Jurnalistə müstəqil qəzetlər və ailəsi ilə görüş verilmir; onun və hüquq müdafiəçisinin isə şikayəti təmin olunmayıb

Dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən jurnalist Rauf Mirqədirovun apelyasiya şikayətinə baxılıb. Jurnalistin vəkili Fuad Ağayev “Yeni Müsavat”a bildirib ki, mayın 16-da Bakı Apelyasiya Məhkəməsində proses keçirilib və şikayət təmin olunmayıb: “Apelyasiya şikayəti həbslə bağlı idi. Amma təmin olunmadı”.

F.Ağayev R.Mirqədirovla görüşdüyünü, saxlanma şəraitindən narazılıq etmədiyini, amma ailəsi ilə ona görüş verilmədiyini qeyd edib: “Rauf Mirqədirovun qidalanma və saxlanma şəraitindən narazılığı yoxdur. Amma ona müstəqil qəzetlər verilmir. Ailəsi ilə də görüşə imkan yaradılmır. Mirqədirov əsasən bundan narazıdır. Onunla görüşürük və müdafiə taktikasını müzakirə edirik”. Vəkilin sözlərinə görə, apelyasiya şikayətinin ardınca iş Avropa Məhkəməsinə göndəriləcək.

Eyni gündə Bakı Apelyasiya Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunusun evində qanunsuz axtarış aparılması ilə bağlı şikayətə baxılıb.

Vəkili Xalid Bağırovun sözlərinə görə, şikayət təmin olunmayıb. Eyni zamanda Nəsimi rayon məhkəməsində hava limanına axtarışla bağlı qanunsuzluğa yol verilməsi barədə şikayətə baxılıb. Vəkil L.Yunusun istintaqa yenidən çağırılıb-çağırılmayacağını bilmədiyini əlavə etdi. Hüquq müdafiəçisinin pasportu prokurorluqda saxlanır.

Aprelin 19-da Rauf Mirqədirov yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur.

Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb. Aprelin 29-da isə Leyla Yunusun mənzilində axtarış aparılıb. Axtarışdan sonra Leyla Yunus azad buraxılıb.