Tailand məhkəməsi çəltik istehsalına dəstək proqramı çərçivəsində dövlətə milyardlarla dollar zərər vurmaqda günahlandırılan sabiq baş nazir Yinqlak Çinnavatın 1 milyard dollar cərimə olunması barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, Yinqlak məhkəmədən sonra jurnalistlərə verdiyi açıqlamada faktı təsdiq edib.
Danışarkən göz yaşlarını saxlaya bilməyən 49 yaşlı xanım siyasətçi yuxarı instansiyalara şikayət edəcəyini deyib.
Qeyd edək ki, yaradılan komissiya Yinqlakın dövründə sözügedən proqramın dövlətə 8,2 milyard dollar ziyan vurduğunu, bunun da 5,8 milyardının keçmiş baş nazirin dövrünə təsadüf etdiyini açıqlayıb.
Xatırladaq ki, 2011-2014-cü illərdə ölkənin baş naziri olan Yinqlak Çinnavat çəltik istehsalçılarına dəstək proqramı tətbiq etmişdi. Dövlətin məhsulu istehsalçıdan bazar qiymətindən iki dəfə baha almasını nəzərdə tutan proqram xalq tərəfindən böyük məmnuniyyətlə qarşılansa da, sonradan milyardlarla dollar dövlətə ziyan vurmuşdu.


Şərhlər