“Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etməyimə, Azərbaycan vətəndaşlarının Ermənistana və işğal olunmuş ərazilərə getməsinin qadağan olunması məsələsini dəfələrlə qaldırmağıma baxmayaraq, buna heç bir reaksiya verilmir”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev “Media forum” saytına belə deyib.

Qüdrət Həsənquliyev hesab edir ki, işğal olunmuş ərazilərin statusu, ora gedib-gəlmək və digər məsələlər qanunla tənzimlənməlidir, bunun hüquqi bazası yaradılmalıdır. Deputat deyib ki, işğala məruz qalan bütün ölkələr işğal olunmuş ərazilərin statusu haqda qanun qəbul edib: “Rusiya Krımı yenicə işğal edib. Artıq Ukrayna Krımın işğalı ilə bağlı qanun qəbul edib, oranın hüquqi statusunu müəyyənləşdirib. Gürcüstanda, Moldovada belə qanunlar var. Dağlıq Qarabağ və ətraf ərazilər 20 ildən çoxdur ermənilərin işğalı altındadır, amma biz hələ də oranın hüquqi statusunu müəyyənləşdirməmişik. Bu məsələdə çox gecikmişik. Başa düşə bilmirəm işğal olunan ərazilər haqda qanunun qəbul edilməsinə niyə müqavimət göstərirlər”.

Deputatın fikrincə, hazırda Ermənistana, Dağlıq Qarabağa gedib-gəlmək, ermənilərlə əməkdaşlıq məsələsində bir xaotiklik var və bu, aradan qaldırılmalıdır: “Ermənistanla əməkdaşlıq quranları həbs edirlər, amma bu əməkdaşlığı qadağan edən qanunu qəbul etmirlər. Sanki məsələni insanların vicdanına buraxmışıq: yəni torpağımız işğala məruz qalıb, azərbaycanlılar qeyrət, vicdan göstərib Ermənistanla, ermənilərlə əməkdaşlıq etməməlidir. Bu, səhv yanaşmadır, belə olmamalıdır. Məsələnin qanunvericilik bazası yaradılmalıdır. Müvafiq dövlət qurumlarının razılığı olmadan Ermənistanla siyasi, iqtisadi, mədəni əlaqələr quran hər kəsin əməli işğalçı dövlətlə əməkdaşlıq kimi qiymətləndirilməlidir və həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmaldır. Hamı bunu bilməlidir və işğalçı ölkə ilə əməkdaşlıq qurmaqdan çəkinməlidir”.

Qüdrət Həsənquliyev bildirib ki, hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan siyasətçilərin əksəriyyəti “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanunun qəbul olunmasını dəstəkləyir.

Deputat qanun layihəsini yenidən Milli Məclisə təqdim etməyi mümkün sayır, amma layihəyə münasibətin dəyişəcəyini güman etmir: “Qanun layihəsini Milli Məclisə təqdim etmişəm. Əgər diqqət yetirilmirsə, bunu yenidən təqdim etməyin bir anlamı qalırmı? Amma təqdim edə bilərəm. Çünki hesab edirəm ki, qanun mütləq qəbul olunmalıdır”.

2011-ci ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Milli Məclisə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi təqdim edib. Layihəyə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərinin statusu müəyyənləşdirilməli və həmin ərazilərdə xüsusi hüquqi rejim tətbiq olunmalıdır.

Layihənin “İşğalçı dövlətlə münasibətlərin tənzimlənməsi” bölümündə deyilir: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan sülh danışıqlarında iştirak edən Azərbaycan Respublikasının mərkəzi icra strukturlarının, diplomatik nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müvafiq səlahiyyət verilmiş şəxslər istisna olmaqla təcavüzkar dövlətin dövlət və qeyri-dövlət qurumları, məhkəmə və qanunverici orqanları, siyasi partiyaları, ictimai birlikləri, kütləvi informasiya vasitələri, dövlət və özəl sahibkarlıq və qeyri-sahibkarlıq subyektləri və onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti daşıyırlar”.