Keçmiş metro rəisinin səsi niyə alınıb?
Vaxtilə jurnalistlərə qarşı kobud rəftarı ilə seçilən, onlarla “cızıllama”, “burcutma” deyə rəftar edən sabiq metro rəisinin vəziyyəti deyəsən doğrudan da yaxşı deyil. Vəzifədə olanda jurnalistləri təhqir etməkdən zövq alan T.Əhmədov indi nədənsə metrodakı yoxlamalar və yeyinti faktları ilə bağlı verilən suallara “bu barədə heç nə bilmək istəmirəm” deyə cavab verir. Nə oldu? Hanı o yekəxana və özündən razı rəis? Demək bunları ürəkləndirən tutduqları vəzifədir...
Nə isə, uzaga getmədən “Azpolitika”-ya daxil olan daha bir məlumatı nəzərinizə çatdıraq. Bizə çatan məlumata görə, metropolitenin ayrı-ayrı xidmətlərində yeni rəis tərəfindən aparılan araşdırmalar dəhşətli yeyinti faktlarını ortaya çıxarmaqda davam edir. Adına maaş yazılıb mənimsənilən “ölü canlar” barədə məlumat mətbuatda verilib. Daha sonra T.Əhmədovun bankdakı pullarını çıxara bilməməsi və “yuxarıların” buna qadağa qoyması ilə bağlı məlumat yayıldı. İndi də bizə daxil olan məlumatda deyilir ki, ciddi maliyyə mənbələrinə əl qoyulan T.Əhmədov ona məxsus obyektləri satışa çıxarıb. Təbii ki, bu obyektlər rəsmən onun adına deyil. Ancaq hər halda dəyəri milyonlarla ölçülən obyektlərin satışa çıxarılması pulunu bankdan çıxara bilməyən və özünün də xaricə çıxa bilib-bilməyəcəyi bəlli olmayan keçmiş rəisin durumunun heç də yaxşı olmaması barədə fikirləri bir qədər də gücləndirmiş olur. Çox guman ki, T.Əhmədov oğurladıqlarını geri qaytarmaq üçün obyektlərini satışa çıxarıb.
İnanın ki, bu məlumatı verməkdən xüsusi zövq almırıq və bunu yıxılanı baltalamaq üçün də etmiriik. Sadəcə, fikrimizcə, insan hansı vəzifədə və mövqedə olmasından asılı olmayaraq, özündən aşağılara qarşı Allahsızlıq etməməlidir və Tağı Əhmədovun başına gələnlər onun yolu ilə gedən digər məmurlar üçün ibrət dərsi olmalıdır... Hər necə olsa, metro stansiyalarındakı keçidlərdə min manatlarla pul verib satış nöqtəsi götürən və ayda min manat civarında yer pulu ödəyib ailəsinə qəpik-quruş aparan yetim-yesirin də Allahı var!
Demirik ki, T.Əhmədov onların yaşadıgı çətinliyi yaşayır. Ancaq Tağı Əhmədovun düşdüyü vəziyyət “Allahın barmağı yoxdur ki, insanın gözünü çıxarsın...” deyimini bir daha yada salır...
CƏLAL
“Azpolitika”
Tağı Əhmədovun "yaradıcılığından" seçmələr...

Şərhlər