Menu

Qınından çıxıb, qınını bəyənməyən deputat

01.04.2014, 18:41
Qınından çıxıb, qınını bəyənməyən deputat

Nurəddin İSMAYIL

ANS telekanalının “Bahar səhəri Rövşanə ilə” verilişində deputat Etibar Hüseynov qaçqın və məcburi köçkünləri və bütövlükdə Azərbaycan xalqını təhqir edən, milli kimliyini, mədəniyyətini, izzəti- şərəfini aşağılayan fikirlər səsləndirib. Aparıcının yerinə olsaydım bu səviyəsiz, cılız, idbar fikirlərin Azərbaycan coğrafiyasından kənara yayılmasına imkan verməz və manqurtluğun mücəssiməsi olan bu əbləh çıxışı durdurardım. Amma yaxşı ki, kəsmədilər və xalqımız “milli” jirinovskiləri tanıya bildi.

Adam çıldırdığından nə danışdığının fərqində deyil. Rus qafalı, yəhudi xiffətli, erməni xislətli olmalısan ki, nəinki paytaxt Bakısından, hətta ən ucqar guşəsindən belə dünyaya böyük dahilər, mədəniyyət xadimləri, elm fədailəri təqdim edən Azərbaycan xalqının bəşəri uğurlarını ayrı-ayrı millətlərin ünvanına şamil edəsən.

Özünü inkarçılıq, milli, mədəni dəyərləri qaralamaq, sanki dəbə düşüb. Millətdən olanlar, millətin səsini oğurlayıb kürsü, məqam əldə edən kimi milləti inkar edir, onu səviyəsizlikdə günahlandırır və bizə düşmən kəsilən, kökü, soyu bilinməyən millətləri millətimizin fövqünə qaldırırlar.

Bir vaxtlar kinorejisor R.İbrahimbəyov da Milli mədəniyyətmizi paytaxt səviyyəsinə endirərək Bakı mədəniyyətinin kökündə erməni, rus, yəhudi faktorunun durduğu barədə qalmaqallı fikirlər səsləndirmiş, Ermənistan və Qarabağdan gələn qaçqın kütləsinin gəlişi ilə Bakının etnik mozaikasının dəyşdirildiyini “ürək yanğısı” ilə dilə gətirmişdir.

Bu yanlışlığı yazıçı Ə.Əylisli də davam etdirmiş və yazdığı “Daş yuxuları” əsərinin dili ilə ermənilərin məsum, mədəni, azərbaycanlıların isə günahkar və qeyri-sivil obrazını yaradaraq, düşmən dəyirmanını hərəkətə gətirən bol su ilə təchiz etmişdir.

Azərbaycanı odlara qalayan, törətdiyi vəhşiliklərin ortada qalan tablolarından dünyanın heyrətə gəldiyi erməni caniliyini bir tərəfə buraxıb, Azərbaycan xalqının vəhşi obrazını “Daş yuxular”da dilə gətirən Ə.Əylisi hay-küyündən qulaqlar səngiməmiş, millətimiz onun varlığını inkara duran, mədəniyyətimizin, mənəviyyatımızın guya erməni, rus, yəhudi faktoruna görə formalaşdığını və onlar səhnədən gedən kimi bu mədəniyyətin də yox olduğunu nankorcasına dilə gətirən E.Hüseynov qarayaxması ilə üz-üzə qaldı. Təbii ki, layiqli insanlar tərəfindən onun cavabı veriləcək, dövlət ərkanı Ə.Əylisinin titullarını ləğv etdiyi kimi, onu da layiq olmadığı deputat kürsüsündən məhrum etmək barədə ölçü götürəcək.

Amma niyə belə olmalı, niyə mədəniyyətdən dəm vuran kimsələr, onu mədəni səviyyəyə çatdıran milləti mədəniyyətsizlikdə suçlamalıdır? Azərbaycanda hökm sürən məzhəb davalarına, şəhər-ucqar qarşıdurmasına, regionçuluq xəstəliyinə nə vaxt son veriləcək? Adam deyir ki, Qarabağdan gələn qaçqınlar (yəqin ki, öz bölgə mənsubiyyətinə görə Qərbi Azərbaycan köçkünlərini bu məsələyə qatmaqdan ehtiyatlanıb) 60-70-ci illərdən erməni, rus, yəhudilərin hesabına formalaşan Bakı mədəniyyətini pozdular, özləri ilə bərabər ucqarların etik pozqunluqlarını, aşağı mədəni səviyyəsini, elmsizliyini və ac-yalavac halətini paytaxta gətirib, mədəni mühiti korladılar. Bu məntiqsizlikdən ortaya gələn fikir odur ki, mədəni olmaq üçün yalnız Bakıda, Moskvada və ya digər bir ölkənin paytaxtında doğulmalısan.

Bakı hamımızın üz tutduğu və candan sevdiyi paytaxt şəhərimizdir. Lakin ucqardır, əyalətdir deyib Azərbaycanın bölgələrini geri qalmış mədəniyyət nümunəsi kimi təqdim etməyin özü mədəniyyətsizlikdir. Bütün dünyada musiqi akademiyası, mədəniyyət beşiyi kimi tanınan, xanı, bəyi, bəyzadələri ilə hər əsərdə iz buraxan Qarabağ elim, nədən bir tipin dilində mədəniyyətsizlik, elmsizlik ocağı kimi təsvir edilsin? Nədən Azərbaycan elminə, mədəniyyətinə, siyasətinəən böyük şəxsiyyətlər təqdim edən, bütöv Azərbaycan mədəniyyətinin formalaşmasında əvəzsiz payı olan Qərbi Azərbaycan bölgəsi öz qınından çıxıb qınını bəyənməyənlərin dilində həqarətlə anılsın?

Azərbaycanın dəyər-qiymətini onu candan sevənlər, tarixini, mədəniyyətini, uca şəxsiyyətlərinin keçdiyi yolu dərindən izləyənlər bilər. Qədr-qiymətsizlərin, özünü dərkdən uzaqların, millətinə xor baxanların, milli birlik deyil, kürsü, məqam güdənlərin millətimiz haqqında etdiyi laflar yel-qaya toqquşmasına bənzər. Çox uğursuz cəhdlər edilə bilər, bəd yellər əsər, amma bunlar hər qayası milli mətanət rəmzi daşıyan Azərbaycanımızın ucalığına, bütövlüyünə xələl gətirə bilməz. Karvan səsə-küyə baxmadan yolunu getsə gözəl.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol