Anlaşmanın şərtlərinə görə, Abdulla Abdullayev mənimsədiyi 3,5 milyon manatı dövlət büdcəsinə ödəməli və bunun qarşılığında azadlığa çıxmalı idi, lakin...

“AMAY” Ticarət Mərkəzinin sahibi, “Amay Abdulla” kimi tanınan Abdulla Abdullayevlə istintaq arasındakı anlaşma pozulub. Anlaşmanın şərtlərinə görə, A.Abdullayev mənimsədiyi 3,5 milyon manatı dövlət büdcəsinə ödəməli və bunun qarşılığında azadlığa çıxmalı idi. Bu barədə “Yeni Müsavat”a A.Abdullayevin yaxın ətrafından məlumat daxil olub.

Mənbə deyir ki, A.Abdullayev öhdəliyini yerinə yetirib: “3,5 milyon manat büdcəyə köçürülüb. Ancaq istintaq öz öhdəliyinə əməl etməyib. Yəni A.Abdullayev haqqında seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməyib”.

“Yeni Müsavat” ötən saylarında etibarlı mənbəyə istinadla A.Abdullayevlə istintaq arasında belə bir anlaşmanın olduğunu bildirmişdi. Hətta A.Abdullayev azadlığa çıxdıqdan sonra həbsinin qaranlıq məqamlarına aydınlıq gətirəcəyi və mətbuat konfransı keçirəcəyi barədə də məlumatlar var idi. Ancaq gözlənilmədən bu anlaşma pozulub. Anlaşmanın pozulması çox güman ki, istintaqın daha çox təzminat tələb etməsi ilə bağlıdır. Bununla belə, A.Abdullayevin həbsdə qalması ilə bağlı siyasi qərarın da olduğu istisna edilmir.

Mənbə bildirir ki, anlaşmanın pozulması A.Abdullayevin yaxın ətrafında məyusluq yaradıb: “AMAY-ın prezidenti həbs ediləndə onun bəzi yaxınları ölkəni müvəqqəti tərk etmişdi. Anlaşmadan sonra həmin şəxslər geri qayıtmışdı. İndi onlar qeyri-müəyyən vəziyyətdədir”.

A.Abdullayevin vəkili Əkbər Bağırov “Yeni Müsavat”a dolayısı ilə anlaşmanın pozulduğunu təsdiqləyib: “Müdafiə tərəfi olaraq hesab edirik ki, bu, mülki xarakterli, kredit münasibətlərindən irəli gələn bir işdir. Bu məsələ mülki qaydada həll olunmalıdır”.

Onun sözlərinə görə, müvəkkili haqda seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Bakı Apelyasiya Məhkəməsinə şikayət təqdim edib: “Binəqədi Rayon Məhkəməsi heç bir əsas gətirmədən şikayətimizi təmin etmədi. Müdafiə tərəfi olaraq həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət vermişdik. Abdulla Abdullayevə irəli sürülmüş ittihamları rədd edirik. Onun həbsi qanunsuzdur”.

Vəkil bildirib ki, müvəkkili Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə özü gedib: “İstintaq tərəfi məhkəməyə dəlil təqdim edə bilmir. Abdulla Abdullayev istintaqdan qaçıb gizlənməyib, heç bir şahidə, zərərçəkmişə təzyiq göstərməyib. O, həbsdə qanunsuz saxlanır, onun azadlığa buraxılması istintaqın işinə heç bir maneə törədə bilməz, əksinə, işin gedişinə daha ciddi kömək edə bilər.

Abdulla Abdullayevin işində cinayət tərkibi yoxdur, o, heç bir dövlət əmlakını mənimsəməyib, mülkü ələ keçirməyib. Bu işlərin hamısı mülki xarakterli işdir. Bizim istəyimiz odur ki, əsassız, qanunsuz həbsi aradan qaldıraq, heç olmasa Abdulla Abdullayev istintaq müddətində ev dustaqlığında olub, öz təqsirsizliyini sübuta yetirə bilsin. Əslində təqsirsizlik-təqsirlilik məsələsini istintaq orqanı sübut etməlidir. Sadəcə olaraq, elə bir vəziyyətə düşmüşük ki, məcburuq təqsirsizlik məsələsini özümüz sübut edək. Bu məsələ mülki mühakimə icraatı qaydasında olmalıdır. Abdulla Abdullayev və mən çox ümid edirik ki, bu işlər ölkədəki müdafiə vasitələri ilə həll olunacaq”.

A.Abdullayev bu il aprelin 4-də həbs edilib. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib. İlkin istintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu "AMAY" MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.