasını, orada hökm sürən siyasi savadsızlığı, parlamentin Prezident Administrasiyasından gələn təlimatlarla idarə olunmasını, hakimiyyətin qanunverici qanadı olan bu sahədə qanunların necə kobud şəkildə pozulmasını, Milli Məclisdə oturanların adi siyasi və hüquqi bilgilərdən uzaq olduğunu bir daha ortaya qoydu.

İlyas müəllimin qaldırdığı məsələlər müxalif düşərgənin zaman-zaman səsləndirdiyi fikirlərlə üst-üstə düşür və təqdirə layiq haldır ki, İlyas müəllim bu məsələni cəsarətlə parlament kürsüsündən bəyan edir. İ.İsmayılov onun tənqidi çıxışlarına dözümsüzlük göstərən, spiker kürsüsünün boy ucalığından yararlanıb öz həmkarına qarşı boy göstərən parlament sədrinə hüquqi dillə və siyasi mədəniyyətlə o fikrləri anladır ki, burası bazar deyil və kimlərsə də parlamentdə “bazarkom” rolunda çıxış etməməlidir. Hər bir millət vəkilinin haqqıdır ki, təqdirə layiq işlərlə bərabər hökumətin tənqidə layiq işlərini də gündəmə gətirsin.

Görünən odur ki, İ.İsmayılovun Konstitusiyanın 85-ci maddəsinin tələblərinin pozulması hesabına rektorların millət vəkili statusuna yiyələnməsinın qanuna zidd olması, bir çox deputatın qeyri-qanuni biznes fəaliyyəti ilə məşğul olması, namizədliyinin irəli sürülməsi zamanı öz gəlirlərini gizlətməsi barədə qaldırdığı məsələlər kimlərisə narahat edir və bu səbəbdən də istənilən tənqidi çıxış spiker tərəfindən süngü ilə qarşılanır.

İ.İsmayılov çox düzgün qeyd edir ki, rektorların və digər ödənişli sahələrdə çalışan şəxslərin eyni zamanda millət vəkili olması əslində rüşvət və korrupsiyaya münbit zəmin yaradır. Axı onlar hansı üstün keyfiyyətlərə, hansı əvəzolunmaz qabiliyyətlərə malikdir ki, bir neçə vəzifə daşımaqla yanaşı, həm də millət vəkili statusuna yiyələnsin. O, hansı rektordur ki, adı rüşvətdə hallanmasın, o, hansı hakim, prokurordur ki, rüşvət və korrupsiya bataqlığına yuvarlanmasın. Nə üçün başqa ölkələrin parlamentlərində bu neqativlər, rüşvət və korrupsiya faktları müzakirə predmeti olduğu halda bizdə adi tənqidi çıxışlara bu qədər dözümsüzlük nümayiş etdirilir?

Hakimiyyət bölgüsünün düzgün təşkil edilməməsinin nəticəsidir ki, Milli Məclis öz qanunverici funksiyasını layiqincə yerinə yetirə bilmir, parlament qarşısında hesabatlı olanlar millətə hesabat verməyi özünə yaraşdırmır, millət vəkilləri seçici sorğuları ilə bağlı olaraq nazirlərin qəbulunda saatlarla gözləməli olur. Spiker O.Əsədov tənqidi fikrirlər səsləndirən millət vəkillərini susdurmaq, onları aşağılamaq cəhdində bulunmaqdansa, ipə-sapa yatmayan nazir və oliqarxların millət vəkillərinə qarşı nümayiş etdirdikləri sayqısızlıqları aradan qaldırmaq haqda düşünsə daha yaxşı olar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol