“Azad rəqabət mühitinin formalaşması üçün hazırkı limitin aşağı salınması vacib bir addım olardı”
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov Azərbaycan Respublikasının Milli Məclisinin bu günkü iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında» məsələnin müzakirəsi üçün təkliflərini hazırlayıb. İclasda İ.İsmayılovun çıxış etməsinə vaxt çatmayıb. Buna görə də Ədalət Partiyasının mətbuat xidməti İ.İsmayılovun həmin çıxışını təqdim edir.
Bizə təqdim olunan “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında» qanun layihəsində qeyd olunur ki, iqtisadiyyatın qeyri-neft sektorunda real artım 10 faizə çatmış, onun ÜDM-də xüsusi çəkisi təxminən 3 faiz artmışdır. Digər əsas makroiqtisadi göstəricilər də inkişafın davam etməsini sübüt edir .
Bunula yanaşı, Azərbaycanın ixracında neft, qaz və neft məhsullarından asılılığın səviyyəsi 2013-cu ildə də, əvvəlki illərdə olduğu kimi, yenə 90%-ə yaxındır. Digər səbəblərlə yanaşı, ölkəmizin qeyri-karbohidrogen ixrac potensialının artmaması kiçik və orta biznesin inkişafa və ixrac fəaliyyətinə yönəldən və həvəsləndirən iqtisadi mühitin kifayət qədər sağlam olmamasıdır.
Hamıya bəllidir ki, bazar iqtsadiyyatlı ölkələrin inkişafı investisiya, vergi, kredit siyasəti ilə bağlı olduğu ilə yanaşı, istehsalat, emal, xidmət müəssisələri arasında aparılan sağlam rəqabətdən asılıdır. Bu baxımdan, Azərbaycanda biz buna hələ də nail olmamışıq. Bunun da əsas səbəblərindən biri ölkənin iqtisadi sistemində inhisarçı şirkətlərin və qrupların kiçik və orta biznesin inkişafında maraqlı olmaması, onlara maneçilik törətməsi, və, təəssüf ki, dövlətin bu proseslərə biganə qalmasıdır.
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun 4-cü və 13-cü maddələrinə əsasən bir şirkətin payı bazarda 35 faizdən çox olarsa, o, artıq inhisarçı sayılır. Bu qanuna 1997-ci ildə, 2001-ci ildə, 2002-ci, 2003 və 2004-cü ildə dəqyişiklik edilib, ancaq göstərilən 35% toxunulmadan saxlanılıb. Məhz bu rəqəmin ölkədə istehsala, kiçik və orta biznesin inkişafına stimul kimi təsir edəcəyi necə müəyyənləşib? Baxaq oturuşmuş iqtisadi sistemlərə. ABŞ-da istehsal sahəsində 6 faizdən çox paya sahib olan şirkətlər inhisarçı elan edilir. Avropada bu göstərici 15-20 faiz arasında dəyişir. Düşünürəm ki, azad rəqabət mühitinin formalaşması üçün hazırkı limitin aşağı salınması vacib bir addım olardı. Belə olarsa, ölkənin qeyri-neft sektorunda ildə 7-10%-lik yox, əsaslı canlanma baş verər.
Təbii ki, qanunda bir rəqəmin dəyişdirilməsi heç də o demək deyil ki, bundan sonra bütün işlər öz axarı ilə qaydasına düşəcək. İnhisarçılıqla mübarizə həm də korrupsiya və qiymətlərin süni artırılması ilə mübarizə deməkdir, deməli bu mübarizəyə müqavimət də çox güclü olacaq və bu müqavimət məhz dövlət tərəfindən sındırılmalıdır. Bu yolda dövlət daim iqtisadi inkişaf nazirliyinin, antiinhisar xidmətinin yanında olmalı, böyük lobbi imkanlarına malik inhisarçı şirkətləri qanuna və iqtisadi ədalətə dəvət etməlidir. Bu təklifə əməl olunarsa, düşünürəm ki, çox bir qısa zamanda biz qeyri-neft sektorunun daha güclü inkişafının, ölkənin ixrac potensialının artmasının və korrupsiyanın azalmasının şahidi olacağıq.
Qayıdaq rəqəmə. İnhisarçılıqla bağlı limitin müəyyənləşməsi rəqəmi havadan götürülməməlidir. Bunun üçün obyektiv, xarici mütəxxəssislərin iştirakı ilə, ciddi və hərtərəfli bazar tədqiqatı aparılmalı və onun əsasında yenə də obyektiv, bütün incəlikləri nəzərə alan rəqəm müəyyən edilməli, sonra isə bu meyar əsasında ciddi və müntəzəm iş aparılmalıdır.

Şərhlər