Avropa Şurasının Nazirlər Komitəsi sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə qərarını açıqlayıb. Məlumatı “Media forum” saytına sabiq nazirin vəkili Toğrul Babayev verib: “Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü ilin mart ayında Əli İnsanovla bağlı qərar qəbul edib. Azərbaycan Ali Məhkəməsinin Plenumu həmin qərara baxıb və qərar qismən icra olunub. Avropa Məhkəməsinin qərarı tam icra olunmadığına görə Əli İnsanov Avropa Şurası Nazirlər Komitəsinə üz tutmuşdu.

Nazirlər Komitəsi Əli İnsanovun şikayətinə baxıb və Azərbaycan hökumətindən izahat tələb edib. Eyni zamanda Avropa Məhkəməsinin qərarını icra etmədiyinə görə Nazirlər Komitəsinin iyunun 3-5-də keçiriləcək iclasında Azərbaycanın məsələsini müzakirəyə çıxarmağı qərara alıb. İclasda Əli İnsanovun işi yenidən müzakirəyə qoyulacaq. Sabiq nazirlə bağlı qərar icra olunmadığına görə Azərbaycanın cəzalandırılacağı, Əli İnsanova təzminat ödənilməsi haqda qərarın qəbul olunacağı gözlənir”.

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanıb.