AzPolitika.İnfo-nun verdiyi xəbərə görə, ötən gün KXCP-nın qərərgahında Gələcək Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Artan neft gəlirləri, azalan demokratiya” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan neftoloq, Gələcək Azərbaycan Partiyasının Gənclər məsələləri üzrə müavini Məhəmməd Vidadioğlu Azərbaycandakı mövcud ictimai-siyasi durumun Azərbaycan xalqında Qərbin Azərbaycana enerji mənbəyi kimi yanaşdığını, Qərb üçün Azərbaycanda insan haqlarının heç də önəm daşımadığı rəyini yaratdığını bildirib. Məhəmməd Vidadioğlu əslində bunun belə olmadığını, hakimiyyətin belə təbliğat apararaq ictimaiyətdə ümidsizlik yaratmağa çalışdığını diqqətə çatdırmış, Qərbə səslənərək, Azərbaycan hakimiyyətinin apardığı təbliğatın heç də doğru təbliğat olmadığını nümayiş etdirməyə, Azərbaycanda insan haqları ilə bağlı yalnız bəyanatlarla, tövsiyyələrlə kifayətlənməyin yetərli olmadığını diqqətə çatdıraraq demokratik dünyanı Azərbaycandakı insan haqları ilə bağlı real hərəkətə keçməyə səsləyib.

Daha sonra söz alan keçmiş müdafiə naziri Rəhim Qazıyev isə öz çıxışında əsasən neft gəlirlərindən oğurlanmış pullardan danışıb, azərbaycanlıların da bu olanları bilə-bilə sakit durmasından təəccübləndiyini dilə gətirib. O, şəxsi münasibətləri qırağa qoyaraq, bütün siyasi partiyaların bir masa arxasına oturaraq səmimi birlik nümayiş etdirməsinə Azərbaycanda ehtiyac olduğunu bildirib. Eyni zamanda Azərbaycanın bütün siyasi qüvvələrinin, ziyalılarının, ekspertlərinin iştirakı ilə belə bir növbəti tədbirin peşəkarcasına keçirilməsini tövsiyyə edib.

Tədbirə skayp vasitəsilə NATO Əməkdaşlıq İnistitunun prezidenti Fərrux Məmmədov da qatılıb. O,  demokratiyanın dünya üçün artıq əsas prioritet olduğunu, enerji maraqlarının 2-ci planda qaldığını diqqətə çatdırıb. Fərrux Məmmədov 25 mayda Ukraynada keçiriləcək prezident seçkilərindən dərhal sonra Azərbaycanın dünyanın demokratik dövlətlərinin diqqət mərkəzinə çevriləcəyini də söyləyib. Fərrux Məmmədov özünün rəhbərlik etdiyi institutun 2014-2015-cü illərdə Azərbaycanla bağlı 5 beynəlxalq konfrans təşkil edəcəyini diqqətə çatdıraraq bu beynəlxalq konfranslara 44 ölkənin 500-dən artıq nüfuzlu insanının iştirak qatılacağını, Azərbaycanda Demokratik dəyərlərin qalib gəlməsi üçün çıxış yolları axtaracağını bildirib. Azərbaycanın demokratik qüvvələrinə lazımı diqqətin ayrılacağını konfrans iştirakılarının diqqətinə çatdıran NATO Azərbaycan İnistitunun prezidenti Fərrux Məmmədov Azərbaycanda insan haqlarının artıq enerjiyə alət olmayacağını bəyan edib.

Konfransda daha sonra çıxış edən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu hakimiyyətin artan neft gəlirlərinə güvənərək, Azərbaycanda insan haqlarına hörmətsiz yanaşmasından danışıb. GAP sədri NİDA-çı gənclərin, jurnalistlərin, inanclı vətəndaşların son həbslərini, eyni zamanda hüquq müdafiəçiləri Leyla Yunusa, Mətanət Əzizovaya qarşı təzyiqlərin artmasını buna misal olaraq göstərib. GAP sədrinin sözlərinə görə, belə davam edərsə, siyasi məhbusların sayının artacağını da gözləmək olar. Ağasif Şakiroğlu eyni zamanda, demokratik dünyanın Azərbaycanda baş verənlərə susqunluğunun aradan qaldırılmasının artıq zərurətdən tələbə çevrildiyini bəyan edib.

Konfransda çıxış edən digər siyasilər və hüquq müdafiəçiləri problemlə bağlı öz düşüncələrini bölüşərək, çıxış yolları ilə bağlı öz təkliflərini və düşüncələrini konfrans iştirakçıları ilə bölüşüb. Tədbirdə "Neft Gəlirləri və Demokratiya" mövzusunda aparılan geniş müzakirələrdən sonra 16 may tarixində bu konfransın davamının bütün siyasi qüvvələrin iştirakı ilə təşkil etmək qərara alınıb.

Bununla yanaşı, növbəti tədbirdə problemlərin müzakirə olunması və ictimailəşdirilərək bu mövzuda geniş bir kampaniyanın başladılmasına qərar verilib.

Ülkər Musazadə