Menu

Getməyə gəldik

17.03.2014, 00:28
Getməyə gəldik

Nurəddin İSMAYIL

Getməyə gəldiyini düşünən insan haqq dünyasına getməkdən əndişə duymaz. Biz ilahi aləmdən yenidən ilkin mənşəyimizə qovuşmaq üçün yer üzünə gəlmiş qonaqlarıq. Qonaq gəldiyi evdə qonaq olduğunu bildiyinə görədir ki, heç vaxt özünü ev yiyəsi kimi aparmır. O bilir ki, müsafiri olduğu evin sahibi onu əzizlədiyi qədər bu evdə qərar tuta bilər.

Biz qonağı olduğunuz dünya evinin müvəqqəti sakini olmaqdan çox, bu evin sahibi kimi özümüzü aparırıq. Hər şeyin sahibinin Allah olduğunu unudub özümüzü hər şeyə qadir Allah kimi təsəvvür edirik. Yəni təkəbbür göstəririk. İnsan, millət üçün ən böyük bəlalar da elə yekəxana anlamına gələn təkəbbür satmaqdən başlayır.

Təkəbbür başqalarının varlığına kölgə salır, onların kimlik haqqını aşağlayır ki, bu da Allah qarşısında insanın bərabərlik prinsipini pozur. Təkəbbür insanı sadəlik və təvazökarlıqdan uzaqlaşdırır və onu digər bəndələr üzərində hegemonluğa səsləyir. Hegemonluq hissi insanı ifrat material düşgünlüyə və başqalarının haqqını yeməyə sürükləyir.

Azərbaycan bu gün böyük əksəriyyətin bir qrup təkəbbür xəstəliyinə tutulmuş və millət üzərində hegemonluq iddiasında olan dövlət məmurlarının əsirinə çevrilib. Tutduğu vəzifənin məsuliyyətini dərk etməyən, oturduğu kürsünün qədr-qiymətini bilməyən, Allah sevgisindən uzaq, qanunlardan aralı düşmüş bu tip insanlar havasını udduğu vətənin, zəhmətindən bəhrələndiyi vətəndaşın xidmətində durmaqdan şərəf duymaqdansa, vətənə və vətəndaşa istismar obyekti kimi baxır, hər kəsi öz şeytani nəfsinə qurbanlıqdan qəbul edir.

Adam ya qorxar, ya da sevər. Himayədarlıq onları qorxudan, qəlb korluğu sevgidən məhrum etmiş. Bu səbəbdən çəkinmədən, ehtiyat etmədən və nankorluqla nə istəyirlərsə onu da edirlər. Unudurlar ki, Allahın gözəl adlarından biri də Qəhhardır. Yəni qəhr edəndir. Olsun ki, qanunlar vecə alınmasın, olsun ki, bəndə aktivliyi bu hegemonluğun qarşısını almaqda müvəqqəti acizlik çəksin. Lakin zalımı, ədalətsizi və yolundan azmışları hər iki aləmdə qəhr etmək gücündə olan böyük Allah var.

Kara gəlməz. Nə qan bahasına yığdığınız sərvət, nə əldə etdiyiniz şeytanı güc, nə haram yollarla əldə etdiyiniz paralar hesabına üz qoyduğunuz Həcc yolu, nə rəhbər adı, nə mömin titulu. Mayası şərdən yoğrulan heç bir məqam, insan istismarından əldə edilən heç bir sərvət kimsəni etdiyi ədalətsizlikdən, insanına, millətinə yaşatdığı zülmdən sığortalaya bilməz.

Ey bədən əndazəsindən, ağıl dairəsindən kənar düşən məmur kimsənələr! Ey özünü padişahlıq içində yarım padişah kimi aparan icra başçıları! Ey Azərbaycan insanının haqq tərəzisini sındıran ədalətsiz hakimlər, ey əmniyyətimizi etibar etmədiyimiz üzdən iraq hüquq mühafizəçiləri , ey qanunverici hakimiyyəti hörmətsiz-urvatsız günə salıb ali icra hakimiyyətinin ayıbını yamaqlıyan layiqsiz parlament yetkililəri! Haqqa gəlin, təkəbbür və millətüstü hegemonluqdan əl çəkin, zülm və ədalətsizlikdən əl götürün!

Təkəbbür göstərməklə, milləti aşağılamaqla ucalmaq olmaz. Ucalıq millətinən, xalqınandır. Siz də xəlq olunmuşlarsınız. Xəlq olunmuşların ən şərəflisi insandır. Şərəfli insan adına layiq olun. Soyu soyundan, dili dilindən, laylası, nəğməsi eyni bulaqdan qaynayan, biri digərinin yaşamasına vəsilə olan həmdaşlarınızı, mənsub olduğunuz milləti həqarətdən saqının. Bil ki, aşağıladığın, həqarət etdiyin insanların oğurlanmış səsidir sizə kürsülərdən təkəbbür satdıran. Onların halal haqqındandır əcnəbi banklara yatırdığınız paralar, tikdirdiyiniz villalar, saymazyana sürdüyünüz lüks maşınlar.

Nemətlər qudurğanlıq üçün yaradılmadı. Nemətlər onu yaradan uca Allaha şükranlıq üçün yaradıldı. Təkəbbür sizi şükranlıqdan uzaq saldı, öz qövmü üzərində hökmranlığa sövq etdi. Təkəbbür sizi millətdən ayrı saldı. Ayrılıqda, millətdən kənar insan necə xoşbəxt ola bilər axı?! Qəbristanlığa ayaq qoyanda məsum görkəm almağa nə var ki... Qəbr əzabı yaşatdığınız məsum insanların halını düşünün. Nədən eyni çatı altında bu qədər təzadlı qütbləşmələr, nədən vətən adlı bir ananın övladı ikən bu qədər özgəliklər, nədən Azərbaycan davasını unudub Əhməd-məhməd davasında əriyib itmək, nədən əjdaha ağızlı xarici güclərin təhdidi altında qalıb da, cılız hakimiyyət davasını bu qədər qabartmaqdan usanmamaq.

Ey şeyxülislam, material dünyadan nə vaxt qopub sidq ürəkdən ümmətini mənəvi saflığa, ilahi ucalığa səsləyəcəksən?!

Ey nuru, ziyası öləziyən alim, nə vaxt elmin gücü ilə millətini millətlərin baş sırasına düzəcəksən?

Ey şair, nə vaxt üzünə gülümsəyən güllərdən əl çəkib, gülləri solmuş Azərbaycan həqiqətlərini şerin dili ilə bəyan edəcəksən?

Ey anoloqu olmayan təkəbbürlü siyasi, nə vaxt milləti əzmək siyasətindən əl götürüb, işğal altında qalan torpaqların azadlığı üçün millət iradəsi göstərəcəksən?!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol