Məhəmməd Talıblı: «Problemli kreditlər ilin sonuna 8-10 faizə yaxınlaşa bilər»

Mərkəzi Bankın 2014-cü ilin birinci rübünə dair açıqladığı məlumatlardan aydın olur ki, ölkəmizdə problemli kreditlərin həcmində yenidən artım baş verir.Kredit təşkilatlarından verilən kreditlərin həcmi 2014-cü ilin aprelin 1-nə olan məlumata görə, 15,941 milyard manatdır. Onun 853,7 milyon manatı, yəni 5,4 faizi vaxtı keçən kreditlərdir. Statistika göstərir ki, 2014-cü ilin əvvəlinə qədər problemli kreditlərin xüsusi çəkisində azalma olub. Əgər 2013-cü ilin əvvəlində problemli kreditlərin xüsusi çəkisi 6,1 faiz idisə, ilin sonunda 5,1 faizə enib.

Ancaq 2014-cü ildən problemli kreditlərin xüsusi çəkisində azalma yerini artıma verib. Yanvarda problemli kreditlərin xüsusi çəkisi 5,2 faizə, daha sonra 5,3 və 5,4 faizə yüksəlib.

Xüsusi çəki ilə bərabər problemli kreditlərin həcmi də artır. 2013-cü ilin ilk rübü ilə müqayisədə 2014-cü ildə problemli kreditlər 177,1 milyon manat artıb. Bir il əvvəl problemli kreditlərin həcmi 760,8 milyon manat olduğu halda bu il aprelin 1-nə 853,7 milyon manata yüksəlib.

Istehlak kreditlərinin həcmi ilə bərabər xüsusi çəkisi də artır. 2013-cü ilin sonunda cəmi kreditlərin 40,3 faizini istehlak kreditləri təşkil edirdisə, 2014-cü ilin birinci rübünün yekununda bu rəqəm 40,8 faizə yüksəlib. Aprelin 1-nə kimi istehlak kreditlərinin həcmi daha 152 milyon manat artaraq 6,51 milyard manata çatıb.

Problemli kreditlərin artmasının səbəbi nədir və bu əslində nədən xəbər verir? Bunu əhalinin həyat səviyyəsinin aşağı olması ilə izah etmək olarmı?

Iqtisadçı-ekspert Məhəmməd Talıblı "Azadlıq" qəzetinə bildirib ki, problemli kreditlərin artmasında çoxsaylı amillərin çıxış etdiyini deyir. Əhalinin sosial-iqtisadi durumunun aşağı olmasını da xüsusi qeyd etmək lazımdır. Burada xüsusilə bahalı faiz dərəcələri və bankların istismarçı xarakterləri dayanır. Yəni istehlak kreditlərinin hər 10 manatdan 4 manatının təşkil etməsi ondan xəbər verir ki, əhali sadəcə istehlak krediti altında özünün problemlərini ertələyərək vaxt və pul itirmək məcburiyyətində qalır. Belə ki, alternativ maliyyə mənbələrinə çıxış imkanlarının olmaması insanları ağır şərtlərlə kreditləri götürmək məcburiyyətində qoyub. Başqa sözlə, bahalı kreditlərdən istifadə insanlarımızı kredit bataqlığına salıb: “Əslində, bu rüb ərzində gözləyirdim ki, istehlak kreditlərinin həcminin azalması baş verəcək. Yeni avrostandartlarla ölkəyə idxal olunan avtomobillərin azalması istehlak kreditlərinin həcmində azalmalar ilə müşahidə olunacaq. Amma görünür ki, avtomobillərin idxalında azalmaların baş verməsi istehlak kreditlərinə təsir edib, amma vətəndaşlarımızın istehlak kreditlərindən istifadə səviyyəsi yüksəlib. Demək, bu dəyişən şərtlər daxilində istehlak kreditlərinin azca artmasından deyil, müəyyən dərəcədə yüksəlməsindən danışmaq daha doğru olardı”.

Ekspertin sözlərinə görə, bir müddət öncə avtomobillərlə bağlı qəbul olunmuş kreditlərin məhdudlaşdırılması şərtləri də problemli kreditlərin durmadan artmasının qarşısının alınmasına və onu minimumlaşdırmağa hesablanmışdı: “Proqnozlarıma görə, ilin sonuna istehlak kreditlərinin həcmi 20-30 faiz artacaq. Çünki mövcud olan monetar tendensiyalar və kredit ”aclığı" bu artımı təşviq edir. Istehlak kreditlərinin, o cümlədən problemli kreditlərin həcminin yüksəlməsinə əsas səbəb lüks mallar, elektrotexika mallarının zəif nağd pulla satışının çətinləşməsidir. Onların da kütləvi olaraq kreditlə satışı əhalinin hansı çətin durumda olmasının göstəricisidir. Problemə kompleks yanaşsaq, məlum olur ki, çoxtərəfli sosial-iqtisadi dəyişmələr bu sahədə vəziyyəti daha kritik həddə yaxınlaşdıracaq. Mümkündür ki, ilin sonuna problemli kreditlərin səviyyəsi 8-10 faizə yaxınlaşsın".